23 avqust 2025 23:18
127

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəisi vəzifəsinə namizəd məlum olub

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Anri Oxanaşvili istefa verib.

“İki sahil” xəbər verir ki, o, Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.

Bu barədə məlumat verən Baş nazir İrakli Kobaxidze bildirib ki, regiondakı mürəkkəb və çətin vəziyyət, ABŞ və Avropa İttifaqı ilə münasibətlər, həmçinin ölkə qarşısında duran təhlükəsizlik problemləri analitik yanaşma tələb edir. Bu baxımdan, Oxanaşvilinin vəzifəsi informasiyanın işlənməsi və milli təhlükəsizliklə bağlı tövsiyələrin hazırlanmasıdır.

İ.Kobaxidze, həmçinin vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze olacaq.

"M.Mdinaradzenin hüquq-mühafizə orqanlarında kifayət qədər uzunmüddətli iş təcrübəsi var, bu da Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrinin yerinə yetirilməsi üçün çox vacibdir”, – deyə Baş nazir vurğulayıb.

M.Mdinaradzenin namizədliyi yaxın vaxtlarda Gürcüstan parlamentinin müzakirəsinə təqdim olunacaq.

İ.Kobaxidze, parlamentin Mdinaradzeyə etimad göstərəcəyinə əmin olduğunu bildirib.