17 noyabr 2026 21:51
155

Müşfiq Məmmədli dövlət müəssisələrinin maliyyə nəzarəti və xaricdə təhsil proqramı ilə bağlı təkliflər irəli sürüb

Milli Məclisin deputatı Müşfiq Məmmədli 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı dövlət müəssisələrinin maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsi və xaricdə təhsil üzrə Dövlət Proqramının səmərəliliyinin artırılması ilə bağlı təkliflərini səsləndirib.
“İki sahil” xəbər verir ki, deputat çıxışında ilk növbədə 2027-ci ilin dövlət büdcəsi layihəsinin hazırlanması istiqamətində görülən işləri müsbət qiymətləndirib. Bildirib ki, təqdim olunan büdcə layihəsi ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə, dövlət qarşısında duran strateji vəzifələrə və vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədlərinə xidmət edir.
Müşfiq Məmmədli dövlət müəssisələrinin maliyyə intizamı məsələsinə toxunaraq Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət maliyyəsinin səmərəli idarə olunması siyasəti çərçivəsində Maliyyə Nazirliyi tərəfindən son dövrdə həyata keçirilən tədbirləri mühüm və vaxtında atılmış addımlar kimi dəyərləndirib.
Qeyd edib ki, artıq dövlət müəssisələrinin xalis mənfəətinin ən azı 30 faizinin dividend şəklində dövlət büdcəsinə yönəldilməsi mexanizmi müəyyən edilib. Eyni zamanda, dövlət müəssisələrinin borclanmaları üzrə ümumi limitin tətbiqi, maliyyə hesabatlılığının gücləndirilməsi və müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyinin genişləndirilməsi nəzərdə tutulur.
Deputatın sözlərinə görə, Maliyyə Nazirliyi hazırda 40-a yaxın dövlət müəssisəsinin idarəetmə şuralarında təmsil olunur, onlarla müəssisənin maliyyə göstəriciləri monitorinq edilir.
O bildirib ki, dövlət müəssisələrinin fəaliyyəti yalnız onların öz maliyyə nəticələri ilə məhdudlaşmır. Bu müəssisələrin borcları, zərərləri və səmərəsiz xərcləri son nəticədə dövlət büdcəsi üçün əlavə risklər yarada bilər. Bununla yanaşı, deputat hesab edir ki, nəzarət mexanizmləri yalnız dividend daxilolmalarının artırılmasına deyil, müəssisələrin real iqtisadi səmərəliliyinin yüksəldilməsinə də xidmət etməlidir.
Bu istiqamətdə iki təklif irəli sürən Müşfiq Məmmədli dövlət müəssisələrinin maliyyə dayanıqlılığı, borc yükü, rentabelliyi və büdcədən asılılıq səviyyəsi üzrə vahid qiymətləndirmə sisteminin formalaşdırılmasını, nəticələrin isə hər il Milli Məclisə təqdim olunmasını təklif edib.
İkinci təklif dividend siyasətinin tətbiqi zamanı müəssisələrin investisiya ehtiyaclarının və sosial funksiyalarının nəzərə alınması ilə bağlı olub. Deputat xüsusilə səhiyyə, təhsil və digər sosial xidmət sahələrində maliyyə qənaətinin xidmət keyfiyyətinin aşağı düşməsi hesabına əldə edilməməsinin vacibliyini vurğulayıb.
Çıxışında xaricdə təhsil üzrə Dövlət Proqramının əhəmiyyətinə də toxunan deputat Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən 2022–2028-ci illər üzrə Dövlət Proqramını ölkənin insan kapitalının inkişafına yönəlmiş mühüm strateji layihə kimi xarakterizə edib. O, proqram vasitəsilə gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alması, qabaqcıl elmi biliklərə və müasir texnologiyalara yiyələnməsi üçün geniş imkanların yaradıldığını bildirib və proqramın davam etdirilməsini dəstəklədiyini qeyd edib.
Müşfiq Məmmədli diqqətə çatdırıb ki, dövlətin xaricdə gənclərin təhsilinə yönəltdiyi vəsait yalnız təhsil xərci deyil, ölkənin gələcək intellektual və iqtisadi potensialına qoyulan sərmayədir. Buna görə də həmin sərmayənin nəticələri sistemli şəkildə qiymətləndirilməlidir.
Deputat qeyd edib ki, hazırda dünyanın aparıcı universitetlərində süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, mühəndislik, tibb və digər strateji sahələrdə təhsil alan istedadlı azərbaycanlı gənclər var. Əsas məsələnin isə onların əldə etdikləri bilik və bacarıqlardan ölkənin inkişafı naminə nə dərəcədə səmərəli istifadə olunması olduğunu vurğulayıb.
Bu baxımdan Dövlət Proqramının icrasının qiymətləndirilməsi zamanı yalnız təhsil alanların və məzunların sayının deyil, onların sonrakı məşğulluğunun, ixtisaslarına uyğun işlə təmin olunmasının və ölkə iqtisadiyyatına verdikləri töhfənin də nəzərə alınmasını təklif edib.
Müşfiq Məmmədli bununla bağlı üç konkret təklif səsləndirib.
Birinci təklif Dövlət Proqramı məzunlarının məşğulluğunun izlənilməsi və onların peşəkar potensialından istifadə üzrə vahid monitorinq mexanizminin yaradılmasıdır.
İkinci təklif dövlət müəssisələri, iri dövlət şirkətləri, universitetlər və elmi-tədqiqat institutları ilə Dövlət Proqramı arasında birbaşa əməkdaşlıq mexanizminin qurulmasıdır. Deputat strateji ixtisaslar üzrə məzunların işə cəlb olunması üçün şəffaf müsabiqələrin və məqsədli karyera proqramlarının tətbiqini zəruri hesab edib.
Üçüncü təklif isə xüsusilə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, biotexnologiya və müasir tibb sahələrində xaricdə təhsil almış mütəxəssislərin Azərbaycanda elmi və innovativ layihələrə cəlb edilməsi üçün əlavə stimullaşdırıcı mexanizmlərin nəzərdən keçirilməsidir.
Deputat çıxışında bu iki istiqamətin bir-biri ilə əlaqələndirilməsinin vacibliyini də vurğulayıb. Bildirib ki, bir tərəfdən dövlət müəssisələrinin maliyyə səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür, digər tərəfdən isə dövlət vəsaiti hesabına yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Bu istiqamətlər arasında daha güclü əlaqənin yaradılması mühüm əhəmiyyət daşıyır.
Onun fikrincə, dövlət müəssisələrinin modernləşdirilməsində, rəqəmsallaşdırılmasında, maliyyə idarəçiliyinin və korporativ idarəetmənin təkmilləşdirilməsində xaricdə təhsil almış gənc mütəxəssislərin potensialından daha geniş istifadə etmək mümkündür. Beləliklə, dövlətin insan kapitalına yatırdığı sərmayə dövlət müəssisələrinin səmərəliliyinin yüksəldilməsinə də xidmət edə bilər.
Sonda Müşfiq Məmmədli vurğulayıb ki, dövlət maliyyəsinin səmərəli idarə olunması yalnız xərclərə qənaət edilməsi deyil, ayrılan hər manatın ölkənin inkişafına maksimum fayda verməsinin təmin olunmasıdır.
Deputat 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini bildirib və səsləndirdiyi təkliflərin aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınmasını xahiş edib.