24 noyabr 2026 09:44
137

Şimali Koreya Pxenyandakı İsveçrə səfirliyini bağlamağı təklif edir

KXDR İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin bağlanmasını tələb edə bilər. Buna səbəb Bernin “Sondovon” beynəlxalq uşaq düşərgəsini sanksiyalar siyahısına daxil etməsidir.

“İki sahil” xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjonun Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) tərəfindən yayılan bəyanatında bildirilib.

“Yaxın günlərdə İsveçrənin diplomatik nümayəndəliyinin Pxenyandan çıxarılması məsələsinə hərtərəfli baxılması və müvafiq tədbirlərin görülməsi üçün Xarici İşlər Nazirliyimizə tövsiyə vermək niyyətindəyəm”, - deyə Kim Yo Çjon vurğulayıb.

O, İsveçrə hakimiyyətinin Ukraynadakı münaqişə ilə əlaqədar Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətləri uşaq düşərgəsinə də şamil etmək qərarını kəskin tənqid edib.

Koreya Əmək Partiyasının nümayəndəsinin fikrincə, bu cür addımlar KXDR-in suverenliyinin və vətəndaşlarının hüquqlarının pozulmasıdır.