23 avqust 2025 19:19
101

Finlandiya Ukraynanın NATO və ya Aİ-yə üzvlük hüququnu saxlamasını vacib hesab edir

Avropa ABŞ ilə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməkdə davam edir. Onlar yalnız atəşkəs və ya sülh əldə edildikdən sonra qüvvəyə minəcək.

“İki sahil” xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb yerli “Ykkösaamu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri avtomatik olaraq NATO Nizamnaməsinin 5-ci maddəsi ilə əlaqələndirilməməlidir. “Bunlar tamamilə fərqli təhlükəsizlik təminatlarıdır. Əsasən, münaqişə başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyinə, müstəqilliyinə, öz müqəddəratını təyin etməsinə və ərazi bütövlüyünə təminat verənlərdir”, - Stubb bildirib.

O vurğulayıb ki, indi təhlükəsizlik zəmanətlərinin nələri əhatə edəcəyini, kimin və necə iştirak edə biləcəyini müəyyənləşdirirlər: “Gəlin, çox da tələsməyək, Finlandiya mütləq hansısa məqamda iştirak edəcək, amma hələ dəqiq necə olacağını bilmirik”.

Siyasətçi qeyd edib ki, məqsəd Ukraynanın ərazi itirməməsini təmin etməkdir. “Ukraynanın öz müstəqilliyini, öz müqəddəratını təyinetmə hüququnu, yəni NATO və ya Avropa İttifaqına daxil olmaq hüququnu, güclü müdafiə qüvvələrinə malik olmaq hüququnu qoruyub saxlamasını çox vacib hesab edirəm və təbii ki, biz ərazi itkilərinə can atmırıq”, - o deyib.