Yalnız iki ölkə - Rusiya və Çin Ukraynada sülhün bərqərar olmasını istəmir.
“İki sahil” ERR-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə komissarının ofisi eksperti Kaja Kallasın müşaviri İndrek Kannik Vikerraadio-nun “Uudis+” verilişində bildirib.
Onun sözlərinə görə, Avropanı Ukraynada sülh danışıqlarından kənarlaşdırmaq mümkün deyil.
“Əslində, açıq şəkildə sülh istəməyən iki ölkə qalıb. Bunlardan biri Rusiyadır. Onun üçün indiki cəbhə xətti ilkin hədəfə uyğun gəlmir, buna görə də onlar bu sülh sazişini qəbul etmək istəmirlər. İkincisi isə, çox güman ki, Çindir. Çin Avropadakı münaqişənin davam etməsində maraqlıdır. Bir neçə ay əvvəl Çinin xarici işlər naziri Kaja Kallasla görüşündə açıq şəkildə dedi ki, Rusiyanın müharibəni uduzmasına imkan verə bilmərik. Çünki bu halda ABŞ diqqətini daha çox Sakit okean regionuna yönəldə bilər,” – o əlavə edib.
Kannik hesab edir ki, Rusiya və Çin istisna olmaqla, qalan bütün ölkələr prinsiplə sülhü dəstəkləyir.
Onun fikrincə, artıq dörd ilə yaxındır daha böyük bir ölkə ilə müharibə aparan Ukrayna da şübhəsiz ki, özünə uyğun şərtlərlə sülhə razılaşacaq.
Kannikin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin hələ də sülh prosesi ilə oynayır, amma indi ABŞ prezidenti Donald Tramp və Qərbin artan təzyiqinə görə daha çox səy göstərməyə məcburdur.
“Rusiya və Ukrayna arasında etimadsızlıq o qədər güclüdür ki, heç bir tərəf cəbhə xəttindən kütləvi şəkildə qoşun çıxara bilməz. Yalnız müəyyən faiz qoşunlar mərhələli şəkildə geri çəkilə bilər, amma böyük miqyaslı geri çəkilmə olmayacaq. Ukraynalılar yaxşı bilirlər ki, ruslar növbəti fürsəti gözləyəcəklər, ruslar da bilirlər ki, əgər Ukrayna onların zəif nöqtəsini hiss etsə, bundan istifadə edəcək. Buna görə, hətta sülhdən sonra da böyük geri çəkilmə gözlənilmir,” – deyə o izah edib.
O əlavə edib ki, Ukrayna artıq Avropaya çox vaxt qazandırıb və bu müddət ərzində Avropanın müdafiə sənayesi dirçəlməyə başlayıb, maliyyə vəsaitləri ayrılır. “Bu baxımdan bizim üçün yaxşıdır ki, Rusiyadan gələn real təhlükə dərhal yox, bir müddət sonra ortaya çıxsın – o zaman biz daha yaxşı mövqedə olacağıq,” – deyə Kannik bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”