20 avqust 2025 00:14
93

Generalı bu ağılda olanın...

Bir neçə gün  əvvəl Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov Azərbaycanı hədələyərək deyib  ki, “Birincisi, böyük qonşu ilə münasibətləri korlamaq üçün çox ağıl lazım deyil. İkincisi, münasibətlər korlansa, bundan Azərbaycan ziyan görəcək. Üçüncüsü, Rusiyadan karbohidrogen eksportu alınmayacaq. Diqqəti cəlb edən əsas məqam var, orada NATO-dan kimsə peyda olacaq. Bu, qəbuledilməzdir. Xatırladım ki, Ukraynada xüsusi hərbi əməliyyat məhz Ukraynanın NATO-ya qoşulmaq istəyinə görə baş verib, elə deyilmi? Qoy bundan sonra nə olacağını yaxşı düşünsünlər".

Bir ağacda oturub min budağı silkələyən qabalıqda babalarının arxasına beş təpik vuran general həyasızlıq edərək burnunu müstəqil dövlətlərin daxili işlərinə soxur. Bu, şovinizmdən, imperiya xislətindən irəli gələn qudurğanlıqdan başqa bir şey deyil. Yüz illər öyrəşdikləri ərköyünlüyü, imeriya iddialarını tərgidə bilmirlər.

Andrey Qurulyovun tipik “pyaniska” rus generalı reputasiyası nəzərə alınsa, onun dediklərinə ciddi əhəmiyyət verməmək də olardı. General nəhayət, başa düşməli idi ki, “böyük qonşu”, “böyük qardaş” məfhumları daha işləmir.  Ən azından Qurulyov bir hərbçi, general kimi nəyəsə yarasaydı, indi Dumada oturub boş-boş danışmaqdansa, cəbhədə olar, hansısa ordu birləşməsinə başçılıq edərdi. Ancaq məsələ ondadır ki, bu yararsız və yaramaz “general”a dil verən Kremldəki “bosslar”ı da ondan geri qalmır və Qurulyov tutquşu kimi məhz onların sözlərini təkrarlayır. Belə məlum olur ki, o nə hərbçi kimi, nə ağıllı adam kimi, nə də deputat kimi heç bir dəyərə malik deyil.

Göründüyü kimi, çıxışında  Azərbyacana dil uzadan general utanmadan Rusiyanın 1990-cı illərdə açıq qətliam, qırğın törətdiyi Çeçenistanı xatırladıb. Utanmır  ki, rus odusu cəmi yarım milyon əhalisi və heç bir müasir silahı, ordusu olmayan Çeçenistanla illərlə davam edən müharibə aparıb. Bir neçə dəfə biabırçı məğlubiyyətlərə uğrayıb və yalnız say üstünlüyü, amansız bombardımanlar, dinc əhaliyə qarşı qətliamlar, soyqırım hesabına çətinliklə orada özünə uyğun hakimiyyət formalaşdıra bilib. Lakin indinin özündə belə, Rusiya Çeçenistanda at oynada bilmir.

Çeçenistan müharibəsi onların üz qarasıdır. Bir ovuc vətənpərvərə qalib gələ bilməyən qurulyovlar ağıllı olsalar, Çeçenistan haqqında danışmaqdan çəkinərlər.

Yüngül beyin generalın kiçik Çeçenistanla iqtisadi, siyasi və hərbi potensialı  müqayisəyə gəlməz  güclü Azərbaycanı bərabər tutması onun axmaqlığından xəbər verir. O, bu rütbədə, bu məqamda hələ də başa düşə bilmir ki, Azərbaycan Rusiyanın daxilində bir subyekt deyil, güclü dostları olan, dünyaya inteqrasiya edən, sərbəst xarici siyasət yeridən, böyük enerji resurslarına və müasir silahlara malik bir dövlətdir.

Andrey Qurulyov özünü o səviyyəyə endirib ki, Solovyovdan, Simonyandan,  Medinskidən, Skababayevadan və digər “Kreml bülbüllərindən” heç nə ilə fərqlənmir.

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü, Vaşinqtonda dövlətimizin başçısına səmimi, xoş münasibət göstərilməsi general Qurulyov kimilərinə çox mətləbləri anlatmalı idi. Başa düşməli idi ki, dünyanın superdövlətinin rəhbəri ilə aparılan danışıqlarda Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi qəbul edilib. Vaşinqton görüşündə Azərbaycanla Ermənistan arasında sənədlərin imzalanmasında diktə edən tərəf ölkəmiz idi. Bizim bütün irəli sürdüyümüz tələblərin yerinə yetirilməsi nəzərdə tutulub. Həmin mərasimə otuz ildir ki, mane olan Rusiya və onun müttəfiqi İran dəvət olunmayıb. Kütbeyin qurulyovları yandırıb-yaxan da  budur.

Kremldəkilər nəhayət, anlamalıdırlar ki, xalqların taleyi ilə oynamaq olmaz. Dünənə qədər zəif hesab etdikləri ölkələr bu gün dünya miqyasında tanınırlar, xarici dövlətlərlə əməkdaşlıq edir, inkişafa nail olurlar. Belə inkişafın qarşısını daha heç nə ilə kəsmək mümkün deyil.

İndi elə zaman gəlib ki, hər kəs öz yerini bilməlidir, bilmək istəməyənə də bildirirlər.

Vəli İlyasov, “İki sahil”