Öz sahəsində dünyanın ən böyük və ən təsirli ilk üç sərgisindən biri olan IDEF-lə yalnız Türkiyə müdafiə sənayesinin inkişafına deyil, eyni zamanda, bir millətin müstəqillik yürüşünə, öz səmasında, öz qanadları ilə yüksələn hekayəsinə şahidlik edirik. Türkiyə müdafiə sənayesi bu gün 1380-dən artıq layihə sayı, 20 milyard dolları aşan dövriyyəsi və geniş məhsul çeşidi ilə dastan yazır. Sərgiyə olan marağın ildən-ilə artmasından böyük qürur və fəxarət hissi keçiririk.
“İki sahil” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda başlayan 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinın (“IDEF 2025”) rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, builki sərgidə 99 ölkə və beynəlxalq təşkilatdan 219 nümayəndə heyətini təmsil edən 937 qonaq iştirak edir.
“1000-ə yaxın yerli və 400-dən çox xarici firma quru, hava, dəniz, kosmos və kibertəhlükəsizlik sahələrində inkişaf etdirdikləri məhsulları 6 gün boyunca burada nümayiş etdirmək imkanı əldə edəcək. Bu il ümumilikdə 120 mindən artıq ziyarətçinin sərgiyə qatılması gözlənilir. Bu dəyərli görüşü yalnız kommersiya fəaliyyəti, müdafiə sənayesi sahəsində məhsulların tanıdıldığı və satıldığı beynəlxalq bir bazar kimi görmədiyimizi xüsusilə bilməyinizi istəyirəm. Həmişə dediyim kimi, məsələ sadəcə alış-veriş deyil. Əsas məsələ qazan-qazan prinsipi əsasında uzunmüddətli tərəfdaşlıqlar qurmaq, ticarətlə birlikdə davamlı əməkdaşlıqlar formalaşdırmaqdır. Türkiyə olaraq biz buna hazırıq və çoxşaxəli əməkdaşlıqlara açığıq”, - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan, başda müdafiə sahəsi olmaqla, IDEF 2025-in sektorlar və firmalar arasındakı əlaqələrə mühüm töhfələr verməsini, yeni əməkdaşlıqlara yol açmasını, dostluq və qardaşlığı möhkəmləndirməsini arzuladığını da sözlərinə əlavə edib: “Dünən sanksiyalara, ikili standartlara və diplomatik təzyiqlərə məruz qalan Türkiyə, bu gün müdafiə sənayesi məhsulları ilə dünya bazarlarına möhürünü vuracaq mövqeyə çatıb. 2024-cü ildə müdafiə və aviasiya sahəsində ixracımız 29 faiz artaraq 7 milyard 154 milyon dollara çatıb və yeni bir rekorda imza atıb. 2025-ci ilin iyun ayı ixracımız əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 623 milyon dollara çatıb”.