16 iyul 2025 12:44
280

“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi davam edir.

“İki sahil” xəbər verir ki,  iyulun 15-də layihə üzrə növbəti seminar Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət Mərkəzində keçirilib. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən seminar “Aktyor sənəti: ənənə və müasirlik dilemması” mövzusuna həsr edilib.

Layihənin budəfəki qonağı Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev olub.

Əvvəlcə mərkəzin əməkdaşları Dağlar Yusifov və Nicat Həsənzadə çıxış edərək “Nəsildən-nəslə teatr” layihəsinin bölgələri də əhatə etməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu qəbildən layihələr regionda teatr sənətinə marağın artırılması ilə yanaşı, vətəndaşların sənət anlayışının, estetik zövqünün zənginləşməsinə də töhfə verir.

Xalq artisti Qabil Quliyev sənət yolu haqqında söz açıb, teatr və tamaşaçı münasibətlərindən danışıb. O, aktyor sənətinin sirləri, yaradıcılıq imkanları, tamaşaçı marağı, sənətdə klassik ənənələr və müasir baxış kimi məsələlərdən də bəhs edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, “Nəsildən-nəslə teatr” layihəsinin məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişafına töhfə vermək, həmçinin müasir beynəlxalq sənət tendensiyalarının tətbiqi ilə sahəyə marağın artırılması və gənclərin teatra cəlb olunması ilə aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.