Son illər dünya iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf mövzusuna daha həssas yanaşmağa başlayıb. Bütün bu çağırışların fonunda Azərbaycan özünün qlobal iqlim liderliyini göstərərək, 2024-cü ildə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransına – COP29-a ev sahibliyi edir. Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun və ekoloji məsuliyyətinin göstəricisidir.
Azərbaycan bu mühüm tədbirdə yalnız təşkilatçı yox, həm də qlobal dialoqun körpüsü kimi çıxış edir. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumundakı çıxışında bildirdi ki, ölkəmiz COP29-da Qlobal Şimal və Qlobal Cənub arasında əməkdaşlıq platforması yaratmağa çalışıb və bunun öhdəsindən uğurla gəlib. Sədrliyimiz çətin, amma səmərəli müzakirələrə şərait yaradaraq razılaşdırılmış mövqelərin əldə olunmasına imkan verdi.
Azərbaycan “Yaşıl Keçid Proqramı” çərçivəsində iddialı məqsədlər qarşısına qoyub. Ölkəmiz 2030-cu ilə qədər 6 giqavatdan çox bərpa olunan enerji istehsalını hədəfləyir. Artıq Qarabağ və Şərqi Zəngəzurda 30-a yaxın kiçik su elektrik stansiyası istifadəyə verilib. Bu, regionun "yaşıl enerji zonası"na çevrilməsi deməkdir. Günəş və külək enerjisi sahəsində də iri layihələr həyata keçirilir.
Lakin Prezident İlham Əliyev qeyd edib ki, bu keçid birtərəfli olmamalıdır. Yəni, nə neft və qaz tamamilə kənarda qalmalı, nə də onların əhəmiyyəti azaldılmalıdır. Azərbaycan üçün neft və qaz strateji resurslardır və onlar uzun müddət iqtisadi sabitliyin, sosial inkişafın və enerji təhlükəsizliyinin təməlini təşkil edəcək. Eyni zamanda bu resurslardan əldə edilən gəlirlər yaşıl enerji infrastrukturuna yatırılır ki, bu da balanslı və məsuliyyətli siyasətin təzahürüdür.
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ətraf mühitin qorunması üzrə öhdəliklər yalnız inkişaf etməkdə olan ölkələrin üzərinə qoyulmamalıdır. Ən çox çirkləndirici emissiyalara səbəb olan dövlətlər öz üzərlərinə daha böyük məsuliyyət götürməlidirlər. Bu fikir həm COP29, həm də Şuşada keçirilən forumlarda dəfələrlə vurğulanıb.
Bütün bunlar onu göstərir ki, Azərbaycan həm regional enerji habı, həm də qlobal yaşıl keçid prosesində fəal iştirakçı kimi dünya miqyasında mövqeyini möhkəmləndirir. COP29 vasitəsilə ölkəmiz yalnız ekoloji deyil, həm də siyasi və iqtisadi baxımdan strateji bir aktora çevrilir.
Bu gün yaşıl gündəlik, innovasiya və ədalətli enerji keçidi Azərbaycanın inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilmişdir. Neftdən gələn güclü iqtisadi baza ilə yaşıl enerjiyə əsaslanan gələcək qurmaq – Azərbaycanın yeni inkişaf modelinin əsasını təşkil edir.
Məhəmməd Babayev,
YAP Xətai rayon təşkilatının fəalı,
Humanitar fənlər təmayüllü liseyin əməkdaşı