22 iyul 2025 18:38
108

Şuşa Qlobal Media Forumu: Azərbaycan beynəlxalq dialoq məkanı kimi

Qarabağın tacı Şuşa şəhərində keçirilən III Qlobal Media Forumu Azərbaycanın dəyişən qlobal geosiyasi arxitekturada strateji mövqeyini aydın şəkildə nümayiş etdirir. 52 ölkədən 140-a yaxın xarici nümayəndənin, o cümlədən 30-dan çox nüfuzlu informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumunun iştirakı Forumun qlobal informasiya mühitində yaratdığı rezonansı əks etdirir. Sessiyalar çərçivəsində media dayanıqlılığı, dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya və süni intellektin jurnalistikaya təsiri kimi mühüm məsələlər müzakirə olunub, praktik yanaşmalar və əməkdaşlıq imkanları dəyərləndirilib.

Prezident İlham Əliyevin Forumda çıxışı Azərbaycanın gələcək inkişaf trayektoriyası, beynəlxalq münasibətləri və regional iqtisadi-siyasi planları barədə mühüm tezislərlə yadda qalıb.

Süni intellektin sürətlə inkişaf etdiyi dövrdə informasiya təhlükəsizliyi və media dayanıqlılığı hər bir ölkənin strateji gündəliyinə çevrilməlidir. Forumun mövzusu da məhz bu çağırışlara cavab verməyə yönəlib. Medianın əsas vəzifəsi yalnız xəbərləri yaymaq deyil, həm də ictimai şüuru formalaşdırmaq və dezinformasiyaya qarşı immunitet yaratmaqdır.

Forumda müzakirə olunan məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhliz yalnız Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirmək deyil, həm də Çindən Avropaya uzanan Orta Dəhlizin vacib halqasına çevrilmək potensialına malikdir. Lakin qonşu dövlətin həmin layihəyə açıq müqaviməti fonunda Prezident İlham Əliyev diqqətə çatdırıb ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Azərbaycanın isə artıq multimilyardlıq nəqliyyat-logistika infrastrukturu hazırdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər Beynəlxalq Ticarət Limanı, sadələşdirilmiş gömrük inzibatçılığı və rəqəmsallaşdırılmış keçid prosedurları bu prosesin dayanıqlığını təmin edir.

Regionda indi əsas diqqət iqtisadi inkişaf, rəqəmsallaşma və yaşıl enerji gündəliyinin icrasına yönəlib. Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma və “Böyük Qayıdış” proqramı təkcə humanitar deyil, həm də iqtisadi və strateji xarakter daşıyır. Forumda dövlətimizin başçısı qeyd edib ki, xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir: “Yəni bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var”.

Ölkəmiz COP29-a ev sahibliyi etməklə qlobal iqlim gündəliyinə verdiyi töhfələri və yaşıl enerji siyasətindəki liderlik mövqeyini daha da möhkəmləndirib. Bu mühüm beynəlxalq tədbir Azərbaycanın ekoloji məsuliyyətə əsaslanan inkişaf modelini və dayanıqlı gələcək vizyonunu bir daha nümayiş etdirib. 2030-cu ilə qədər imzalanmış müqavilələr əsasında ölkəmiz ən azı 6 giqavat gücündə bərpa olunan enerji istehsalını həyata keçirməyi planlaşdırır ki, bu da Azərbaycanın enerji sektorunda şaxələndirmə və karbon emissiyalarının azaldılması istiqamətindəki qətiyyətini əks etdirir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq 30 su elektrik stansiyası istismara verilib. Bu stansiyalar təkcə elektrik enerjisi istehsal etməklə kifayətlənmir, eyni zamanda azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını sürətləndirir, regionda yaşıl infrastrukturların formalaşmasına və ətraf mühitin bərpasına mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən transregional enerji layihələri ölkəmizin beynəlxalq enerji bazarında rolunu keyfiyyətcə yeni mərhələyə daşıyır. Xəzər və Qara dənizlərin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabelləri Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Özbəkistan və Qazaxıstan arasında qurulan əməkdaşlıq çərçivəsində dövlətimizin regionun yaşıl enerji paylayıcı və tranzit mərkəzinə çevrilməsinə töhfə verəcəkdir. Bu strateji təşəbbüslər həm enerji təhlükəsizliyinə, həm də Avrasiyada davamlı enerji inteqrasiyasına xidmət edir. Beləliklə, Azərbaycan yalnız neft-qaz ölkəsi deyil, eyni zamanda bərpa olunan enerji sahəsində də aparıcı regional aktor olaraq mövqeyini sürətlə gücləndirir. Forumda dövlətimizin başçısının qeyd etdiyi kimi, biz artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ qovşaq olacağını nümayiş etdirir: “Azərbaycan nəqliyyat, istehsal və paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız var”.

III Şuşa Qlobal Media Forumu təkcə media yox, qlobal gündəliklə bağlı ən mühüm mövzuların açıq şəraitdə müzakirəsinə xidmət edib. Azərbaycanın beynəlxalq miqyasda dayanıqlı tərəfdaş, strateji enerji və tranzit qovşağı, süni intellekt dövründə informasiya təhlükəsizliyi və iqlim diplomatiyasına töhfə verən dövlət kimi çıxış etməsi artıq tarixi reallıqdır. Şuşadan başlayan çağırışlar təkcə regiona deyil, bütün dünyaya ünvanlanıb. Dövlətimizin həmin çağırışlara tərəfdaşları ilə birgə adekvat cavab vermək üçün həm iradəsi, həm də infrastruktur potensialı var.

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı