"Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm" sözləri ilə soydaşlarımızın ata-baba yurdu Qərbi Azərbaycana qayıdacaqlarına inamını ifadə edən Ulu Öndər Heydər Əliyevin bu istəyinin reallaşması bütünlükdə xalqımızın ən ümdə arzusudur. Qərbi Azərbaycan İcmasının yaradılması, Qayıdış Konsepsiyasında nəzərdə tutulan məqsədlərin həlli istiqamətində işlərin sürətləndirilməsi, ən əsası isə Zəngəzur dəhlizinin açılması ilə bağlı real danışıqların intensivləşməsi prosesin həllinə inamı artırır. Şübhəsiz ki, hər bir azərbaycanlının şüurunda Qərbi Azərbaycan torpaqlarının xatirəsi qorunub saxlanılır. Bu baxımdan Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlərdə elliklə iştirak hər bir vətəndaşımızın mənəvi borcu, ən ümdə arzusudur. Qayıdış Konsepsiyasına uyğun olaraq Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünyada tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirilir və bir sıra ölkələrdə forumlar təşkil edilir.
Ermənistanın işğalından azad edilən torpaqlarımızda aparılan böyük quruculuq işlərinin, keçmiş köçkünlərin doğma evlərinə Böyük Qayıdışının sürətlənməsi, Xankəndi, Xocalı, Laçın və digər rayonlarda xarici qonaqları belə heyrətləndirən bərpa işlərinin sürətlənməsi növbəti hədəf olan Qərbi Azərbaycana qayıdışın beynəlxalq səviyyədə dəstəklənməsi ümidlərini daha da artırır. İrəvanın və Zəngəzurun Ermənistana verilməsinin tarixi ədalətsizlik, xəyanət, bağışlanılmaz səhv olduğunu dəfələrlə qeyd edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev haqlı olaraq bildirir ki, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu tarixi silmək istəyənlər niyyətlərinə çata bilməyəcəklər.
Qafqaz Müsəlmanları İdarəsinin ( QMİ) Qazilər Şurasının geniş tərkibdə keçirilən iclasında İrəvan qazılığı ilə bağlı Əsasnamənin qəbul olunması dövlətlə din arasında münaqişənin daha da gücləndiyi Ermənistanda şok vəziyyət yaradıb. «2020-ci ilə qədər kilsə rəhbərləri ilə görüşdə onlar özlərini qalib kimi göstərir, bizə istehza ilə baxırdılar . Bu məni də incitdiyi kimi, Azərbaycan xalqını da incidirdi. Mən indi qalib xalqın şeyxülüslamıyam və bununla qürur duyuram. Bu yaxınlarda biz İrəvan qazılığını bərpa etdik. İnşallah o torpaqlara da gedəcəyik, məbədlərimizi, ziyarətgahlarımızı, məscidlərimizi bərpa edəcəyik, din xadimlərimiz orada fəaliyyət göstərəcək» sözləri ilə haqq işimizin qalib gələcəyini bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu cür tədbirlərin davamlı olacağını da açıqlayıb.
21-22 iyun 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasında Qərbi azərbaycanlılarla bağlı məsələnin müzakirəsi, soydaşlarımızın haqq səsinə dəstək verilməsi daha bir həmrəylik nümunəsi, əlamətdar hadisə kimi tarixə yazıldı. Həmin sessiyada Azərbaycanın ədalətli mövqeyinə dəstək naminə müxtəlif mövzuları əhatə edən qətnamələr qəbul olunub. Sessiyanın yekunlarına dair «İstanbul Bəyannaməsi”»nin, Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin qəbulu ata-baba yurdlarından zorla qovulmuş soydaşlarımızın haqqı səsinə dəstək idi. İƏT çərçivəsində ilk dəfə olaraq qəbul olunan «Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ”» adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur, Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının, soydaşlarımızın doğma torpaqlarına qayıdışının inkar olunması qınanılır. Qeyd edilən qətnamə ilə yanaşı, «İstanbul Bəyannaməsi»”ndə Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlər alqışlanır. Ermənistan sülh müqaviləsinin imzalanmasına mane olan əngəllərin aradan qaldırılmasına çağırılır. Bəyannamədə, həmçinin Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşən məcburi köçkünlərin ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə dəstək ifadə edilir. İndiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi pislənilir. «1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik”» adlı qətnamədə Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci ilin fevralında Xocalıda, habelə Azərbaycanın digər ərazilərində törədilən müharibə cinayətləri, soyqırımlar bəşəri dəyərlərə xəyanət adlandırılır.
Bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə xalqımıza olan ethiramı «Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk» sözləri ilə ifadə edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.
Müasir dövrümüzü «dəhlizlər müharibəsi» adlandıranların sözlərində həqiqət vardır. Müharibələrin, milli münaqişələrin davam etdiyi, xüsusilə Avropa ölkələrinin enerji ilə təminatında ciddi maneələrin yarandığı indiki zamanda qitələri birləşdirən qlobal nəqliyyat dəhlizlərinə də ehtiyac artmaqdadır. Bu baxımdan Çinin «Bir kəmər, bir yol» layihəsinin ortaq nöqtəsi olan Orta Dəhlizə artan maraq təbiidir. Orta Dəhlizin davamı kimi Zəngəzur yolunun bərpasını beynəlxalq səviyyədə dəstəkləyənlərin sayı artmaqdadır. Bu yolun bərpasının Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas istiqamətləri kimi diqqətdə saxlanılması da təsadüfi deyil.
Ermənistanın baş naziri Nikol Paşinyanın Ankara səfərindən sonra Prezident İlham Əliyevlə Əbu-Dabidə təşkil olunan ikitərəfli görüşdə də əsas müzakirə mövzusu Zəngəzur dəhlizinin bərpası olmuşdur. Ermənistan müxalifətini, rusiyameylli qüvvələri də narahat edən Paşinyanın Azərbaycanın və Türkiyənin Zəngəzurla bağlı təkliflərinə isti yanaşmasıdır. Siyasətçilərin də bəyan etdikləri kimi, Zəngəzur dəhlizinə nəzarətdə maraqlı olan ABŞ-ın və Türkiyənin bu şansı qazanmaları Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılması deməkdir. Artıq Ermənistantanda da aydın başa düşürlər ki, Azərbaycanla bağlanacaq sülh sazişi təkcə iki ölkənin deyil, bütünlükdə bölgənin, Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi, sabitliyin təminatı baxımından önəmli, aktuallığını qoruyan məsələdir. Bəllidir ki, sülh sazişinin imzalanması üçün Azərbaycanın real şərtləri var. Ermənistan əvvəlcə öz konstitusiyasını dəyişdirərək qonşu ölkələrə qarşı ərazi iddialarını əks etdirən maddələri çıxarmalı, Minsk qrupunun ləğvini tələb edən Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir. Yəni, bu iki şərt yerinə yetirilmədən yekun sülh sazişinin imzalanması mümkün deyil”.
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zrvə görüşündən sonra Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişinin başlıca şərtlərindən olan Zəngəzur dəhlizi ilə bağlı məqamlara aydınlıq gətirilməsi də təsdiqləyir ki, bu ifadə artıq beyənlxalq termindir.
Rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunmuş, 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirak etdikləri III Şuşa Qlobal Media Forumu dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönələn mühüm hadisədir. Forumda bir daha təsdqləndi ki, Qlobal Cənubun ayrımaz tərkib hissəsi olan Azərbaycan qitələrarası körpü rolunu uğurla davam etdirir. Adı media forumu olsa da dünyada baş verən siyasi, iqtisadi hadisələrin müzakirə olunduğu platformaya çevrilən, dörd saata yaxın davam edən tədbirdə sualları məntiqli açıqlamaları ilə cavablandıran Prezident İlham Əliyev növbəti dəfə alternativsiz lider olduğunu təsdiqlədi. Zəngəzur dəhlizinə ABŞ-ın nəzarəti məsələsi ilə bağlı sualını «Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Xüsusilə də bu son İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır. Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir» sözləri ilə cavablandıran Prezident İlham Əliyev bir daha vurğuladı ki, bu dəhlizin bərpası regional deyil, beynəlxalq əhəmiyyətli məsələdir.
Xuraman İsmayılqızı, "İki sahil"