22 iyul 2025 08:10
184

“Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim”

Cəbhədə gedən döyüşlərdə  sərkərdəlik məharəti, diplomatik masalarda cəsarəti,   informasiya cəbhəsindəki  hazırcavablığı ilə  alternativsiz lider olduğunu təsdiqləyən   Prezident  İlham Əliyevin bu sözləri azad sözə, müstəqil mətbuata, plüralizmə  göstərilən diqqətin ifadəsidir

Ölkə demokratiyasının inkişafında mətbuatın xidmətlərini daim yüksək qiymətləndirdiyini    «Jurnalistlər isə əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz» sözləri ilə bildirən  Prezident İlham Əliyev yazılı və elektron KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqətlə yanaşır. Bu  sahədə çalışanlardan obyektivlik, peşəkarlıq,  hadisələrə ictimai baxış nəzərindən yanaşma tələb edir.

 Bu tələbkarlığı siyasi, iqtisadi, hərbi sahədə gördüyü ,  həyati, tarixi  əhəmiyyətli  işləri ilə təsdiqləyən,  30 il yurd həsrəti çəkən xalqımıza Qələbə sevincini qazandıran  Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə və  Vətən müharibəsindən sonra  yerli və xarici jurnalistlərə  çoxsaylı müsahibələri ilə hərb, diplomatiya sahələrində olduğu kimi,   informasiya cəbhəsinin də yenilməz komandanı  olduğunu təsdiqlədi.  Ermənistanın qondarma  «tarixini»   faktlarla  ifşa edən,  erməni lobbisinin  beynəlxalq ictimai rəyi çaşdırmaq üçün  maliyyələşdirdiyi «feyks-nyus»” müəlliflərini, öyrədilmiş   erməni təfəkkürülü  jurnalistləri  «birbaşa təmas» strategiyası sayılan müsahibələri zamanı hədəfə  ünvanlanmış qəti, inamlı   cavabları ilə  susduran Prezident İlham Əliyev alternativsiz Lider olduğunu göstərdi

 Dünyanın  tanınmış media şirkətlərinə, televiziya kanallarına Azərbaycanın haqq-ədalət uğrunda mübarizəsinin 44 günlük  xəritəsini  Ali Baş Komandan kimi  «tərtib edən» Prezident İlham Əliyev erməni havadarlarının planlarının üstündən real  açıqlamaları ilə qırmızı xətt çəkdi.  Cəbhədə gedən döyüşlərə komandanlığı, diplomatik masalarda cəsarəti,   informasiya cəbhəsindəki  xalqımızın milli maraqlarını, dövlətçilik  mənafeinin müdafiəsi kimi müqəddəs vəzifələri   paralel yerinə yetirən Prezident  İlham Əliyevin  açıqlamalarına bu gün də istinad edilir. Bir zamanlar prioritet kimi  səsləndirdiyi  proqnozları reallaşdıran  dövlət başçımızın bəzi   açıqlamalarından nümunə gətirək

Valday Diskussiya Klubunda o vaxt özünü  qalib hesab edən  Ermənistanın baş naziri Nikol Paşinyanı «Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də «Valday»” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”.» Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri ilə yerində oturdan  Prezident  İlham Əliyev  İkinci Qarabağ müharibəsindəki Zəfərimzlə «nida»nı dəmir yumruqla əvəzlədi.

21 iyul  2023-cü il: «4-cü Sənaye İnqilabı dövründə Yeni Media»” mövzusunda keçirlən Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Prezidenti 100-dən artıq xarici jurnalistin müxtəlif  suallarını cavablandırmaqla  liderlik fəlsəfəsinin  əsl simasını diplomatik uğurları,  siyasi hazırlığı ilə  göstərdi.  Ermənistanın Laçın sərhəd-keçid məntəqəsi ətrafında qurduğu təbliğatı darmadağın etdi. Eməni  havadarlarının  Qarabağda «humanitar fəlakət»” iddialarının xəstə təfəkkürdən qaynaqlanan yalan olduğunu çoxsaylı müsahibələrində açıqladı.  Şuşada  «Euronews»” televiziyasına müsahibəsi ilə Azərbaycanla bağlı erməni  iddialarının saxta olduğunu faktlarla  sübut etdi.

44 gün davam edən Vətən müharibəsində  xarici KİV-lərə  müsahibələrində  Azərbaycan həqiqətlərini dünyaya çatdıran Prezident  İlham Əliyev  jurnalistlərə tövsiyələrini də  bildirirdi: «Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun!» Beləcə «Qılıncın kəsmədiyini söz kəsər» müdrik kəlamının hikməti  İkinci Qarabağ müharibəsində  qazandığımız Zəfərlə təsdiqləndi.  Qətiyyətli lider kimi  beynəlxalq ictimaiyyətə bəyan  etdi ki,   müharibənin taleyi yalnız  döyüş meydanında deyil, informasiya cəbhəsindəki mübarizlikdən də asılıdır. « Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim» söyləyən dövlət başçımız hədəfinə siyasi  iradəsi sayəsində nail oldu. Məntiqli açıqlamaları ilə  hayların ideoloji təxribatlarını , ölkəmizə qarşı  yaratdıqları  informasiya blokadasını darmadağın etdi.  Hər kəs gördü ki,   yalan  ayaq tutdu, lakin yerimədi. Azərbaycana qərəzli mövqeyi ilə tanınan  dairələr tərəfindən  maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən «jurnalistlərin» «qara piar», «feyk» xarakterli məkrli  suallarını belə təmkinlə , səbirlə cavablandıran Prezident İlham Əliyev siyasi hazırlığı, yüksək intellekti, dövləti idarəetmə təcrübəsi ilə müsahiblərini  heyrətləndirdi.  

Bütün müsahibələrində torpaqlarımızın bütövlüyü uğrunda ədalət savaşında qalib  gələcəyimizi inamla ifadə etdi. Ən çətin məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə  məsuliyyəti öz üzərinə götürən, məqsədinə çatan, İkinci Qarabağ müharibəsinə qədərki dövrdə  bütün  beynəlxalq arenalarda, ən yüksək kürsülərdən  Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu   «Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması danışıqların mövzusu ola bilməz”»  həqiqətini  qətiyyəti ilə bildirən,  «Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir…  Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz» sözlərinə  44 gün davam edən Vətən müharibəsində qazandığımız Zəfərlə möhür vuran Prezident  İlham Əliyev  prinsipiallığı ilə bütün maneələri dəf etdi. 44 gün ərzində informasiya cəbhəsində, diplomatiyada durmadan, dincəlmədən sözün əsl mənasında vuruşan dövlət başçımızın bu qətiyyəti qarşısında   «qeyri-kafi» qiymət alan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də   « sinifdə qaldılar.»

  Təəccüblü odur ki, Vətən müharibəsinin davam etdiyi günlərdə belə  Ermənistanı dəstəkləyən dövlətlərin təlimatlandırdıqları jurnalistlər, beynəlxalq təşkilatların  nümayəndələri Azərbaycana qarşı qərəzli informasiya müharibəsini davam etdirərək təxribat xarakterli əməllərindən əl çəkmədilər. Prezident İlham Əliyev isə belə sualların «müəlliflərini» məntiqli cavabları ilə  susdurur, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə xalqımızın haqlı  olduğunu  faktlarla sübut edirdi.

Azərbaycanın Ermənistanın işğalı altında qalan torpaqlarında erməni vandallarının törətdikləri vəhşilikləri görsələr  də haylara dəstək  münasibətlərini    «Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır» sualı ilə bildirən Almaniyanın ARD televiziya kanalının əməkdaşına Prezident İlham Əliyevin cavabı  ədalət dərsi, diplomatik şillə idi: « Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.» 

 Ermənistanın havadarlarının təlimatlandırdıqları ABŞ-ın «Fox News»” televiziya kanalını təmsil edən jurnalistin məkrli «… Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz”» sualını  «Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər» sözləri ilə  cavablandıran Prezident İlham  Əliyev  bir daha bildirdi ki, Azərbaycan xalqı bu müharibədə haqq-ədalət uğrunda vuruşdu  və qalib gəldi.
«Əl-Ərəbiyə»” televiziya kanalına müsahibəsində   bölgədə gərginliyi artıran Fransanın qərəzli mövqeyinə  sərt münasibətini «Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar» sözləri ilə bəyan edən dövlət başçımız   ölkəmizə  qarşı təxribatlar törədən, aksiyalar təşkil edən,  Azərbaycanın haqq işinə qərəzli yanaşanları məntiqli açıqlamaları, ədalətin hökmü, zamanın diktəsi ilə susdurdu. 

  Bakıda keçirilən  « Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik» mövzusunda   konfransın iştirakçılarına  müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması dövlət başçımızın bütün zamanlar üçün aktual, xarakterik olan uzaqgörən siyasətinin bariz nümunəsidir.
  26 fevral 2021-ci ildə, Xocalı  soyqırımının ildönümünə təsadüf edən mətbuat konfransının bəzi məqamlarını  xatırlayaq. Xarici və yerli jurnalistlərlə  görüşüb,  sualları təmkinlə cavablandıran, Vətən müharibəsinin başlanma səbəbləri, hərbi əməliyyatlarda Azərbaycanın üstünlükləri, Ermənistanın fərari ordusu barədə  ətraflı məlumatları ilə jurnalistləri heyrətləndirən Prezident İlham Əliyevin  uzaqgörənliyinə hər kəs heyran oldu.      
Böyük Britaniyadan olan  müstəqil jurnalistin «Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım» sözləri dövlət başçımızın liderlik təcrübəsinin, şəxsi nüfuzunun, siyasi hazırlığının və qətiyyətinin nümunəsi  kimi tarixə yazıldı.

  İkinci Qarabağ müharibəsi zamanı  açıqlamaları ilə sonra   baş verəcək hadisələrə «bələdçilik» edən dövlət başçımızı həmkarlarından fərqləndirən,  anoloqu olmayan xüsusiyyətlərindən biri də gələcəyi  keçmişin gözü ilə dəyərləndirməsi, təhlil etməsidir.
  İranın Mehr agentliyinin təmsilçisinin  region üçün təhlükə olan terrorçuluğa qarşı «kollektiv mübarizə» ilə bağlı,  düzgün  ünvana  istiqamətləndirilməyən   sualını da məntiqlə, regionda yaranan reallıqlara  uyğun  cavablandıran dövlət başçımızın «Bir məsələni aydınlaşdırmaq istəyirəm. Siz müharibə zamanı terrorçu qrupların fəaliyyət göstərməsi haqqında danışırsınız, hansı məlumatlara, kim tərəfindən verilən məlumatlara istinad edirsiniz?» sözləri məsuliyyətdən və  obyektivlikdən qaynaqlanan yanaşma idi. Qeyri-obyektiv, müəmmalı cavabı ilə çaş-başlıq yaradan  iranlı jurnalistin «Region ölkələrindən olan xəbər agentlikləri belə məlumat yayırdılar. İcazənizlə onların adlarını çəkməyim» sözlərinin ittiham xarakterli olduğunu  ilk baxışdan sezən  dövlət başçımız  qarşısındakına  peşə dərsi  keçərək, jurnalist etikasını xatırladaraq bildirdi ki,  istənilən məlumat haqqında danışmaq olar, ancaq mənbə region, ölkə  qeyd edilməlidir. Mənbə göstərilmədən kimisə ittiham etmək asandır.  Dediyinizin arxasında dayanmaq daha çətindir. Nəticədə  Prezident İlham Əliyevin qətiyyəti , prinsipiallığı qarşısında günahını «Cənab Prezident, mən üzr istəyirəm, ancaq zənnimcə, mənim terrorçu qruplarla bağlı sualım yanlış anlaşıldı. Mən Azərbaycan tərəfindən terrorçu qrupların fəaliyyətini nəzərdə tutmurdum. Mən Qarabağ müharibəsi zamanı regionda İŞİD kimi qrupların fəaliyyətini nəzərdə tuturdum» sözləri ilə etiraf edən  iranlı  jurnalistin bədniyyətli  cəhdi baş tutmadı.

  Azərbaycana qarşı ədalətsizliklə  mübarizə aparan Prezident İlham Əliyev xüsusilə  müstəqil olmayan media şirkətlərini obyektivliyə səsləyir, tövsiyələrini verirdi. «Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun… Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı.»

 Gəbhə bölgəsində xalqımıza uğur qazandıran  döyüşlərə komandanlıq edən, diplomatiyada ölkəsinin maraqlarını prinspiallığı ilə qoruyan,  haqlı  mövqeyindən geri çəkilməyən, informasiya cəbhəsində həqiqətlərin dünyaya çatdırılması işinin yükünü çiyinlərinə götürən  Prezident İlham Əliyev qətiyyəti, siyasi hazırlığı  ilə  beynəlxalq münasibətlərdə liderliyin şəxsiyyət  formulunu  təzələdi. Düşünülmüş məntiqi , məramı qalibiyyət ruhunda  formalaşan  dövlət başçısı kimi xalqı arxasınca apardı.
ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq»” adlı beynəlxalq konfransda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.
 Müsahibələrində şəffaflığa, obyektivliyə, sistemliliyə, operativliyə üstünlük verən Prezident İlham Əliyev  «Jurnalistlərin dostu» olmaqla  jurnalistika peşəsini incəliklərinə qədər mənimsədiyini göstərdi.

Həqiqəti  faktlarla,  hadisələri müasir dünya siyasəti baxımından  təhlil edən dövlət başçımızın çıxış etdiyi  auditoriyanın anlayacağı dildəki açıqlamaları, təxribat xarakterli sualları belə  emosiyasız, praqmatik düşüncə tərzi ilə savablandırması yüksək  intellektin, diplomatik məharətin məntiqi nəticəsidir. Təsadüfi deyil ki,  Prezident İlham Əliyev dünya siyasətində nadir rast gəlinən lider kimi böyük nüfuz qazanıb.

  Bir zamanlar  «Siz də yəqin ki, razılaşarsınız ki, əvvəlki dövrdə daha çox biz deyirdik, biz də eşidirdik. Sanki biz özümüz-özümüzə nəyisə sübut etməyə çalışırdıq. Bu, vacib idi. Vacib idi, məsələni gündəlikdə saxlamaq üçün, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün» söyləyən Prezident İlham  Əliyev bildirir ki,  bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir.

«O ki qaldı, tövsiyələrə, sözün düzü, mən bundan bir qədər uzağam. Çünki Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir, bu, birincisi. İkincisi, siz özünüz hər şeyi yaxşı bilirsiniz və mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə mənim tövsiyəm budur ki, ancaq belə də davam edin» söyləyən Prezident İlham Əliyevin  informasiya savaşında   parlaq qələbəsi düşmənlərin gözünü kor etdi. Hər kəs əmin oldu ki,   cənab İlham Əliyev təkcə hərb meydanında, diplomatik müstəvidə deyil, elə informasiya müharibəsində də Azərbaycana qələbə qazandıran liderdir.

Xuraman İsmayılqızı, "İki sahil"