26 iyun 2025 12:19
150

Qalib xalqın qürur bayramı

2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrında ərazilərimizdə erməni separatizminə son qoyulması Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin, dövlətimizin qüdrətinin təntənəsinə çevrildi. Bu hadisələr, düşmən üzərində qazanılan möhtəşəm zəfərlər tariximizi şərəfləndirdi, gələcəyimizə işıq saldı. Və bu gün onların - torpaqlarımızı işğaldan azad edən, xalqımıza Zəfər sevinci yaşadan qəhrəman hərbçilərimizin günüdür.

Artıq 27-ci ildir ki, iyunun 26-sı ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Bu tarixin dövlət bayram günü  kimi qeyd olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu tarixi varisliyə hər zaman böyük önəm vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarından biri ordu quruculuğu ilə bağlı olmuşdur. Cümhuriyyət hökumətinin 1918-ci il, 26 iyun tarixli qərarı ilə 1917-ci ildə Zaqafqaziya Komissarlığının ordu strukturu kimi formalaşdırılmış Müsəlman korpusu adlanan hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusu adlandırılmış, bununla da  Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun əsası qoyulmuşdur.

Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun təşkil edildiyi gün iyun ayının 26-sı  Azərbaycan Silahlı Qüvvələri Günü elan edilmişdir. Heydər Əliyev 1998-ci ildə bununla bağlı demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tamam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik".
Ordu hər bir dövlətin qüruru, onun əsas təməl sütunlarından biridir. Ordu hər bir xalqın təhlükəsizliyinin, xarici təhdidlərdən müdafiəsinin əsas şərtlərindən biridir. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin başlıca vəzifəsi ordu quruculuğu idi. Bunu xüsusilə zəruri edən səbəb isə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi. Lakin təəssüflə qeyd edilməlidir ki, o dövrdə Azərbaycanda iqtidarda olan qruplar ordu quruculuğunu həyata keçirə bilmədilər. Yaradılan hərbi hissələrin əksəriyyəti vahid komandanlığa tabe deyildilər. Döyüşlərin getdiyi bir şəraitdə hərbi hissələr arasında koordinasiya yarıtmaz səviyyədə idi, ümumiyyətlə, ordunun idarəçiliyində xaotik bir vəziyyət yaranmışdı. Xalqımız, oğullarımız torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına silaha sarılmışdı. Lakin hakimiyyətdə olan qrupların ordu quruculuğunu həyata keçirə bilməmələri torpaqlarımızın müdafiəsinin təmin edilməsində ciddi boşluqlara və problemlərə gətirib çıxarmışdı.  Təəssüflə onu da qeyd etməliyik ki, ayrı-ayrı şəxslərin nəzarətində olan hərbi hissələr başıpozuq silahlı dəstələrə çevrilmişdilər.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğunun ilk addımlarından biri Azərbaycan Ordusunun yaradılması oldu. AXC iqtidarı və ondan əvvəlki dövrdə yaradılan silahlı dəstələrin buraxılması ilə başlanan ordu quruculuğu qısa zamanda öz nəticəsini göstərdi. Artıq 1993-cü ilin payızından etibarən Ermənistanın işğalçı hücumlarının qarşısı qətiyyətlə alındı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı isə işğal edilmiş ərazilərimizin bir qismi azad olundu. O dövrdə baş verənlər göstərirdi ki, artıq Azərbaycanın vahid komandanlığa əsaslanan mütəşəkkil ordusu formalaşır. 

Atəşkəsdən sonra ordu quruculuğu daha da sürətləndirildi, hərbi hissələrin yaradılması, silah və texnika ilə təchizatı həyata keçirildi. O cümlədən kadr hazırlığı məsələləri diqqət mərkəzində saxlanıldı, müasir tələblər səviyyəsində yeni hərbi təhsil sistemi formalaşdırıldı. 
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu, Silahlı Qüvvələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində başlatdığı işlər sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2003-cü ilin prezident seçkilərindən sonra andiçmə mərasimində dövlətimizin başçısı bəyan etdi ki, "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir".

Cənab İlham Əliyev necə demişdisə, elə də oldu. Azərbaycanın artan iqtisadi gücü və maliyyə imkanlarına adekvat olaraq həyata keçirilən hərbi islahatlar Silahlı Qüvvələrimizin döyüş imkanlarının yüksəldilməsini, modern hərbi gücə çevrilməsini təmin etdi. Ən müasir silah və hərbi texnikalar Silahlı Qüvvələrimizin arsenalına daxil olundu. Hələ illər öncədən aydın idi ki, Azərbaycan dövləti torpaqlarını hərbi yolla işğaldan azad etməyə qadirdir. Prezident, Ali Baş Komandan İlham Əliyev hər zaman bildirirdi ki, sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə Azərbaycan döyüş yolu ilə ərazilərini azad edəcək. 2016-cı ilin Aprel döyüşləri də təsdiqləmişdi ki,  respublikamız ərazilərini qısa dövrdə hərbi yolla işğaldan azad edə bilər.
2020-ci ilin Vətən müharibəsi bütün bunların - Silahlı Qüvvələrimizin modernləşdirilməsinin, döyüş qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən davamlı tədbirlərin möhtəşəm təcəssümünə çevrildi. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimiz cəmi 44 günə azad edildi. 44 gün ərzində döyüşən bölmələrimiz ancaq irəli getdilər, müharibənin hər günü ərazilərimizin işğaldan azad edilməsi, düşmənin qovulması ilə əlamətdar oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz işğalçını döyüş meydanında darmadağın etdi. 

2023-cü ilin sentyabrında Qarabağdakı erməni separatizminin məhv edilməsi isə qəhrəman Silahlı Qüvvələrimizin xalqımıza yaşatdığı növbəti zəfər sevinci oldu.  Bu qələbələrin fonunda bütün dünya gördü ki, Azərbaycan Respublikası güclü, peşəkar, modern və vətənpərvər orduya malikdir.

26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü xalqımız böyük sevinc və coşqu ilə qarşılayır. Bu, qalib xalqın, qalib ordunun, qalib əsgərlərin  bayramıdır.  Torpaqlarımızı işğaldan azad edən, hər birimizə sonsuz qələbə sevinci yaşadan Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur mənbəyidir. 

Müşfiq Məmmədli, 

Milli Məclisin deputatı