Politoloq: İƏT-in qəbul etdiyi qətnamə Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması və milli maraqlarımızın həyata keçirilməsi istiqamətində atılan olduqca vacib addımdır
Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti uğur əldə edilib. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının iyunun 21-22-də Türkiyənin İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun Bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib və sessiyada bu məsələ ilə bağlı “Hazırkı Ermənistan ərazisindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə qəbul olunub. Tarixi faktları özündə əks etdirən, beynəlxalq hüquqa, ədalət prinsiplərinə əsaslanan sənəddə soydaşlarımızın öz doğma yurdlarına ləyaqətli qayıdış hüququna dəstək ifadə olunub. Ermənistanın Qərbi azərbaycanlıların vətəndaşlıq hüquqlarının bərpa olunmasının inkarı da sənəddə qınanılıb.
Şübhəsiz, bu, bir əsrdə dörd dəfə qaçqınlıq həyatı yaşayan Qərbi azərbaycanlı soydaşlarımızın doğma yurda qayıdış hüquqlarının bərpa edilməsi məqsədilə yaradılmış Qərbi Azərbaycan İcmasının sözügedən məsələdə ardıcıl və prinsipial yanaşma tutduğunun göstəricisidir. Amma təşkilatın bu kimi uğurları Ermənistanda birmənalı qarşılanmayıb. Hətta Ermənistan Xarici İşlər Nazirliyi 23 iyun 2025-ci il tarixində bununla bağlı bəyanat da verib. Həmin bəyanatda Qərbi azərbaycanlıların Ermənistandan guya könüllü köçdükləri iddia olunub. Halbuki azərbaycanlıların Ermənistandan bu ölkənin hakimiyyət orqanlarının birbaşa iştirakı ilə, zor tətbiq etməklə çıxarılması hamıya məlum olan faktdır. Bütün bunları sübut edən kifayət qədər faktlar da mövcuddur. Məgər təcavüzkar ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın soydaşlarımızın Ermənistandan qovulmasını “tarixi uğur” kimi təqdim etməsi, sözügedən faciənin Ermənistanın dövlət siyasəti olduğunu göstərmirmi?
Məlumat üçün bildirək ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 2025-ci il iyunun 12-də Astana şəhərində keçirilmiş sessiyasında da Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların taleyindən dərin narahatlıq ifadə olunmuş və onların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququ dəstəklənmişdi.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir: “Məhz bu səbəbdən Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası böyük əhəmiyyətə malikdir. Bu sənəd soydaşlarımızın dinc yolla, təhlükəsiz və ləyaqətli şəkildə yurdlarına qayıtmasını şərtləndirir. Qeyd edək ki, ölkəmizin Qərbi Azərbaycan məsələsi üzrə apardığı mübarizə yalnız bir ərazi məsələsi deyil, bir millətin öz kimliyini qorumağa və haqq-ədaləti bərpa etməyə yönəlmiş addımdır. Bu mənada “Hazırkı Ermənistan ərazisindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamənin qəbul edilməsi Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində atılan olduqca vacib addımdır. Ümid edək ki, İslam Əməkdaşlıq Təşkilatının azərbaycanlıların qayıdışı ilə bağlı sözügedən qətnaməsi digər ölkələr, həm də beynəlxalq təşkilatlar üçün bir nümunə olacaq. Yəni, gələcəkdə xalqların deportasiyaya məruz qalmaması üçün bu gün beynəlxalq ictimaiyyət azərbaycanlıların qayıdış hüquqlarına adekvat yanaşacaqlar. Əks halda, ermənilərin bu davranışı dünya üçün çox pis örnək ola bilər”.
Politoloq, həmçinin vurğuladı ki, Qərbi Azərbaycan İcması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dialoq üçün Ermənistan hökumətinə dəfələrlə təklif göndərib: “İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də çağırışlara cavab verməyir. Bununla da Ermənistanın hazırkı hökuməti Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə əvvəlki hökumətlərin siyasətlərini davam etdirir. Yəni, rəsmi İrəvan öz azərbaycanlı vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etməkdənsə müxtəlif səviyyəli toplantılarda ölkəmizə qarşı şər-böhtan dolu açıqlamalar sərgiləyir. Şübhəsiz, Ermənistanın Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməsi onun sülh və barışıq niyyətli olmadığını bir daha göstərir. Bu, həm də özünü “sülh göyərçini” kimi təqdim edən Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməklə əmin-amanlığa mane olmasından xəbər verir. Bütün bunlara baxmayaraq, Qərbi Azərbaycan İcması bu istiqamətdə işini günün tələbləri səviyyəsində davam etdirməkdədir.
Qvami Məhəbbətoğlu, “İki sahil”