21 iyun 2025 21:39
166

Rəsmi İrəvan bu dəfə səmimi olacaqmı, yoxsa?..

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü müəyyən müsbət mülahizələr irəli sürməyə əsas verir. Dövlət başçılarının əvvəlki görüşü bu mülahizələri bir qədər möhkəmləndirir. Tərəflərin həm Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması, həm də Ermənistan–Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparmaları görüşün sadəcə protokol xarakteri daşımadığını və real strateji hədəflərə hesablandığını göstərir.

Nəzərə alaq ki, bu görüş narahat bir dövrdə baş tutur. Kiçik dövlət olan Ermənistan yaxınlaşan fəlakətlərdən salamat çıxmaq üçün ilk növbədə qonşu olduğu güclü Türkiyə və Azərbaycanla münasibəti qaydaya salmalıdır. Bunsuz onun başqa addımlarının heç bir mənası olmayacaq.  Bu səbəbdən Ermənistan–Türkiyə münasibətlərində uzun illərdən bəri dondurulmuş diplomatik kanalların son iki ildə yenidən canlandırılması cəhdləri davam edir. İndiyədək tərəflərin xüsusi təmsilçiləri səviyyəsində görüşlər baş tutsa da lakin bu görüşlərin nəticələri hələ də kağız üzərində qalır. Ancaq zaman artıq Ermənistanın ziyanına işlədiyi üçün İrəvanda təlaş yaranır. Dəhşətli İran-İsrail müharibəsi zəif ölkədə təşvişlə qarşılanıb... Müharibə bu ölkənin sərhədlərində gedir...Ermənistan qorxusundan İranla “qardaşlığı” unudub. Ermənilər ölkənin gələcəyi barədə bədgüman fikirlər söyləməkdən çəkinmirlər. İstanbulda baş tutan liderlər səviyyəsində görüşdə  Paşinyan Ermənistanın regionda sülh və sabitliyə sadiq olduğunu bildirib və qonşularla münasibətlərin normallaşdırılmasının prioritet xarici siyasət xətti olaraq qalacağını vurğulayıb. Sözügedən bəyanatın fonunda Bakının İrəvanla sülh danışıqlarında qarşı tərəfdən konkret və qətiyyətli addımlar gözlədiyi nəzərə alınsa, Paşinyanın bu ritorikasının nə dərəcədə real olacağı sual doğurur.

Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, Ermənistan sülh müqaviləsi üzrə öhdəliklərdən yayınmaq üçün müxtəlif beynəlxalq manevrlər edir. Çünki rəsmi İrəvan neçə ildir ki, belə “priyom”dan dəfələrlə istifadə edir. Belə bir zamanda Paşinyanın Ərdoğanla görüşdə Bakı ilə sülh prosesini müzakirə etməsi əhəmiyyətli siyasi jest kimi görünə bilər. Şübhəsiz ki, ətrafında gərginləşən hərbi-siyasi vəziyyət onu sülhə gəlməyə vadar edir.

Bu görüş Türkiyə diplomatiyasının Cənubi Qafqazda təsir imkanlarını gücləndirdiyini də göstərir. Ərdoğanın “Türkiyə təkcə Qafqazda deyil, bütün bölgədə sabitliyin bərqərar olunması üçün diplomatik imkanlarını maksimum dərəcədə istifadə edir” fikri Ankara üçün bu danışıqların sadəcə ikitərəfli çərçivədən daha geniş regional dəyərə malik olduğunu göstərir. Türkiyə həm Ermənistanla münasibətlərin normallaşdırılmasında, həm də Bakı ilə İrəvan arasında vasitəçi olmadan mövqeyini təqdim etməkdə maraqlıdır. Bu, Ankaranın Cənubi Qafqazda Rusiya və İranın zəifləyən rolunu canlandırmaq istəyi ilə də bağlıdır.

Diqqəti cəlb edən məqam budur ki, bu görüş Paşinyanın getdikcə daha çox müstəqil və praqmatik siyasi kurs seçdiyini göstərir. Onun hakimiyyəti dövründə Ermənistanın Rusiyadan uzaqlaşması, İranla məhdud əməkdaşlığı və Qərbə inteqrasiya cəhdləri öz yerində, lakin Türkiyə ilə münasibətlərin bərpası ən riskli, eyni zamanda, gələcək üçün ən perspektivli addımlardan biri ola bilər. Ermənistan üçün Türkiyə ilə açıq sərhəd təkcə iqtisadi deyil, həm də siyasi mənada tənha və təcrid vəziyyətindən çıxış imkanlarını verir. Sərhədin açılmasını gözləyən ermənilərin böyük bir qismi Türkiyə bazarlarında ticari işlər qurmağı, bir qismi isə oradan keçərək Avropaya getməyi arzulayırlar. Çunki bu, ən qısa marşrutdur. Xatırladaq ki, hazırda Türkiyədə yaşayan yüz minə yaxın erməni iş adamları sərbəst surətdə ticarətlə məşğuldur.

Təbii ki, bu proseslərin gələcəyi həm də Bakının mövqeyindən asılıdır. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Ermənistanın Türkiyə ilə münasibətləri yalnız Bakı ilə sülh müqaviləsinin imzalanmasından sonra tam normallaşa bilər. Bu səbəbdən Paşinyanın Ərdoğana "sülh istəyirik" deməsi kifayət deyil. İndiyədək belə illüziyaları çox eşitmişik. Baş nazir bunu real addımlarla sübut etməlidir. Ona görə də özündə güc tapıb ilk növbədə bu planlara qarşı çıxan və xaricdən idarə olunan daxili radikal qrupları öz yerində oturtmalıdır. Yalnız bundan sonra Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdıra bilər. Nəticədə küncə sıxışdırılmış erməni toplumu xarici asılılıqdan qurtular, özünə təhlükəsiz və rahat həyat təmin edər. Yəni, artıq ermənilərin taleyi öz əllərindədir. Son qərar verməyin vaxtıdır, sonra gec olar.

Vəli İlyasov, “İki sahil”