21 iyun 2025 12:10
122

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

Ümummilli Liderimizin böyük fədakarlığı sayəsində dövlətimizin sarsılmazlığı, yüksəlişi, Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Bütün ömrünü xalqa təmənnasız xidmətə həsr edərək milli maraqları daim hər şeydən üstün tutan, Azərbaycanın qarşılaşa biləcəyi çətinlikləri əvvəlcədən duyan Ulu Öndər Heydər Əliyev zamanı qabaqlayaraq dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində böyük işlər gördü, ölkəmizin strateji hədəflərinin təmin edilməsi üçün zəruri və qəti addımlar atdı. Azərbaycan Ordusu ölkənin dayağı, xalqın güvənc yeri, qürur mənbəyidir və güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Ümummilli Liderimizin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər bu gün də öz ziya dolu nuruyla xalqımızı, ordumuzu şanlı qələbələrə doğru aparır.

Ümummilli liderin bütün sahələrdə siyasətini uğurla davam etdirən ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin orduya olan diqqət və qayğısı sayəsində ordu quruculuğu daha da təkmilləşdi, müasir standartlara uyğun inkişaf etdirildi. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.

Ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Bugün Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu.

Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi “Gün gələcək işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək” sözləri reallaşdı. Düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.

Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Qarabağ iqtisadi rayonunda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbə ilə suverənliyimiz bərpa olundu. Bu qələbə bir daha sübut etdi ki, dəmir yumruq yerindədir. İndi üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, işğaldan azad edilən digər şəhərlərimizdə qürurla dalğalanır və əbədi dalğalanacaq!

Prezident İlham Əliyevin dediyi kimi, bayrağımızı ucaltdıq Şuşada və işğaldan azad etdiyimiz bütün şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər.

Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur.

Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri