21 iyun 2025 12:39
114

Vahid amal, ortaq dəyərlər və müştərək strateji hədəflər: Azərbaycan-Türkiyə birliyi sarsılmazdır

2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı müstəsna mənəvi-siyasi əhəmiyyətə malikdir. Tədbirdə Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub: “Bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.

2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərq bölgələrində baş vermiş dəhşətli zəlzələ bütün türk dünyasını dərindən sarsıtdı. Təbii fəlakət anlarında göstərilən humanist yanaşma xalqlar arasında həmrəyliyin və mənəvi birliyin real göstəricisinə çevrildi. Məhz bu çətin günlərdə Azərbaycan dövləti səmimi qardaşlıq münasibətlərinə uyğun şəkildə dərhal yardım əli uzadaraq, Türkiyəyə ilk dəstək verən ölkələrdən biri oldu. Prezident İlham Əliyevin təşəbbüsü və qərarı ilə qardaş ölkəyə uzunmüddətli və dayanıqlı dəstək məqsədilə Kahramanmaraş şəhərində “Azərbaycan” adını daşıyan yeni bir yaşayış məhəlləsinin tikintisinə başlanıldı. Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilən bu nəhəng layihə 27,6 hektar ərazini əhatə edir. Məhəllə çərçivəsində 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına müasir ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və müxtəlif sosial obyektlər inşa edilib. Tikililər zəlzələ riski nəzərə alınaraq müasir standartlara uyğun, dayanıqlı konstruksiyalarla təmin olunub.

Azərbaycan-Türkiyə münasibətləri illərlə formalaşan, dərin tarixi və mənəvi təməl üzərində qurulmuş dostluq, qardaşlıq və tərəfdaşlığa əsaslanır. Qarabağ müharibəsi zamanı Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstək Azərbaycanın qələbəsində mühüm rol oynayıb. Bu dəfə isə Kahramanmaraşın dirçəlişi zamanı Azərbaycan eyni dərəcədə səmimi və fədakar dəstək göstərərək qardaşlıq münasibətlərinin nə qədər dərin və sarsılmaz olduğunu bir daha nümayiş etdirib.

2021-ci ildə Şuşada imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasında müttəfiqlik münasibətləri rəsmiləşdirilib. Bu sənədlə Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyəyə çatıb. Prezident İlham Əliyev bildirib ki, biz dostuq, qardaşıq, müttəfiqik: “Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir”.

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi xalqların həmrəyliyi, dövlət başçılarının uzaqgörən siyasəti və insani dəyərlərin real nümunəsidir. Türkiyə və Azərbaycan eyni taleyi bölüşən, eyni amallar uğrunda çiyin-çiyinə addımlayan dost və strateji müttəfiqlərdir.

Asif Əsgərov,
​Milli Məclisin deputatı