13 iyun 2025 10:39
199

Azərbaycan Dəmir Yolları: Qitələri birləşdirən Avrasiya körpüsü

Qədim İpək yolunun keçdiyi Azərbaycan Avrasiya məkanında geostrateji mövqeyi olan əhəmiyyətli tranzit qovşağıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Bu gün Azərbaycan Rusiya ilə İran körfəzini birləşdirən Şimal-Cənub, Çindən, Mərkəzi Asiyadan Avropaya quru konteynerlərin çatdırılmasını nəzərdə tutan Transxəzər, Orta dəhlizin əsas komponentlərindən biri sayılan Bakı-Tbilisi-Qars kimi meqatranzit layihələrə malikdir. Hazırda 145 yaşlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Avropa ilə Asiya arasında strateji körpü funksiyasını yerinə yetirir. Təkcə bir faktı xatırladaq ki, 2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Bunu bir çox ölkələrin dəmir yolu şirkətləri ilə (Qazaxıstan, Özbəkistan, Rusiya, Çin, Gürcüstan, Türkiyə və s.) ikitərəfli və çoxtərəfli sazişlər imzalayan ADY-nin beynəlxalq dəhlizlərin Azərbaycan ərazisində olan bütün seqmentlərinin uğurlu fəaliyyəti kimi xarakterizə etmək olar.  Bununla da ölkəmizin iqtisadi potensialını artıran, həm də yeni geosiyasi və geoiqtisadi imkanlar yaradan ADY beynəlxalq dəhlizlərdə öz mövqeyini daha da gücləndirib. Bu faktlar bir daha belə deməyə əsas verir ki, Azərbaycan özünün dəmir yolları ilə həqiqətən də dünya bazarları arasında mühüm bağlantı funksiyasını yerinə yetirir. Şübhəsiz, əldə olunan bu nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış dəmir yolu infrastrukturunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi və modernləşdirilməsinin nəticəsidir.

Göründüyü kimi, son dövrlər baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda yaranmış problemlər Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində kəskin artıma səbəb olmuşdur. Odur ki, ADY bu sahədə lokomotiv rolunu oynayan, daha doğrusu, tranzit daşımaların əsas “onurğa sütunu”nu hesab olunan dəmir yollarının müasir tələblərə uyğunlaşdırılması və tranzit potensialının daha da gücləndirilməsi məqsədilə iri infrastruktur layihələr reallaşdırmış, regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görmüşdür. Hətta Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə beynəlxalq tərəfdaşlığı da genişləndirmişdir. Artan tələbat fonunda 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanmış və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılmışdır. Bununla da Çin–Avropa–Çin nəqliyyat və ticarət dəhlizinə yeni nəfəs gətirilmişdir. Yeri gəlmişkən, bu il iyunun 9-da Gürcüstanın Poti şəhərində yerləşən və Orta Dəhliz üçün strateji əhəmiyyət daşıyan “Poti TransTerminal” multimodal konteyner terminalının da rəsmi açılışı olub.

Qeyd edək ki, son illər dünyada reallığa çevrilən nəqliyyat layihələri sırasında Bakı-Tbilisi-Qars xüsusi yer tutur. Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən və qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyev bu il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə demişdi ki, biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik: “Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur”. Amma Azərbaycan düşünülmüş siyasəti ilə bütün maneləri aşa bilmişdir. Nəticədə ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaratmışdır. Bununla yanaşı, 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilində daha bir qolunun – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Xəzər dənizindən keçməklə – formalaşdırılması məqsədilə sentyabr ayında Bakı şəhərində “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılmasına təşəbbüs göstərmişdir.

Məlumat üçün bildirək ki, Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur. Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə qədər uzanan mühüm nəqliyyat arteriyasıdır. Bu marşrut, xüsusilə Şimal və Cənub dəhlizlərinə alternativ kimi çıxış etməklə yükdaşıma müddətini və məsafəsini əhəmiyyətli dərəcədə azaldır. Ənənəvi Şimal marşrutundan fərqli olaraq, Orta Dəhliz daha sabit və təhlükəsiz alternativ kimi aktuallıq qazanıb. Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. Bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə imkan yaradıb. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Odur ki, ADY Orta Dəhlizin potensial imkanlarını yüksək dəyərləndirərək bu infrastrukturun inkişafına mühüm töhfələr verməyi planlaşdırmaqda davam edir. Bu, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda öz ifadəsini tapıb.

ADY  əldə olunan nailiyyətlərlə kifayətlənmək fikrində deyil. Məsələn, bu ilin may ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Münxendə keçirilən “Nəqliyyat və Logistika – 2025’’ beynəlxalq sərgisi çərçivəsində Çinin Dəmiryol Konteyner Daşımaları Korporasiyasının prezidenti Yanq Binlə görüşündə iki ölkə arasında inkişaf edən nəqliyyat əlaqələrini müzakirə etmiş, bu xüsusda aprel ayında Prezident İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında imzalanmış “Kəmər və yol” təşəbbüsünün birgə təşviqi və beynəlxalq multimodal daşımalar haqqında sənədlərin xüsusi əhəmiyyətini qeyd etmişdir. Bu isə o deməkdir ki, ADY yeni nailiyətlərə imza atmaqda israrlıdır.

Böyük strateji əhəmiyyətə və tranzit potensialına malik Şimal-Cənub dəhlizi dəhlizi də diqqət mərkəzindədir. Bu dəhliz Hindistan, İran, Azərbaycan, Gürcüstan və Rusiya vasitəsilə Farz körfəzini Şimali Avropa və Rusiya bazarları vasitəsilə birləşdirir. 2000-ci ildə Rusiya, İran və Hindistan arasında sazişlə əsası qoyulan Şimal-Cənub layihəsinə ADY 2005-ci ildə qoşulub. ADY bu dəhliz üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının rekonstruksiyasını da başa çatdırıb. Bu da öz bəhrəsini verməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə Şimal – Cənub dəhlizi ilə Azərbaycan ərazisindən 814 min ton tranzit yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 28 faizdən çoxdur. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmir yolu körpüsü inşa olunub, İran ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib.

Cənub-Qərb nəqliyyat dəhlizi isə Fars körfəzi/Hindistan–İran–Azərbaycan–Gürcüstan–Ukrayna–Avropa (və ya Türkiyə–Avropa) coğrafi marşrutu üzrə fəaliyyət göstərir. ADY-nin təşəbbüsü ilə yaradılan bu marşrutun təqdimatı 12 yanvar 2016–cı ildə Bakıda baş tutub. Elə həmin tədbirdə Azərbaycan, Gürcüstan, İran, Ukrayna dəmir yolları və dəniz limanları müəssisələri arasında müzakirələr aparılıb və dəhlizin inkişafına dair Protokol imzalanıb. Şimal-Qərb nəqliyyat dəhlizinin yaradılması isə Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi ilə mümkün olub. Bu dəhlizin formalaşdırılması Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə əsasən Türkiyə və Rusiya arasında artan yükdaşıma əməliyyatlarına hesablanıb.

Qeyd edək ki, ADY Azərbaycanın nəqliyyat qovşağına çevrilməsinə xidmət edən uzunmüddətli strategiya həyata keçirir. Belə ki, ADY-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri” sənədinə əsasən,  əsas strateji hədəf Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin də aktiv istifadə edilməsinə nail olmaqla ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə vermək, 2030-cu ilədək tranzit daşımaların illik həcmini 2-4 dəfə artırmaqdır. Şübhəsiz, ADY buna da nail olacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra Zəngəzur nəqliyyat dəhlizi layihəsi də aktuallaşıb. Bu da səbəbsiz deyil. Belə ki, Zəngəzur nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin bir hissəsinə çevriləcək, Azərbaycan Avropa iqtisadi halqasını Şərqi Asiya ilə birləşdirən yeni bir nöqtə olacaq.  Mütəxəssislərin fikincə, bu dəhlizin fəaliyyəti həm də bir neçə nəqliyyat dəhlizinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin də inkişafına gətirib çıxaracaq. Zəngəzur dəhlizi Azərbaycanı yalnız Naxçıvan ilə birləşdirəcək quru əlaqəsi deyil. Eyni zamanda, Türkiyə üzərindən Türk dünyasına uzanan yeni bir inteqrasiya xəttidir. Ona görə Avrasiya məkanında bu dəhlizin reallaşmasında maraqlı olmayan qüvvələr var. Amma Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də ondan ibarətdir ki, Azərbaycan bu dəhlizdən heç bir halda geri çəkilməyəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Çinin “China Media Group” korporosiyasının müxbirinə verdiyi müsahibəsində Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətini belə izah etmişdir: “Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Yazı  “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.