Avropa Komissiyası (AK) ictimaiyyəti iqlim siyasətinə inandırmaq üçün Almaniya şirkətlərini məhkəməyə vermək və kampaniya aparmaq üçün ətraf mühit qruplarını gizli şəkildə maliyyələşdirir.
Bu barədə “Welt am Sonntag” qəzeti sərəncamında olan məxfi müqavilələrə istinadən yazıb.
Qeyd olunub ki, Brüssel rəsmiləri və fəalları öz hərəkətlərini bir-biri ilə əlaqələndiriblər, onların məqsədi ictimaiyyəti Aİ-nin iqlim siyasətinə inandırmaq olub. Qəzetin yazdığına görə, bu məqsədlə vergi ödəyicilərinin milyonlarla avro vəsaiti xərclənib.
“Welt am Sonntag”, operatorların “maliyyə və hüquqi riskini” artırmaq məqsədilə Almaniyanın kömürlə işləyən elektrik stansiyalarını məhkəmə proseslərinə cəlb etmək üçün 350 000 avro aldığı bildirilən “ClientEarth” də daxil olmaqla bir sıra QHT-ləri misal gətirib.
Bundan əlavə, nəşrin məlumatına görə, “Yerin Dostları” (Friends of the Earth ) təşkilatı Avropa və Cənubi Amerika arasında azad ticarət sazişi ilə mübarizə aparmaq üçün AK tərəfindən “əməkdaşlığa” cəlb edilib. Halbuki, Avropa Komissiyasının əməkdaşları bu sazişi təbliğ ediblər.
Digər qrupların pestisidlər və kimyəvi maddələrlə bağlı səsvermədən əvvəl Avropa Parlamentinin deputatlarına təsir göstərmək üçün pul aldığı iddia edilib.
Müqavilələr 2022-ci ildə imzalanıb və vəsaitlər 2023-cü ildə alınıb. Bundan başqa ayrı-ayrı QHT-lər 700 min avroya qədər pul alıblar. Xristian Sosial Birliyinin Avropa Parlamentinin deputatı Monika Hohlmayer daha əvvəl proqramlarında radikal hərəkətlər, gizli siyasi lobbiçilik və qərar qəbul edənlərə təzyiqlər daxil olan təşkilatlara ümumi subsidiyaların verilməsini pisləyib.
Avropa Komissiyası “LIFE” proqramı vasitəsilə QHT-lərə dəstək verir. Ən son olaraq, AK illik əməliyyat qrantları şəklində 15 milyon avro ayırıb. Qəzet yazır ki, hazırda gələn ilin büdcəsi ilə bağlı danışıqlar gedir.
"Report"