05 iyun 2025 11:16
215

Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. Sözsüz ki, bu tədbirin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyəti olduqca böyükdür.

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk addımlarını atıb. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxta təsadüf edib. Məhz o vaxtdan bəri “Bakı Enerji Həftəsi” enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrilib.

2025-ci ildə Bakının ev sahibliyi etdiyi COP29 – sadəcə bir konfrans yox, ekoloji müdrikliyin və qlobal ədalətin zirvəsi kimi tarixə yazıldı. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə təkcə coğrafi deyil, mənəvi baxımdan da dünyanın mərkəzinə çevrildi. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Cənab Prezident İlham Əliyev bu böyük tarixi hadisənin açılışında bir daha açıq və dürüst şəkildə bəyan etdi: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Hədəflərimiz real və praqmatik idi.” Bu sadə, lakin əhatəli cümlə bütün COP prosesinin fəlsəfəsini dəyişdi. Amma bu gün Azərbaycan dünyaya sübut edir ki, neftə arxalanmaq gələcəyi gecikdirmək deyil, onu qabaqlamaqdır. Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.  Neft və qazın ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. İnsan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq.  Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı. 2030-cu ilə qədər ölkəmizin 6,5 giqavatlıq bərpaolunan enerji potensialı istifadəyə veriləcək. Bu isə ümumi enerji istehsalımızın 35 faizindən çoxunun yaşıl mənbələrdən təmin olunması deməkdir. Bununla paralel, yaşıl enerji sahəsində reallaşdırılan layihələr sayəsində bir neçə milyard kubmetr təbii qaz daxili istehlakdan azad edilərək ixraca yönəldiləcək. Bu, sadəcə enerji optimallaşdırması deyil – bu, dünyanın enerji təhlükəsizliyinə verilən strateji töhfədir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Caspian Power” sərgisi Azərbaycan üçün təkcə texnologiyaların vitrini deyil. Bu sərgi – təbiətlə müharibə aparmadan inkişafın mümkünlüyünün rəmzidir. Burada günəş, külək, geotermal enerji texnologiyaları, elektrik nəqliyyat vasitələri, enerjiyə qənaət edən avadanlıqlar nümayiş olundu. Bu sərgi Azərbaycanı göstərdi. Biz sərvəti qorumaqla yanaşı, təbiəti də qoruyuruq. Biz enerji ixrac etməklə yanaşı, yaşıl model ixrac edirik. Biz dövlət olaraq gələcək nəsillər qarşısında borcumuzu dərk edirik, Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Dövlətimizin başçısı çıxışında bu məqamı da xüsusi vurğuladı ki, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir.

Ölkəmizin enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib olunub. Artıq Azərbaycan öz tərəfdaşları ilə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edib. Bunun nəticəsidir ki, Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizini nümunə göstərmək olar. Dövlətimizin başçısı da bəyan etdi ki, ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışında Azərbaycanın səkkiz ölkəyə təbii qaz ixrac etdiyini, bu il isə bu rəqəmin 12-yə çatdığını bəyan edib”.  Prezident İlham Əliyevin də qeyd etdiyi kimi enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir.Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını daha da genişləndirərək beynəlxalq miqyas alır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, iqtisadiyyatını inkşaf etdirmək istəyi iştirakçısı və təşəbbüsçüsü olduğu, həmçinin icrası uğurlu sonluqla başa çatdığı layihələrdə özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizə davamlı uğurlar qazandırır, siyasi mövqeyini daha da möhkəmləndirir.  Azərbaycan qlobal aktor rolunda çıxış edir, yeni əməkdaşlıq şəbəkəsinin yaradılmasında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri