Müasir dünyada enerji amili istisnasız olaraq bütün ölkələr üçün həm də milli təhlükəsizlik məsələsidir. Əgər Yaşıl enerjiyə keçidin bir səbəbi ətraf mühitin qorunması ilə bağlıdırsa, digər səbəb kənardan alınan qazıntı yanacağından asılılığı aradan qaldırmaq niyyətindən qaynaqlanır. Lakin mövcud dünya reallığı göstərir ki, yaxın onilliklər ərzində ölkələrin qazıntı yanacağına olan tələbatını tam aradan qaldırmaq mümkün olmayacaq. Bərpaolunan enerji və qazıntı yanacağı sektorları arasındakı rəqabəti faydalı məcraya istiqamətləndirməyin ən əlverişli yolu balanslı yanaşmaya nail olmaqdır. 39 ölkədən 267 şirkətin iştirak etdiyi “Bakı Enerji Həftəsi”nin əsas məqsədlərindən biri də bu istiqamətdə peşəkar müzakirələrin aparılması və reallıqlara konsensus əsasında ortaq münasibətin formalaşdırılmasıdır. Bu il keçirilən “Bakı Enerji Həftəsi” 30-cu il yubiley tədbiridir. 1992-1993-cü illərdəki Azərbaycan bugünkü Azərbaycandan çox fərqlənirdi.
Ulu Öndərin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi imkan verdi ki, əks qütblərdə dayanan güc mərkəzlərini 1994-cü ilin sentyabrın 20-də Bakıda bir araya gətirərək "Əsrin Müqaviləsi"nin imzalanmasına nail ola bilsin. Bu tarixi razılaşma ilə Azərbaycanın gerçək mənada iqtisadi müstəqilliyinin və gələcək uğurlarının təməli qoyuldu. Elə həmin il Ulu Öndərin təşəbbüsü ilə Bakıda ilk Neft-Qaz Sərgisi keçirildi və bununla “Bakı Enerji Həftəsi” ənənəsinin də bünövrəsi qoyuldu.
Ulu Öndərin müəyyənləşdirdiyi neft strategiyası Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində İtaliyanın sahillərinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi kimi başqa bir qlobal layihə ilə davam etdirilir. Azərbaycan artıq bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinin etibarlı qarantına çevrilib.
Qardaş Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktarın, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi və Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin Birgə Enerji Bölməsinin rəhbəri Sofi Vestleykin, OPEC-in Baş katibi Haysam Əl-Qaysın, Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borreronun Yubiley tədbirindəki çıxışları bir daha göstərdi ki, bu tədbir olduqca geniş coğrafiyanın diqqət mərkəzindədir. Hökumətlərdən tutmuş qlobal şirkət rəhbərlərinə qədər hər kəsi düşündürən əsas məsələlərdən biri onunla bağlıdır ki, milli təhlükəsizliyin tərkib hissəsinə çevrilən enerji ölkələr arasında qarşıdurmaya deyil, faydalı iqtisadi əməkdaşlığa xidmət etsin.
Yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb şəraitdə qazıntı yanacağı ilə bərpaolunan enerji arasında ayırıcı xətlərin çəkilməsi mövqeyindən çıxış edənlər öz arqumentlərini nə qədər əsaslandırmağa çalışsalar da, mövcud reallıqlar nəzərə alınmadan, ortaq məxrəcin tapılması qeyri-mümkündür. Çünki arzulardan asılı olmayaraq, dünya iqtisadiyyatının qazıntı yanacağına ehtiyacı yaxın onilliklər ərzində aradan qalxmayacaq. Eyni zamanda, bərpaolunan enerji sektoruna tədricən keçid dövrü də qaçılmazdır. Lakin bu, çox böyük sərmayələr tələb edən və yalnız inkişaf etmiş ölkələrin keçə biləcəyi uzun bir yoldur. Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi“nin açılış mərasimindəki çıxışında problemin həllinə praqmatik və məsuliyyətli Lider mövqeyindən irəli gələn baxışını belə ifadə etdi: “Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir”.
Təcrübə də sübut edir ki, niyyət saf olanda, onun arxasında məsuliyyətli və etibarlı dövlət mövqeyi dayandıqda, Qələbələr də qaçılmaz olur. “Bakı Enerji Həftəsi” çərçivəsində yüksəksəviyyəli qonaqların Azərbaycan Prezidentinə ünvanladıqları təbriklərə ölkəmizin milli komandasının minifutbol üzrə dünya çempionu adını qazanması da əlavə olundu. Prezident İlham Əliyevin iyunun 2-də bu möhtəşəm qələbə münasibətilə milli komandamızın üzvlərini qəbul edərkən söylədiyi fikirlər, sözün həqiqi mənasında, müasir və qalib Azərbaycanın gerçək mənzərəsini ifadə edir: “Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik”.
Tarixi Zəfərə imza atmış Azərbaycana, həqiqətən, yalnız bu cür parlaq qələbələr yaraşır və əminəm ki, müasir dünyanın mürəkkəb çağırışlarına, zaman-zaman ölkəmizə qarşı yönələn təhdid, təzyiq və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycanı qarşıda yeni nailiyyətlər gözləyir.
Nərmin Cəfərova,
261 nömrəli məktəb-liseyin müəllimi