03 iyun 2025 18:18
328

Azərbaycanın enerji siyasəti yalnız iqtisadi məqsədlərlə məhdudlaşmır, həm də geosiyasi əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər dünya ictimaiyyətinin diqqətini yenidən ölkəmizin enerji siyasətinə və qlobal təşəbbüslərinə yönəldib. Enerji sahəsində böyük təcrübəyə malik olan Azərbaycan bu mötəbər tədbirlə həm tarixi nailiyyətlərini, həm də gələcəyə dair hədəflərini bir daha nümayiş etdirdi.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki,  «Əsrin müqaviləsi» regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi: «Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, «Əsrin müqaviləsi» adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi».

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji diplomatiyası  Ulu Öndərin neft strategiyasının davamı olaraq regionda sabitliyin və əməkdaşlığın mühüm dayağı kimi çıxış edir. Hazırda ölkənin ümumi daxili məhsulunda (ÜDM) neft və qaz sektorunun payı 30 faizdən artıqdır. Bu faktor ölkənin enerji sektorunun hələ də iqtisadiyyatda əsas rol oynadığını göstərsə də, paralel şəkildə həyata keçirilən şaxələndirmə siyasəti iqtisadi sabitliyə və sosial rifaha xidmət edir. Xarici borcun ÜDM-ə nisbətinin 7 faizdən aşağı olması və strateji valyuta ehtiyatlarının borcdan 14 dəfə çox olması Azərbaycanın maliyyə dayanıqlığının nümunəvi modelini ortaya qoyur. Təhsil və insan kapitalı sahəsindəki investisiyalar nəticəsində ölkədə savadlılıq səviyyəsi 100 faizə çatıb. İnfrastruktur sahəsində isə həm regional, həm də beynəlxalq yükdaşımalar üçün müasir dəmir yolları, hava və dəniz limanları, avtomobil magistralları yaradılıb ki, bu da Azərbaycanı Avrasiya üçün tranzit mərkəzinə çevirib.

Bu gün Azərbaycanın enerji siyasəti yalnız iqtisadi məqsədlərlə məhdudlaşmır, eyni zamanda geosiyasi əhəmiyyət daşıyır. Xəzər dənizindən Qara və Aralıq dənizləri istiqamətində uzanan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi transmilli layihələr ölkəmizi qlobal enerji xəritəsində əsas aktorlardan birinə çevirib. Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə ixrac edir və bu rəqəm qarşıdakı illərdə daha da artacaq. Təkcə 2024-cü ildə 25 milyard kubmetr qaz ixrac olunub, 2030-cu ilədək isə bu göstəricinin 33 milyard kubmetrə çatdırılması planlaşdırılır. Yeni kəşf edilmiş yataqlardan hasilatın artması və müasir texnologiyaların tətbiqi bu məqsədlərə çatmaq üçün möhkəm zəmin yaradır. Dövlətimizin başçısı qeyd edib ki, açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik: «Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib.»

Ölkəmizin başçısının çıxışında, həmçinin Azərbaycanın yaşıl enerji gündəliyinə də toxunub. 2030-cu ilə qədər ölkədə bərpaolunan enerji mənbələri əsasında 6,5 giqavat gücündə elektrik enerjisi istehsalı planlaşdırılır. Bu göstərici ümumi enerji balansının təqribən 35 faizini təşkil edəcək və həm daxili enerji tələbatının ödənilməsinə, həm də ixraca yönəlmiş qaz ehtiyatlarının optimallaşdırılmasına şərait yaradacaq. Bu məqsədlə xarici investorlarla artıq müqavilələr imzalanıb və layihələrin icrası sürətlə davam etdirilir.

Azərbaycanın COP29-un ev sahibi kimi seçilməsi isə ölkənin beynəlxalq etimad qazandığını, iqlim dəyişiklikləri ilə mübarizədə konstruktiv və məsuliyyətli mövqe sərgilədiyini göstərir. Real iqtisadi əsaslara söykənən yaşıl keçid siyasəti həm enerji təhlükəsizliyi, həm də ekoloji məsuliyyət baxımından balanslı yanaşma tələb edir. Prezident İlham Əliyev vurğulayıb ki, bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi: «Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır.»

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri