“Əsrin müqaviləsi” gözlə görünməyən ən böyük uğurumuz oldu
“Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, "Əsrin müqaviləsi" adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi.”
Bu sözləri Prezident İlham Əliyev 30-cu "Caspian Oil and Gas", 13-cü "Caspian Power" və 30-cu "Baku Energy Forum"un rəsmi açılış mərasimindəki çıxışında deyib.
"Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi", - deyə dövlətimizin başçısı əlavə edib.
Bəli, “Əsrin müqaviləsi”nin müəllifi Ümummilli Liderimiz Heydər ƏIliyev idi. Bu, o zaman idi ki, müstəqilliyin bərpasından üç il keçməsinə baxmayaraq həlli vacib məsələlər yığılıb qalmış, Müdafiə Nazirliyi formalaşdırılmamış, nizami ordu yaradılmamış, silah-sursat təminatı qaydaya salınmamış, iqtisadiyyat dirçəldilməmişdi. Hakimiyyətə çevrilişlə gələn AXC-Müsavat cütlüyü ölkəni “ölüm-qalım” vəziyyətinə gətirib çıxarmışdı. Qısaca desək, Azərbaycanda idarəsizlik və xaos hökm sürürdü. Zəiflədilmiş ölkənin gələcəyi hər kəsi dərindən narahat edirdi, heç kəs çıxış yolu görmürdü. Ən qorxulusu isə daxili separatçıların ölkəni bir neçə hissəyə bölmək cəhdləri idi. Artıq ölkənin hər yerində “Talış-Muğan Respublikası”, Gəncə xanlığı, Bakı qubernatorluğu, sadvalçıların “Ləzgistan”ı haqqında söz-söhbətlər gəzirdi.
Ancaq hamının yalnız bir ümid yeri vardı. Belə təhlükəli dövrdə xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndərimiz Heydər Əliyev heç kəsin görə bilmədiyi yeganə çıxış yolunu gördü. Dünyanın gedişatını çox döğru qiymətləndirən böyük dövlət və siyasət xadimi bilirdi ki, ilk növbədə beynəlxalq aləmdə Azərbaycanla bağlı fikri xeyirimizə dəyişmək lazımdır. Gözlə görünməyən həmin təsir qüvvəsi bir ordunun görə biləcəyi işdən daha güclüdür. Bunun üçün dünyanın aparıcı dövlətlərinin maraqlarına uyğun möhtəşəm bir addım atılmalıdır. Həmin addım isə “Əsrin müqaviləsi” adlandırılan neft kontraktları idi. Dahi rəhbərimiz qəsdən zəiflədilmiş ölkədə silah gücünə hakimiyyətə gəlmək kimi pis bir ənənəyə son qoydu. Silahlı qruplar ləğv edildi, vahid komandanlıq yaradıldı, ixtisaslı və peşəkar zabit korpusunun təşkilinə başlanıldı. Darmadağın edilmiş iqtisadiyyat tədricən dirçəldildi, qanunlar işlək vəziyyətə gətirildi, aqrar islahatlar aparıldı, torpaq öz sahiblərinə-kəndlilərə paylandı.
Ümummilli Liderimizin iş cədvəli nə qədər sıx olsa da gecəsini gündüzünə qatıb ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün qarşıda duran bütün məsələləri həll edirdi. Nəhayət, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdı. Müqavilənin 13 milyard ABŞ dolları həcmində qiymətləndirilməsi onun nə üçün "Əsrin müqaviləsi" adlandırılması sualına verilən cavablardan biri ola bilər. Çünki o dövrdə bu rəqəm fantastik bir rəqəm sayılırdı.
Uzaqgörən Ulu Öndərimiz Heydər Əliyevin müqavilədən bütün gözləntiləri ardıcıllıqla həyata keçməyə başladı. Azərbaycan sürətli inkişaf yoluna çıxdı. Beynəlxalq aləmdə fəal iş aparan-Azərbaycan həqiqətlərini dünyaya çatdıran Heydər Əliyev erməni lobbilərinin yalanlarını ifşa edərək onlara öz yerlərini göstərdi. Ermənistan rəhbərləri güclənən Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəklərini anlayaraq atəşkəs müqaviləsi imzalamağa məcbur oldular. Çünki onlar artan təzyiqlərə sonadək davam gətirməyəcəklərini hiss etməyə başlamışdılar. Bundan sonra erməni ideoloqları danışıqlardan yayınmaq üçün qanlı dövlət çevrilişlərinə əl atdılar. İlk prezident Levon Ter-Petrosyan hadisələrin faciə ilə bitəcəyini bildiyindən istefa verib vəzifədən getdi. Dövlət çevrilişləri də bundan sonra başlandı. 1999-cu ilin oktyabrında Ermənistan parlamentində qanlı insident baş verdi. Azərbaycana güzəştlərə getməklə Qarabağ münaqişəsini həll etmək istəyən spiker Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyan, daha altı nəfər vəzifəli şəxs və deputat iclas zalında gülləbaran edilib öldürüldü. Həmin vaxtdan 2020-ci ilədək müddətdə eks-prezidentlər olan Robert koçaryan və Serjik Sarkisyan danışıqlardan qaçaraq “vaxt uzatma” siyasəti yeritdilər. Düşünürdülər ki, 40, 50 il keçər, azərbaycanlılar Qarabağ məsələsini unudarlar.
Lakin Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev və Azərbaycan xalqı qətiyyən belə düşünmürdülər. Əksinə, Prezident hər yerdə, həmişə inamla bildirirdi ki, torpaqlarımızı hansı yolla olursa-olsun azad edəcəyik. Nəhayət, o gün gəldi. Özü barədə mif uyduran Ermənistanın işğalçı ordusu cəmi 44 gün ərzində darmadağın edildi, sağ qalanları isə qovulub sərhədlərimizdən kənara qovuldu. 2020-ci ilin 8 noyabr tarixi silahlı qüvvələrimizin möhtəşəm tarixi Qələbəsi və milli qürur günümüz oldu. Parlaq Qələbəmizə dostlar ürəkdən sevindilər, düşmənlər isə dərindən məyus oldular.
Prezidentimizin dediyi kimi, Azərbaycan hazırda regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişərək lider dövlətə çevrilmiş ölkədir. Bu reallığı artıq dünyanın bir çox dövlətləri qəbul etməkdədir.
Vəli İlyasov, “İki sahil”