28 may 2025-ci ildə – Azərbaycanın Laçın şəhərində çox önəmli bir hadisə baş verdi. Azərbaycan, Türkiyə və Pakistan liderləri burada görüşdülər. Bu görüş, sadəcə siyasi bir tədbir deyil, həm də qardaşlıq və birlik mesajı idi.Bu üç ölkə arasında münasibətlərin səmimi və dərin olduğunu hər kəs bilir. Onları sadəcə diplomatik əlaqələr yox, tarix, mədəniyyət və qardaşlıq birləşdirir. Laçında keçirilən bu görüş də göstərdi ki, bu üç ölkə bir yerdə olduqda həm öz aralarında, həm də regionda sabitlik və inkişaf mümkündür.
Təəssüf ki, uzun illər ərzində Ermənistan Azərbaycanın bir sıra ərazilərini işğal etdi. Bu təkcə siyasi məsələ deyildi – bunun nəticəsində minlərlə ailə evsiz qaldı, insanlar doğma torpaqlarından qovuldu. O torpaqlarda kəndlər, şəhərlər viran qoyuldu, mədəniyyət abidələri məhv edildi.Azərbaycan xalqı heç vaxt bu ədalətsiz vəziyyəti qəbul etmədi. Həm dövlət, həm xalq daim haqq səsini dünyaya çatdırdı. 2020-ci ildə isə tarix dəyişdi – Azərbaycan Ordusu torpaqlarını geri qaytardı. Bu, bizim üçün sadəcə qələbə yox, həm də ədalətin bərpası idi.
Laçında belə bir yüksək səviyyəli görüşün baş tutması çox dərin məna daşıyır. Çünki bu şəhər illərlə işğal altında idi. İndi isə burada hava limanı açılır, beynəlxalq tədbirlər keçirilir, həyat yenidən canlanır. Bu, Azərbaycanın necə gücləndiyini və ayağa qalxdığını göstərir. Görüşün 28 may tarixində keçirilməsi də təsadüfi deyildi. Məhz bu gün 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdı. Bu, müsəlman dünyasında ilk demokratik respublika idi. İndi isə həmin respublikanın varisi olan müasir Azərbaycan regionda söz sahibi dövlətə çevrilib.
Bu görüş sadəcə siyasətçilərin danışığı deyildi. Bu, həm tarixə bir hörmət idi, həm də gələcək üçün verilmiş birlik mesajı. Mənə görə, bu cür görüşlər biz gənclərə də ümid verir. Gələcəkdə biz də bu münasibətləri qoruyub inkişaf etdirməliyik.
Kəmalə İsmayılova,
Xətai rayonu, 24 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi