02 iyun 2025 11:26
178

Üçtərəfli Zirvə görüşü səmərəli əməkdaşlıq platformasıdır

Mayın 28-də Laçında üç dost və qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü birliyimizin və qardaşlığımızın sarsılmaz olmasının göstəricisidir.  Liderlərin üçtərəfli Zirvə görüşü səmərəli əməkdaşlıq platforması olmaqla bərabər regionda formalaşan yeni əməkdaşlıq modellərinə dair ciddi mesaj idi. 

Üç dost ölkə arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir. Siyasi dialoq intensiv səciyyə daşıyır. Liderlər müntəzəm olaraq qarşılıqlı səfərlər edirlər və aktual müzakirələr aparırlar. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Eyni zamanda, iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir. Bu baxımdan, Qars Müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında 2021-ci il 15 iyun tarixində imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. 

Eyni zamanda, Azərbaycan - Pakistan münasibətləri də strateji səviyyəyə yüksəlib. Pakistanın Baş naziri 2023 və 2024-cü illərdə, həmçinin 2025-ci ilin fevralında ölkəmizə səfər edib. Prezident İlham Əliyev isə 2024-cü ilin iyul ayında Pakistanda dövlət səfərində olub. Həmin səfər zamanı Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Bu, Pakistanda Azərbaycana və onun Liderinə bəslənən yüksək rəğbətin ifadəsidir.

Üç qardaş ölkə həmçinin beynəlxalq platformalar çərçivəsində də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev Laçında baş tutan üçlü Zirvə görüşündəki  çıxışında ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət göstərdiklərinə ayrıca diqqət çəkib. Azərbaycan Prezidenti ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana təşəkkürünü çatdırıb.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Müstəqillik Günündə üç dövlətin Liderinin Laçın şəhərində bir yerdə olmasının böyük rəmzi mənası vardır. Çətin günlərdə bir-birinin yanında olan Azərbaycan, Türkiyə və Pakistan hər zaman haqq və ədalət mübarizəsi aparıb, ən ali platformalarda sarsılmaz mövqe və həmrəylik nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana sona qədər siyasi və mənəvi dəstək verən Türkiyə və Pakistanın tarixi Zəfərin rəmzlərindən biri olan Laçına gəlməsi də məhz haqq-ədalətin, qələbənin, sülhün və təhlükəsizliyin simvoludur.

Bu Zirvə görüşü bir daha təsdiqlədi ki, dost və qardaş dövlətlər bölgədə yeni siyasi tarix yazır, yeni rifahın təməllərini qoyurlar. Üçtərəfli Zirvə görüşü bölgədə yeni başlayan möhkəm əməkdaşlığın, təhlükəsiz və dayanıqlı rifahın, iqtisadi-sosial səadətin və əbədi dostluğun simvolu kimi siyasi-tarixi məzmun kəsb edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi bu mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Bu birlik və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. “Bizim gücümüz birliyimizdədir. Bu Zirvədən dünyaya verilən mesajlar lazımi ünvana çatacaq”.

Anar Məmmədov,

Milli Məclisin deputatı