31 may 2025 16:57
210

İğdır müftisi: Qarabağda ermənilərin dağıtdıqları qəbiristanlıqları görüb çox məyus olmuşam

Türkiyənin İğdır bölgəsinin müftisi Zahid Demirel Qarabağda ermənilərin dağıtdıqları qəbiristanlıqları görüb çox məyus olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, o, "Report"un Ağdama ezam olunmuş əməkdaşına açıqlamasında deyib ki, vaxtilə eşitdikləri ilə burada şahidi olduqları arasında böyük fərq var:

"Biz Türkiyədə olsaq da, müharibənin gedişatını hər gün yaxından izləyirdik. Amma bura gələndən sonra münaqişənin nəticələrini yaxından görmək arasındakı fərqi anlayırsan. Biz burada dağıdılan kəndləri, məzarlıqları, məscidləri, şəhid məzarlarını gördük. Burada gördüklərimiz ərazidə törədilən qətliamın ürəkdağlayan mənzərəsini gözlər önündə canlandırır".

Z.Demirel vurğulayıb ki, bütün dünyada dini inanclara hörmətlə yanaşılsa da, Qarabağda tam əksinin şahidi olub:

"Heç bir dində ibadət yerlərinə qarşı hörmətsizliyə yol verilmir. Hətta qeyri-müsəlman adətlərində belə dini inanclara hörmətlə yanaşılır. Biz acı həqiqəti hər kəsin bilməsinə çalışmalıyıq. Düşünürəm ki, bu vəhşiliyi olduğu kimi tanıtmaq hər bir müsəlmanın borcudur. Bir din adamı, müsəlman olaraq Qarabağda ermənilərin dağıtdıqları qəbiristanlıqları görüb çox məyus olmuşam".