Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri olan 28 May - Müstəqillik Günü münasibətilə, 30 illik erməni işğalından azad olunmuş və dirçəliş dövrünü yaşayan Laçında möhtəşəm bir Zirvə görüşü keçirilib. Bu tarixi tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər. Bu heyrətamiz və qürurverici hadisə barədə müxtəlif fikirlər səsləndirilib, geniş təhlillər aparılıb, görüşün əhəmiyyəti və mahiyyəti haqqında cəmiyyətə dolğun məlumatlar verilib. Belə bir hadisə haqqında yeni və fərqli fikir söyləmək, əlavə nəsə demək ilk baxışdan çətin görünə bilər. Əlbəttə, müxtəlif yanaşmalar və dəyərləndirmələr mövcuddur. Lakin bu hadisənin siyasi əhəmiyyəti, tarixi rolu, regional və qlobal miqyasda təsiri ilə bağlı irəli sürülən fikirlərlə razılaşmamaq mümkün deyil. Bununla belə, elə bir məqam var ki, o, diqqətdən yayınmamalıdır.
Fikrimcə, bu hadisənin məhz Hindistan-Pakistan münaqişəsindən və Pakistanın təcavüzkara layiqli cavabından sonra baş verməsi təsadüfi deyildir. Dünyanın diqqətlə izlədiyi iki nəhəng nüvə dövlətinin silahlı qarşıdurmasından dərhal sonra Pakistan Baş nazirinin məhz Türkiyə və Azərbaycana səfəri mübaliğəsiz desək, sadəcə, bir dövlət rəhbərinin digər dövlətlərə rəsmi, işgüzar, yolüstü və ya qeyri-rəsmi səfəri deyildi. Bu səfər əslində “minnətdarlıq ziyarəti” idi.
“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.
O qeyd edib ki, həmçinin bu, böyük bir çətinlikdə - insan resursları, ərazi, iqtisadiyyat və hərbi güc baxımından qat-qat böyük düşmənə qarşı ölüm-dirim mübarizəsində Pakistanı tək qoymayan, ona dayaq olan, dəstək və kömək verən iki qardaş ölkənin evinə edilən nəciblik və lütf səfəri idi: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövrlərdə Türkiyə və Pakistan həmişə onun yanında olub. Torpaqlarımız Ermənistan tərəfindən işğal edildiyi vaxtlarda bu ölkələr işğalı qınayıb, torpaqlarımızın dərhal azad olunmasını tələb edib və ölkəmizin haqlı mübarizəsini siyasi-diplomatik yollarla bütün beynəlxalq platformalarda müdafiə ediblər. Nəhayət, Azərbaycanın suverenliyinin bərpası və torpaqlarının işğaldan azad olunması uğrunda apardığı haqlı mübarizədə, - 44 günlük Vətən müharibəsi dövründə, - biz dostumuzu və düşmənimizi bir daha tanıdıq. Çətin anlarda, dar gündə kimə güvənəcəyimizi müəyyənləşdirdik və Türkiyə ilə Pakistan bu etibarı sözlə deyil, əməllə də bir daha təsdiqlədilər. Biz bu iki qardaş ölkənin siyasi və mənəvi dəstəyindən güc alaraq, çoxsaylı havadarlarına arxalanan xain düşməni məğlub etməyə nail olduq. Eynilə, Pakistan da çətin günlərdə - Hindistan tərəfindən sərt hücuma məruz qaldığı vaxtlarda, dünyanın ən böyük əhalisinə, geniş hərbi resurslara və nüvə arsenalına malik qonşusuna qarşı apardığı haqlı mübarizədə, dar məqamlarda yanında kimlərin dayandığını gördü. Türkiyə və Azərbaycan qətiyyətlə Pakistana həmrəylik göstərərək onu dərhal dəstəklədilər. Şübhəsiz ki, Pakistanın siyasi və hərbi rəhbərliyi, eləcə də Pakistan xalqı bu münasibətin qüdrətinə və gücünə inandı, ona güvəndi. Bu inam sayəsində Pakistan proseslərə ədalət və obyektivlik prizmasından deyil, qərəzli dini ayrı-seçkilik prizmasından baxan, İslam dünyasına düşmən kəsilən bir sıra islamofob siyasi qüvvələrin və dövlətlərin dəstəklədiyi Hindistanı sakitləşdirməyi, öz gücünü və qüdrətini göstərməyi bacardı.
Bu hissləri ən gözəl formada Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında çıxışı zamanı ifadə edib: “Bu, bizim tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi. Çətin zamanda bir araya gəldilər və biz bunu heç vaxt unutmayacağıq. Qardaşım Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin heç vaxt əvəzini çıxa bilmərəm. Allah özü sizi mükafatlandıracaq. Bu qardaşlığa və səmimi dəstəyə görə təşəkkür edirəm”.
Siyasi şərhçinin sözlərinə görə, digərə tərəfdən bu görüş dövlətlərarası münasibətlərin ən yüksək, ən səmimi və etibarlı formasının - Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz dostluq və əməkdaşlıq formatının nümayişi idi. Eyni mövqeyi, oxşar maraqları, mənafeləri, tarixi, dini, milli bağlılığı olan üç qardaş dövlətin birlik, həmrəylik, müttəfiqlik göstəricisi olan Zirvə toplantısı dünyaya verdiyi bir neçə mesajla da yadda qaldı:
- Üç qardaş dövlət arasında yaradılmış və gündən-günə yüksələn xətlə inkişaf edən bu strateji müttəfiqlik platforması regionda, hətta dünya miqyasında yeni reallıqlar yaradır.
- Üçtərəfli formatda, dövlətlərarası müxtəlif sahələrdə, o cümlədən hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni imkanların yaradılması Bakı, Ankara və İslamabadın daim bir-birinin yanında olduğunu təsdiqləyir. Azərbaycan, Türkiyə və Pakistan hər bir dövlətin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə qarşı olan istənilən cəhdlərin qarşısını almaq üçün həmişə birgə olacaq və bir-birinə zəruri dəstəyi göstərəcəklər. Bu mesaj həm də Cənubi Qafqazın həlledici aktoru və Avropanın etibarlı tərəfdaşı olan regionun lider dövləti Azərbaycana qarşı hələ də düşmənçilik siyasəti yürüdən, beynəlxalq qüvvələrin himayəsinə və müxtəlif geopolitik amillərin dəyişməsinə ümid edən, separatçılıq və revanşist xülyalardan əl çəkmək istəməyən Ermənistana, həmçinin iki ölkə arasında atəşkəs elan edilməsinə baxmayaraq hələ də gərgin günlər yaşayan, demokratik quruluşu, güclü ordusu, müstəqil xarici siyasəti və terrora qarşı mübarizəsi ilə Asiyanın və dünyanın sayılıb-seçilən nüvə dövləti olan Pakistanına qarşı hikkəli davranış nümayiş etdirən Hindistana, onun islamofob Baş nazirinə, eləcə də PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah olması ilə terrorçuluqla mübarizədə uğur qazanan, Afrikanın şimalından Mərkəzi Asiyaya, Cənubi Qafqaza, Qara dəniz sahillərinə və Yaxın Şərqədək geniş coğrafiyada söz sahibi olan, dünya gücünə çevrilən Türkiyəyə qısqanclıqla yanaşanlara, onu sevməyənlərə ünvanlanır.
- Bu platforma təhlükəsizlik sahəsində birgə fəaliyyət, qarşılıqlı yardım potensialı bütövlükdə böyük bir coğrafiyada təhlükəsizlik məsələlərinin səmərəli həll olunmasına zəmin yaradacaq və onun qarantı olmaq iqtidarındadır.
“Azərbaycan Prezidenti İlham Əliyevin “Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - sözləri yuxarıda deyilənləri yalnız bir cümlə ilə ifadə edir”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.