30 may 2025 00:28
206

Biz qayıtmalıydıq və qayıtmışıq

Dövlət başçısı İlham Əliyev 28 May-Müstəqillik Günündə azad Laçında keçirilən bayram tədbirlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakını önə çəkərək bildirdi ki, bizim gücümüz birliyimizdədir

Mayın 28-də Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.

Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan cənab İlham Əliyev onu da bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daşı-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik. Ona görə müharibə başa çatan kimi dərhal quruculuq işlərinə start verilmişdir. Cənab İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi hədəflərə yüksək səviyyədə və zamanında nail olmaq üçün iqtisadi amilin əsas olduğunu açıqladı.

Azərbaycan dövlətinin tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə tez bir zamanda başlaması, qısa müddətdə sadalamaqla bitməyən işlərin görülməsi də Azərbaycanın iqtisadi qüdrətinə əsaslanır. Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq. 2026-cı ilədək 140 min köçkünün öz dədə-baba torpaqlarına qayıtması nəzərdə tutulub. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü inşa edilir. Bu, sadəcə olaraq işin miqyasını göstərir. Bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir. Bu torpaqlarda artıq üç beynəlxalq hava limanının açılışı olub. Bu uğurları görmək üçün dövlət başçısı İlham Əliyevin mayın 27-də Laçın rayonuna səfəri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir.

Azad edilmiş ərazilərdə icra edilən layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. 2021-ci ildə Füzuli, 2022-ci ildə Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Laçın Beynəlxalq Hava Limanının 28 May- Müstəqillik Günündə istifadəyə verilməsinin öz rəmzi mənası vardır. Dövlət başçısı İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında keçirilən Müstəqillik Günü ilə bağlı konsertdə çıxışı zamanı bir daha qeyd etdi ki, indi azad edilmiş bütün torpaqlarda bərpa, quruculuq işləri gedir. Böyük infrastruktur layihələri icra edilir - xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb. Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir. Artıq dörd ildən çoxdur ki, müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq: «Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.»

Onu da qeyd edək ki, Laçın Beynəlxalq Hava limanı ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb. Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Ötən müddət ərzində dövlətimizin başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olublar. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və iaşə zonaları nəzərdə tutulub. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.

Laçın Beynəlxalq Hava Limanının açılışından sonra Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan “Dost Aqropark”da istehsal edilən məhsullara baxdılar. Qeyd edildi ki, kompleksdə “ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

Göründüyü kimi, Laçında yaradılmış şərait işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması sahəsində görülən işlərin miqyasını nümayiş etdirir. Həmin ərazilərə həyatın qayıtması, orada mühüm tədbirlərin və görüşlərin keçirilməsi hər birimizdə böyük qürur hissi yaradır.

Dövlət başçısı İlham Əliyev hər bir çıxışında 30 illik işğal dövrünün reallıqlarından, Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından, onların regionda və dünya siyasətində yaratdığı reallıqlardan geniş bəhs edir. Müstəqillik Gününə həsr edilən tədbirdəki çıxışında da diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldərək bildirdi ki, Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır. Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Güc topladıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi apardıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Azərbaycan, eyni zamanda, güclü iqtisadiyyat qurdu və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayrıldı. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir.

Cənab İlham Əliyev onu da qeyd etdi ki, bununla bərabər, biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı hər gün irəli getdik. Bir gün belə geri addım atmamışdıq. Döyüş meydanında 300-dən çox şəhər və kəndimiz erməni işğalçılarından azad edildi. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa Zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meyilləri daha da artdı və ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Məhz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. 2023-cü ildə birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi.

Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdə dost, qardaş Türkiyə və Pakistan liderlərinin iştirakını önə çəkərək onu da vurğuladı ki, üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk: «Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. O da qeyd edildi ki, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq.

«Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır» söyləyən cənab İlham Əliyev belə bir əminlyi ifadə etdi ki, müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək.

Qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətləri tarixi, mədəni və etnik bağlar üzərində qurulmuş, zaman keçdikcə dərinləşərək müttəfiqlik səviyyəsinə yüksəlmiş strateji tərəfdaşlıq nümunəsidir. «Bir millət, iki dövlət» fəlsəfəsi bu münasibətlərin ideoloji və emosional təməlini təşkil edir. İki ölkə arasında əməkdaşlıq enerji, nəqliyyat, hərbi, müdafiə sənayesi, mədəniyyət, təhsil və diplomatiya sahələrini əhatə edir və regional təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Bu sənəd yalnız iki dövlətin hərbi sahədə qarşılıqlı öhdəliklərini deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirdi. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərkən bildirir ki, biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır: «Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.»

Azərbaycan və Pakistan arasındakı münasibətlər də yalnız diplomatik əlaqələrdən ibarət deyil. Bu iki ölkə arasında çoxəsrlik qardaşlıq və dərin mənəvi bağlılıq mövcuddur ki, bu da onların beynəlxalq səviyyədə bir-birinə dəstəyini daha da gücləndirir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran önəmli tərəfdaşdır. 2020-ci il Vətən müharibəsində Pakistanın Azərbaycanın yanında olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin ən parlaq nümunəsidir. Bu hadisə həm də iki ölkənin strateji tərəfdaşlıq baxımından nə qədər möhkəm bağlandığını nümayiş etdirdi.

Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. 2024-cü il iyulun 3-də Astanada keçirilən üçtərəfli görüş bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan bu görüş üç qardaş ölkənin qarşılıqlı siyasi dəstəyini nümayiş etdirməklə yanaşı, əməkdaşlığın institusional səviyyəyə keçidinin də rəmzinə çevrilib. Həmin görüşdə tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəklərini davam etdirmək əzmində olduqlarını vurğulayıb, regional və qlobal məsələlərdə birgə mövqe nümayişinin vacibliyini qeyd etdilər. Onu da qeyd edək ki, 2021-ci ilin iyulunda Azərbaycan, Türkiyə və Pakislan parlamentinin sədrləri Bakıda bir araya gələrək Bəyannamə imzaladılar. Bakı Bəyannaməsi üç dost ölkənin münasibətlərinin inkişafında mühüm rola malikdir. Ümumilikdə Azərbaycan-Pakistan əlaqələri yalnız siyasi və iqtisadi tərəfdaşlıq deyil, həm də iki qardaş xalqın səmimi dostluğunun ifadəsidir. Bu münasibətlər gələcəkdə yeni yüksəlişlərə doğru gedərək, regionda sülhün və əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayacaq.

Bu il 28 May-Müstəqillik Günü tarixə Azərbaycan-Türkiyə-Pakistan dostluğunun daha mühüm səhifəsi kimi yazılacaq. Belə ki, bu tarixdə Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirildi. Zirvə görüşündəki çıxışında bir daha dost ölkələrlə münasibətlərin tarixinə qısa nəzər salan dövlət başçısı İlham Əliyev bildirdi ki, ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. Cənab İlham Əliyev çıxışında bir daha diqqəti Türkiyənin və Pakistanın 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycana mənəvi və siyasi dəstəyinə yönəltdi və vurğuladı ki, Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.

Reallıq budur ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.

Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir. Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcək.

Çıxışında «Azərbaycan hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub» söyləyən cənab İlham Əliyev bu məqamlara xüsusi diqqəti yönəltdi ki, Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir.

Pakistan və Hindistan arasında son gərginliyi də böyük narahatlıq hissi ilə izlədiyimizi vurğulayan cənab İlham Əliyev bildirdi ki, bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik: «Əziz dostlar, 30 illik Ermənistan işğalından sonra dirçəliş dövrünü yaşayan Laçına bir daha xoş gəlmisiniz.»

Dövlət başçısı İlham Əliyev çıxışının sonundakı çağırışı ilə dost ölkələrin liderlərinin Laçında olmasından keçirilən böyük məmnunluq hissini açıqladı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. İşğaldan azad edilmiş ərazilərimiz çal-çağırlı günlərini yaşayır. Böyük Qayıdış Proqramının uğurlu icrası soydaşlarımızın qayıdış ünvanlarının say tərkibində də özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyevin Laçın rayonuna səfəri, eyni zamanda, Bəylik kəndinin sakinlərinə evlərin açarlarının təqdim olknması ilə yadda qaldı. Bir səfər özündə biri-birindən mühüm hadisələri ehtiva etdi. Tarixi Zəfərimizin 5-ci ildönümündə işğaldan azad edilmiş ərazilərimizdə tikintisi nəzərdə tutulan üç Beynəlxalq Hava Limanının tikintisinin başa çatdırılması Böyük Qayıdış Proqramının uğurlu icrasının göstəricilərindən biridir. Qısa müddətdə belə böyük miqyasda bərpa-quruculuq işlərini həyata keçirmək Azərbaycan dövlətinin iqtisadi gücünün, qüdrətinin təqdimatıdır. 30 il dağıntı mərhələsini yaşayan torpaqlarımız bu gün dirçəlməklə yanaşı, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu torpaqlarımız artıq beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ən əsası, dost, qardaş ölkələrin birliyinə, həmrəyliyinə şahidlik edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik. Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm» fikirlərinin davamı olaraq Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki, bu gün əziz qardaşlarım - Prezident Əliyev və Prezident Ərdoğanla əsl dostların, qəlblərin və ruhların təzahürü olan bu gözəl məkanda birgə olmaqdan böyük şərəf duyuram. Gözəl Laçında dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurur.

Onu da qeyd edək ki, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərində seyrəngahda oldular. Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verildi. Bildirildi ki, indi burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunur. Sərgidə “Laçın” Aqro-Sənaye Parkında, “PIRSHAGHI” ayaqqabı fabrikinin, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, “LATIFA” Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilir. Həmçinin sərgidə “Bakı Abadlıq Xidməti”, efir yağları zavodu, “Naxışlı” tikiş evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi, “Həkəri” balıqçılıq təsərrüfatı da təmsil olunur.

Mayın 28-də, həmçinin Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış oldular. Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır. Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək. Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanınadək hazırda mövcud yol üzrə məsafə 65 kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək.

Əvvəldə də qeyd etdiyimiz kimi, bir səfər azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyası ilə yanaşı, bu torpaqdan dünyaya səsləndirilən biri-birindən mühüm mesajlarla, çağırışlarla diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin « Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq» fikirləri qeyd etdiklərimizin ümumilədirilmiş ifadəsidir.

Yeganə Əliyeva, «İki sahil»