29 may 2025 23:59
229

ABŞ Azərbaycanla tərəfdaşlığını dərinləşdirmək niyyətindədir

Ağ Ev sahibinin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda rəsmi Vaşinqtonun  Azərbaycanın regionda yaratdığı reallığı qəbul etdiyi aydın görünür

Bu gün düyanın fövqəlgüc ölkəsi ABŞ-ın Azərbaycana qarşı münasibətlərində önəmli şəkildə dəyişikliklər müşahidə olunur. Xüsusilə Prezident Donald Trampın həm ölkəmizə, həm də Azərbaycan Prezidenti İlham Əliyevə olan rəğbəti açıq şəkildə hiss edilir. Məsələn, ABŞ Prezidentinin 28 May Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubda yer alan səmimi ifadələr bir daha göstərir ki, hər iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın yeni mərhəlsi başlayır. Məktubda deyilir: «Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək.

ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır.

Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik. Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm».»

Burada ən önəmli məqam odur ki. Azərbaycanın terrorizm və separatizmə qarşı mübarizəsi ABŞ-ın yeni hakimiyyəiti tərəfindən birmənalı olaraq dəstəklənir. Yəni, Vaşinqton həm İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizi, həm də 2023-cü lin sentyabrındakı birgünlük lokal antiterror tədbirlərinin nəticələrini tanıyıyr. Bir sözlə, həm ərazi bütblüyümüzün, həm də suverenliyimizin bərpa edilməsi Azərbaycanın haqlı işi hesab edilir. 

Eyni zamanda, ABŞ lideri Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin tezliklə reallaşacağına inandığını vurğulamaqla bu istiqamətdə ölkəsinin dəstəyini əsirgəməyəcəyini bildirib. Məqsəd sülhün Cənubi Qafqaza gətirə biləcəyi firavanlığı təmin etməkdir. Cənab Trampın məktubundakı digər önəmli məsələ ABŞ- Azərbaycan əməkdaşlığının daha da dərinləşməsinə ümid etməsidir.

Xatırladaq ki, məhz Donald Tramp hakimiyyətindən öncə,yəni sabiq Prezident Bayden dövründə iki ölkə arasındakı münasibətlərdə ciddi soyuqluq var idi. Bu isə daha çox Bayden hakimiyyətinin ölkəmizə qarşı qərəzli  münasibətindən qaynaqlanırdı. Prezident İlham Əliyev  aprelin 9-da ADA Universitetində «Yeni dünya nizamına doğru» mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında son 30 ildə Azərbaycanla ABŞ arasında münasibətlərin dəqiq mənzərəsini belə təsvir edib: «Mən prezident kimi fəaliyyətə 2003-cü ildə, Prezident Corc Buşun dövründə başlamışam və iki ölkə arasında münasibətlər çox yaxşı idi. Hər ikimiz qarşılıqlı dəstəyi yüksək qiymətləndirirdik və ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini açıq şəkildə bəyan edirdik. Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında idi. Bu, ABŞ administrasiyasının müraciətinə əsasən olmuşdu. Əks halda, biz orada olmazdıq... Prezident Buşun səlahiyyət müddəti başa çatandan sonra vəziyyət ciddi şəkildə olmasa da bir qədər dəyişdi. Lakin Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik... Bayden-Blinken komandasının rəhbərliyi dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutdu... Bu il yanvarın 14-də Vaşinqtonda Dövlət katibi Blinken və Ermənistanın xarici işlər naziri strateji tərəfdaşlığa dair bəyannamə imzaladılar - oğrular kimi tələsik. Yeni komandanın gəlişinə cəmi 5 gün qalmış, - siyasəti Prezident Tramp müəyyənləşdirəcəkdi, - bu nəyə lazım idi? Bu, cənab Blinkenin növbəti anti-Azərbaycan addımı idi. Mən buna çox təəssüflənirəm, çünki təmaslarımızın əvvəlində mən ona çox etimad edirdim. Lakin əfsuslar olsun ki, mən yanılmışdım. Qafqazda ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, bizə qarşı ayrı-seçkilik etmək, Azərbaycan haqqında şayiələr yaymaq cəhdləri oldu.»

Ölkəmizin başçısı onu da xüsusi vurğulayıb ki, Bayden hakimiyyəti dövründə ölkəmizə qarşı xüsusi ideoloji hücumlar da təşkil edilirdi. Bu qərəzli hücumların başında onların «Washington Post», «New York Times», «Politico» və s. kimi bizə qarşı çox aqressiv olan mətbuatı dururdu. Lakin Prezident Trampın  hakimiyyətə gəlişindən sonra həmin qəzet və saytlar Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdılar. Hətta cənab Tramp həmin KİV-ləri «feyk xəbərlər» makinası adlandırırdı.

ABŞ- Azərbaycan əlaqələrinin son 30 illik  tarixinə nəzər yeirsək görərik ki, bizim bu ölkə ilə çoxşaxəli əlaqələrimiz var. Belə ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkəmiz ABŞ-ın beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Prezident İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan ABŞ və NATO ilə «Sülh naminə tərəfdaşlıq» və «Fərdi tərəfdaşlıq» proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, o cümlədən ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayrı-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib. Həmçinin iki ölkə arasında enerji sahəsində geniş əməkdaşlıq mövcuddur.

Ancaq Bayden administrasiyası zamanında münasibətlərdə ciddi problemlər yaşandı. İndi Tramp adminstrasiyasının özündən əvvəlki hakimiyyətin qərəzli səhvlərini aradan qaldırıcağına inam böyükdür. Çünki Tramp hakimiyyətinin birinci dönəmində də ölkələrimiz arasında münasibətlər normal məcrada inkişaf edib. Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərmiz bölgədə tam  yeni siyasi-iqtisadi reallıqlar formalaşdırıb. İndi Azərbaycan qalib ölkə olaraq öz torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgənin gələcək inkişafının təhlükəsizliyi məsələsini də gündəmə gətirir. Bundan başqa, iki ölkə arasındakı hazırkı mərhələ enerji əməkdaşlığındakı münasibətlərdə də yeni- yeni səhfə aça bilər. Xüsusilə hiss edilir ki,  Ağ Evin indiki sahibi Qarabağ probleminin həllindən sonra regiona münaqişə zonası kimi deyil, beynəlxalq iqtisadi layihələrin mərkəzi kimi yanaşır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallığı Tramp hakimiyyəti qəbul etməklə, həm də göstərmək istəyir ki, ölkəsi Cənubi Qafqazda dinc məqsədlər üçün strateji cəhətdən möhkəmlənməyi planlayır. Bunun isə tək yolu var: bölgənin söz sahibi olan Azərbaycanla münasibətləri genişləndirmək…

Elçin Zaman, «İki sahil»