30 may 2025 02:58
222

Azərbaycan hədəflərə çağırış məkanıdır

Ölkəmizin Qlobal Cənubun güc, mühüm layihələr mərkəzi olması sarsılmaz qardaşlığın rəmzi olan Azərbaycan –Türkiyə- Pakistan liderlərinin Laçında keçirilən Zirvə görüşü ilə növbəti dəfə təsdiqləndi

Xarici siyasətini ikitərəfli və çoxtərəfli əməkdaşlıq prinsipləri əsasında davam etdirən Azərbaycanın uğur diplomatiyasına daha bir səhifə yazıldı. Bütün dünya ictimaiyyətinin maraq və diqqətlə izlədiyi Azərbaycan, Türkiyə və Pakistan arasında Laçında keçirilən Zirvə görüşü qardaşlıq, dostluq simvolu kimi əbədiləşdi. Qloballaşan dünyamızda siyasi gərginliyin artması, müharibələrini insanlara yaşatdığı dəhşətlərin qarşısını alınmasının vacibliyi sözdə etiraf edilsə də, qərəzli dairələrin regional maraqlarının qurbanına çevrilən ölkələrdə hələ də qan axıdılır, şəhər və kəndlər dağıdılır.

Dünyanın siyasi masasında hələ də həllini gözləyən problemlərə fərqli yanaşmaların mövcud olduğu bir zamana təsadüf edən, xalqımızın böyük tənətənə ilə qeyd etdiyi 28 May- Müstəqillik Günündə Laçında Azərbaycan, Turkiyə, Pakistan arasında keçirilən ikinci Zirvə görüşü beynəlxalaq aləmdə narahatlıq doğuran problemlərin həlli yollarına baxış oldu. Bir daha təsdiqləndi ki, Azərbaycan ifadəsi təkcə coğrafi məfhum deyil, dünya siyasətinin aparıcı dövləti, hədəflərə çağırış məkanıdır. Başqa sözlə deyilsə, xəritədə balaca görünsə belə Azərbaycanın yerləşdiyi məkandan daha böyük, önəmli bir dövlət olması təsdiqləndi. Bütün dünyada törədilən ən qanlı hadisələri ilə insanlara dəhşətlər yaşadan RKK kimi təşkilatın özünü buraxdığı, silahlarını təhvil verdiyi, Pakistanla Hindistan arasında yaranan qısamüddətli müharibənin rəsmi İslamabadın uğurlu Qələbəsi ilə sona çatdığı, Azərbaycanın tam və mütləq suverinliyinin bərpa edildiyi məqamda keçirilən Zirvə görüşü hər üç dövlətin siyasi hakimiyyətinin iradəsinin məntiqi nəticəsi idi. Göz oxşayan, qardaşlıq simvolu olan üç dövlətin bayraqları sülh fəlsəfəsinin, qardaşlığın rəmzi, uğur diplomatiyası kimi dalğalanırdı. Bu birlik tarixi şəxsiyyətlərin zəkasının, liderlərin qətiyyətlərinin rəmzi idi. İllər dəyişsə də bu görüşün məntiqi açıqlaması humanizmin ifadəsidir : Diplomatiyanın danışdığı məkanda sülh, ədalət, əməkdaşlıq, siyasi irad həmişə qalib gəlir. Azərbaycanın bölgədə yaratdığı reallıqların regiondan kənarda belə hadisələrə təsiri, dünyanın geopolitik siyasətində bu üçlüyün varlığının önəmi bir daha təsdiqləndi.

Son illərdə tarixi ənənələrə söykənən üç dövlət arasındakı münasibətlərin möhkəm təməl əsasında inkişafı Laçın Zirvə görüşü ilə uğur səhifəsinə çevrildi. 2021-ci ilin iyun ayında Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin rəsmiləşdirilməsi məqsədilə Şuşa Bəyannaməsinin, həmin ilin iyul ayında isə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Bakı Bəyannaməsinin imzalanması əlaqələrin sonrakı inkişafının yol xəritəsi oldu. Üçtərəfli formatda davam edən əməkdaşlıq platforması genişlənərək bütün sahələri əhatə etdi. İllərdən bəri Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq müxətlif sahələr üzrə də inikşaf edir. Bəyannamə çərçivəsində beynəlxalq platformalarda birlikdə mövqe bildirən hər üç dövlətin rəsmiləri arasındakı dialoq və əməkdaşlıq dünya siyasətinə uyğun formalaşdırılır, təkmilləşdirilir.

Ötən il iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən ilk üçtərəfli görüşdə bu cür əməkdaşlığın mütəmadi xarakter daşıyacağını bildirən dövlət rəsmiləri Laçın görüşü ilə vədlərinə sadiq qaldılar. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdikləri siyasi və mənəvi dəstək xüsusi vurğulandı. Bunun Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyi qeyd olundu.

Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edildi. Azərbaycanın Orta Dəhliz layihəsinin əsas halqa kimi əməkdaşlıq məkanına çevrilməsi, layihədə Pakistanın da hər üç ölkə arasında iqtisadi-ticari əlaqələrin təşviqi töhfə kimi dəyərləndirildi. Müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə «Üç qardaş-2021»” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulandı və bu cür təlimlərin davamlı olacağı bildirildi. Eyni səmimiyyət, qarşılıqlı anlaşma mühitinin genişlənməsinin vacibliyi Laçın görüşündə daha ətraflı diqqətə çatdırılıdı.

Ermənistanın işğalından azad edildikdən sonra bərpa olunan, yeni siması ilə qonaqları heyran edən Laçında keçirilən Zirvə görüşündəki çıxışı ilə ölkələrimizin oxşar tarix, mədəniyyət və milli-mənəvi dəyərlər əsasında bir-birinə bağlılığını qardaşlığın simvolu adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfdarı olub. 44 günlük Vətən müharibəsinin ilk günlərindən Türkiyənin və Pakistanın ölkəmizə göstərdikləri siyasi və mənəvi dəstək qardaş yardımı isə xalqlarımızın birlik və həmrəyliyinin təzahürü idi.

Prezident İlham Əliyev: Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub

Zirvə görüşündə üç ölkə arasında möhkəmlənən siyasi əlaqələrin dünya siyasətinə təsirini yüksək dəyərləndirən Prezident İlham Əliyev dövlətlərarası əlaqələrdə əməkdaşlığı möhkəmləndirən birgə layihələrin və proqramların regional əhəmiyyətini də diqqətə çatdırdı: «Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.»

Dövlət başçımız müdafiə sahəsində əməkdaşlığı ölkələrarası tərəfdaşlığımızın önəmli sahəsi adlandırdı. Vurğulandı ki, üç ölkə arasındakı hərbi əməkdaşlıq geniş coğrafiyada sülhün və sabitliyin möhkəmlənməsinə önəmli töhfədir. Müasir dövrün əsas tələbi olan rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar, turizm əlaqələrinin genişlənməsi, yeni əməkdaşlıq sahələri ilə bağlı təkliflərlə, birgə layihələrlə münsibətlərdə yeni səhiflər formalaşdırılacaq. Bu əlaqələr beynəlxalq platformalarda və təşkilatlarda dövlətlərarası həmrəyliyə əlavə güc, stimul yaradacaq. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səyləri daha da möhkəmləndirəcək. Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurları, PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, bu dövlətin gücünün nümunəsi kimi dəyərləndirən Prezident İlham Əliyev vurğuladı ki, bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir.

«Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik» sözləri ilə qardaş ölkənin haqq, ədalət naminə göstərdiyi mübarizliyi dəstəklədiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın daim sülhün və sabitliyin tərəfdarı olduğunu qətiyyətlə söylədi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik

Çıxışına «Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm» sözləri ilə körpü salan, Ermənistanın işğalından azad edilən torpaqlarımızda aparılan quruculuq işlərinin uğurlu davamını açılışında iştirak etdiyi və heyərtlə izlədiyi Laçın Hava Limanının simasında dəyərləndirən Türkiyə Prezidenti Azərbaycanda müşahidə etdiyi yenilikləri bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyasına mühüm töhfə adlandırdı. Türkiyə ilə Pakistan arasındakı dərin tarixi və humanitar əlaqələrin daha da möhkəmləndirməyin əhəmiyyətini «Pakistan ilə Hindistan arasında baş verən gərginliyin atəşkəslə nəticələnməsindən məmnunluq duyduğumuzu ifadə etmək istəyirəm» sözləri ilə diqqət çatdırdı. Hindistanla Pakistan arasında elan olunan atəşkəsin davamlı sülhə çevrilməsini arzıladı. Hər üç ölkənin Avropa ilə Asiyanın kəsişməsində, son dərəcə strateji bir bölgədə yerləşdiyini, hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzə gəldiklərini vurğulayan Türkiyə Prezidenti sınaqlardan əminliklə çıxmaq üçün həmrəylik və birgə fəaliyyətin əhəmiyyətini zərurət adlandırdı. Üçtərəfli əməkdaşlığın daha uğurlu davamı üçün ortaq gündəmi formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin eyni baxışını əks etdirən güclü çərçivənin hazırlanmasına daha diqqətlə yanaşılağığını vurğuladı. Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşlər və nazirlər səviyyəsində toplantılar təşkil etməklə əməkdaşlığın institusional səviyyəyə çatdıracağını, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini, terrorla mübarizə və transsərhəd təhdidlərə qarşı ortaq qətiyyətin vacibliyini əsas hədəf kimi diqqətə çatdırdı. Əməkdaşlığın strateji aspekti olan nəqliyyat sahəsində «İnkişaf Yolu»”, «Orta Dəhliz”» və «Şimal-Cənub Nəqliyyat Dəhlizi»” kimi layihələrdə birgə iştirakı dünyanın nəqliyyat xəritəsinə töhfə kimi dəyərləndirdi. «Beynəlxalq sistemin yaşadığı böhranın bu baxımdan açıq nümunəsini İsrailin Fələstində qarşısıalınmaz zülmü və bu zülm qarşısında davam etdirdiyi ekspansionist siyasət təşkil edir» sözləri ilə qandan və göz yaşından doyan bölgəmizdə sülh və sabitliyin qorunmasına daha çox ehtiyac duyulduğunu vurğuladı.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif: Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var

Ötən il Astanada üçtərəfli formatda təşkil olunan Zirvə görüşündə qarşıya qoyulan vəzifələrin Laçında xalqlarımızın istəyinə uyğun yeni səviyyəyə qaldırılacağını əminliklə ifadə edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlı olan əməkdaşlığın bariz nümunəsi kimi Qarabağda, Kəşmirdə və Şimali Kiprdə təsdiqlənən birgə fəaliyyəti bu sözləri ilə şərtləndirdi: «Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bu, təbiidir, çünki Türkiyədə və Azərbaycanda qardaş xalqlarımız bizə güclü dəstək olmuşlar. Sıravi vətəndaşlarımızın coşqusu bizi valeh etməyə bilməzdi. Mən Pakistanın Hindistanla sonuncu münaqişəsindən bəhs edirəm. Orada nəinki Pakistana qarşı tutarlı dəlillər təqdim olunmadı, hətta Pahalqamda baş vermiş insidentlə bağlı istənilən beynəlxalq qurum tərəfindən bitərəf və şəffaf tədqiqatın aparılması təklifimiz də rədd edildi»

Hər cür münaqişəyə qarşı barışmaz olduğunu, mərhəmətin, səbirin, müdrikliyin bütün münaqişələrin açarı olduğunu qeyd edən Baş nazir əminliklə söylədi ki, təlatümlü dünyamızda siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir: «Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq.»

Zamanın sınağında bərkimiş münasibətlərin xalqların mənafeyinə xidmət edəcəyinin, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcəyinin Azərbaycanın simasında sınaqdan çıxdığı diqqətə çatdırıldı. Üçtərəfli formatın zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək şansı qazandırdığı bildirildi. Pakistanla Hindistan arasında baş verən müharibədə rəsmi İslamabadın yanında olan prezidentlərə- İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana qardaşlıq münasibətləri üçün minnətdarlığını bildirən Baş nazir ölkəsinin bütün xalqlara sülh arzuladığını, münaqişələrin danışıqlar əsasında, dinc yolla həllini ən güclü və məntiqli diplomatiya adlandırdı. Terrorçuluğa qarşı birgə mübarizədə də səmimi dialoqun uğurla nəticələnəcəyin əminliyini «Ona görə də terrorun kökünü birdəfəlik kəsmək bizim öhdəliyimiz və niyyətimizdir» sözləri ilə bildirdi.

Laçında keçirilən Zirvə görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi yadda qaldı. Azərbaycanla eyni səviyyədə səslənən Qlobal Cənub məfhumu coğrafi baxımdan Qarabağın əsas qapısı hesab olunan bu şəhərin simasında təsdiqləndi. Zirvə görüşü Azərbaycanın suverenliyinin təsdiqi olmaqla Ermənistanın işğalından azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından da fərqləndi. Qüdrətli Azərbaycanın ələbaxan Ermənistan üzərində Zəfəri, legitimliyi, suverenliyinin tam və mütləq Qələbəsi bu görüşlə bir daha təsdiqləndi. Ölkələr arasındakı siyasi, iqtisadi, diplomatik dəstəyin qardaşlıq münasibətlərinə çevrilməsi yolları açıqlandı. Görüşün Cənubi Qafqazda və daha geniş mənada deyilsə Avrasiya məkanında dəyişən güc balansı fonunda baş verməsi İslam həmrəyəlinin daha bir təzahürü oldu. Hindistandan silah alaraq yeni müharibə həvəsinə düşən Ermənistana xəbərdarlıq, strateji baxımdan gələcəyə yönəlmiş diplomatik və geosiyasi addım kimi dəstəkləndi. Türkiyə və Pakistan üçün Cənubi Qafqazın yeni siyasi, iqtisadi platforma olması bu görüşlə növbəti dəfə təsdiqləndi. Ölkəmizlə bağlı deyilən xoş sözlərlə Azərbaycanın güc, qlobal layihələr mərkəzi olması sarsılmaz qardaşlığın əzmi ilə təsdiqini tapdı.

Xuraman İsmayılqızı, «İki sahil»