Bütün ermənilərin katalikosu II Qaregin mayın 26-28-də İsveçrənin Bern şəhərində keçirilən “Dini etiqad azadlığı: Qlobal perspektiv” adlı konfransda yenə sərsəm fikirlər səsləndirib. O, 44 günlük Vətən müharibəsi və birgünlük lokal antiterror əməliyyatı zamanı Azərbaycanın guya beynəlxalq hüquq normalarını pozduğunu, işğaldan azad edilmiş ərazilərdə qədim erməni abidələrini dağıtdığını, bərpa edilmiş İrəvan Qazılığının erməni xalqını kin və düşmənçiliklə hədəfə aldığını bildirib. Bu çərənləmələr azmış kimi, o, azad edilmiş ərazilərə UNESCO-nun faktaraşdırıcı missiyasının göndərilməsi təşəbbüsünün Azərbaycan tərəfindən rədd edildiyini də sözlərinə əlavə edib. II Qaregin, həmçinin Bakı Hərbi Məhkəməsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının mühakimə edilməsinin qeyri-qanunu olduğunu vurğulayıb. Bununla da II Qaregin rəsmi Bakının beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymamaqda ittiham etməyə çalışıb.
Əvvəla, onu qeyd edək ki, istər 44 günlük Vətən müharibəsində, istərsə də birgünlük lokal antiterror əməliyyatı zamanı Azərbaycan heç bir qanun pozuntusuna yol verməyib. Ölkəmiz sadəcə beynəlxalq hüquq normaları çərçivəsində müstəqilliyini və suverenliyini bərpa edib. Həm də həmin savaşlarda heç bir mülki əhaliyə ziyan dəyməyib. Bu mənada etnik təmizləmədən söhbət belə gedə bilməz. Çünki erməni əsilli vətəndaşlar Qarabağı könüllü tərk ediblər. Artıq bu fakt bir sıra beynəlxalq qurumlar tərəfindən də təsdiqlənib.
Qarabağda və Şərqi Zəngəzurda uydurma “erməni tarixi-mədəni irsini məhv etməkdə” rəsmi Bakını günahlandıran Ermənistanın baş keşişi bilməmiş deyil ki, ölkəsindən fərqli olaraq Azərbaycan işğaldan azad edilmiş ərazilərdəki bütün dinlərə məxsus ibadət məkanlarına xüsusi diqqət və qayğı göstərir, onları bərpa edir və yenidən qurur. İrəvan Qazılığının bərpası isə zamanın tələbindən irəli gəlib. Çünki Ermənistan İrəvan şəhərindəki Göy məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidi dağıdıb. Eyni zamanda, azərbaycanlılara məxsus 500-dən artıq qəbiristanlıq yerlə-yeksan olunub. İrəvanın azərbaycanlılar tərəfindən tikilmiş Cümə məscidinin fars məscidi kimi təqdim olunması da erməni vandalizminin bariz nümunəsidir. İrəvanın Təpəbaşı məhəlləsindəki məscidimizin binasında isə ermənilər alkoqol satışı həyata keçirirlər. Halbuki, rəsmi Bakı münaqişə davam etdiyi illərdə belə paytaxtımızın mərkəzi hissəsində erməni kilsəsinin binasını təmir edərək tarixi-mənəvi abidə kimi qoruyub saxlayıb. Bu mənada faktaraşdırıcı missiyanın Ermənistan ərazisinə göndərilməsi məqsədəuyğun deyilmi? Yeri gəlmişkən, bununla əlaqədar Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-ya dəfələrlə açıq məktub göndəriblər. Amma bu qurum hələ də susmaqdadır.
O ki qaldı soyqırımı, deportasiya və insanlıq əleyhinə ağır cinayətlər törədən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsinin davam etdirilməsinə, məhz bu məhkəmə ilə təcavüzkar ölkənin silahlı qüvvələrinin azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı yeni faktlar ortaya qoyulur və beynəlxalq ictimaiyyətə çatdırılır. Bu da beynəlxalq hüquq normalarının tələblərindən irəli gəlir. Bütün bunların fonunda isə II Qaregin riyakarlıqları ilə beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir. Bununla o, həm də Ermənistandakı revanşistlərə dəstək verdiyini açıq-aydın nümayiş etdirir. Şübhəsiz, heç bir fakta əsaslanmayan II Qareginin bu sayıqlamaları sülh yolunda olan iki xalq arasında barış prosesini çətinləşdirir. Bu faktlar həm də sübut edir ki, erməni kilsəsinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək verməkdə davam etməkdir. Digər tərəfdən, II Qaregin yaxşı bilir ki, erməni kilsəsinin qazancı bu kimi iddialardan gəlir. Yəni, Qarabağ məsələsini gündəmdə saxlamayanda kilsə ianələrdən məhrum olur. Son məlumata görə erməni kilsəsinə gələn ianələrdə ciddi şəkildə azalmalar mövcuddur. Ona görə də erməni kilsəsi narahatdır. Bəli, bu gün də həmişəki kimi iki xalq arasında etnik ədavəti qızışdıran, ermənilər və azərbaycanlıların arasında sülhün bərqərar olmasına ən çox mane olan kilsədir. II Qaregin unutmasın ki, onun belə iddiaları xristianlığın təməllərinə də tamamilə ziddir.
Qvami Məhəbbətoğlu, “İki sahil”