30 may 2025 01:56
174

Arxadan atılan namərd gülləsi

AXC-nin qurucularından biri Fətəli xan Xoyski azadlığın qurbanı oldu

Müstəqilliyimizin memarlarından biri olan Fətəli xan Xoyski 1875-ci il noyabrın 25-də Nuxa (indiki Şəki) şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının kazak leyb-qvardiya alayının general- leytenantı, anası Şərəbanı xanım isə nüfuzlu din xadimi Hacı Molla Zeynalın qızı idi. O,  Xoy və Şəki xanlarının nəslindən, tanınmış Dünbüli tayfasındandır. Xoy hakimi olan ulu babası Cəfərqulu xan İran hökmdarı Fətəli şahla  müharibədə məğlub olduğundan 20 000 nəfərlik qoşunu ilə Araz çayını keçib Qərbi Azərbaycana Üç kilsəyə-Eçmiədzinə sığındı.

Gənc Fətəli xan təhsilini  Gəncə (o vaxt Yelizavetpol) gimnaziyasında başa çatdırdıqdan sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu. O, 1897-ci ildə universiteti 1-ci dərəcəli diplomla bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün namizəd təyin olundu. Ancaq təyinata qədər Gürcüstanın Kutaisi, Zuqdidi və Suxumi şəhərlərində bir neçə il hüquqşünas vəzifələrində çalışdı. Bunlardan sonra Fətəli xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət Dumasına müstəqil millət vəkili seçildi. O, Dumada fəal deputat kimi fərqlənmiş və dövlət qarşısında bir neçə ciddi məsələ qaldırmışdı. Ancaq onu Vətəni Azərbaycanın taleyi daha çox düşündürürdü. Rusiyadan gələn siyasi fırtınalar və burulğanlar isə yaxınlaşmaqda idi.

Rusiyada baş verən 1917-ci il Fevral burjua inqilabından sonra Fətəli xan 1-ci Qafqaz müsəlmanları qurultayının iştirakçısı oldu. May ayında isə Moskvada keçirilən 1-ci Ümumrusiya müsəlmanları qurultayında Ümumrusiya Müsəlman Şurası İcraiyyə Komitəsinin üzvü seçildi. Vəzifə pillələrində sürətlə ucalan Fətəli xan Bakı Şəhər Dumasına sədr seçildikdən az sonra ədliyyə naziri təyin olundu. Azərbaycanın gələcəyi görən şəxsiyyətləri Rusiyadakı gərgin vəziyyətdən istifadə edərək ölkənin azadlığına və müstəqilliyinə çalışırdılar.

Zaqafqaziya seymi buraxıldıqdan sonra, 1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdılar. Yığıncaq Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gəldi və özünü Zaqafqaziya Müsəlmanlarının Müvəqqəti Milli Şurası adlandırdı. Milli Şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradıldı, onun vəzifəsi yaradılacaq respublikanın müxtəlif sahələri üzrə planların həyata keçirilməsi idi. Fətəli xan icraiyyə orqanının sədri seçildi. Ertəsi gün Milli Şuranın ilk iclası keçirildi: Zaqafqaziya Seyminin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi və Azərbaycanın gələcək vəziyyəti onun gündəliyində əsas bəndlər idi. Şuranın bəzi üzvləri tərəddüd etsə də əksəriyyət Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idi. Fətəli xan Xoyski, öz növbəsində, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumət yaratmaq və digər ölkələrlə danışıqlara başlamaq təklifini vermişdi. Ancaq müxtəlif versiyalar irəli sürənlər də vardı. Nəticədə iki nəfər bitərəf qalmaqla  Milli  Şura 24 səslə Azərbaycanın dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi. Fətəli xan Xoyski Müvəqqəti hökumətin tərkibini açıqladı və özü orada həm hökumət başçısı, həm də daxili işlər naziri vəzifələrini tutdu. Mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan  Xoyski hökumət adından Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra ölkələrin xarici işlər nazirlərinə radioqramlar göndərdi. Ancaq xalqımızın əliqanlı qatili Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak hökuməti Bakıya qoşun toplayaraq yeni təşkil edilən Azərbaycan Xalq Cümhuriyyətini beşiyində boğmaq üçün silahlı müdaxilə hazırlayırdı. Türk sərkərdəsi Nuru Paşanın komandanlığı altında Gəncədə formalaşdırılan Qafqaz İslam Ordusunun hissələri Göyçayda və Qaraməryəmdə əks-hücumla erməni-bolşevik dəstələrini darmadağın edərək Bakıya istiqamət götürdülər. Bakı uğrunda amansız döyüşlər oldu.

 Sentyabrın 15-də  Qafqaz İslam Ordusunun hissələri Bakıya daxil oldular. Növbəti gün Azərbaycan milli hökuməti Gəncədən  Bakıya köçdü.  Fətəli xan Xoyski qələbəyə sevinən paytaxt sakinlərini salamlayaraq şəhərdə açıq avtomobildə gedirdi.  Xoyskinin başçılıq etdiyi hökumət üzvləri başda müzəffər ordunun komandanı Nuru Paşa olmaqla türk ordusunun 1918-ci ilin sentyabrında Bakını azad etməsini alqışlayırdılar. Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəylinin, Hacağa Hacınskinin, Behbud ağa Cavanşirin və başqalarının gərgin siyasi fəaliyyətləri nəticəsində Şərqdə ilk demokratik respublika quruldu. Qısa müddətdə yeni dövlət təsisatları, nazirliklər, idarələr təşkil edildi. Ancaq ətrafı bürümüş xarici və daxili düşmənlər gənc hökumətə qiş qıcayırdılar. Bu və digər səbəblərə görə müstəqillik sevinci uzun sürmədi. AXC cəmi 23 ay yaşadı. Bolşevik Rusiyası Bakı neftini yenidən ələ keçirmək üçün işğal planı hazırlayırdı.

Rusiyanın XI qırmızı ordusu 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdi. Bundan dərhal sonra milli hökumətin rəhbərləri, nazirləri, bəylər və xanlar, azadlıq istəyən ziyalılar tutulub həbs edildilər. Təqib və terrordan qurtulmaq üçün Fətəli xan Xoyski Tiflisə köçdü, lakin  təqiblər orada da davam etdi. Tiflisdə cəmi bir neçə gün yaşayandan sonra-iyunun 19-da qətlə yetirildi. Qatillər "Daşnaksütyun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idi. Onlar Tiflisdəki İrəvan meydanında təqib etdikləri Fətəli xan Xoyskiyə xaincəsinə arxadan atəş açdılar. Özünü Azərbaycanın müstəqilliyi yolunda qurban verən bacarıqlı dövlət xadimi indiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edildi. O, cəmi qırx beş il yaşadı, amma adı müasir tariximizə müstəqil Azərbaycan dövlətinin qurucularından biri kimi daxil oldu.

Biz bu gün onun adını böyük iftixarla çəkirik, xidmətlərini minnətdarlıqla qeyd edirik, ruhunu böyük hörmət və məhəbbətlə anırıq. Fətəli xan Xoyski və silahdaşları xalqımızın qarşısında göstərdikləri şərəfli əməlləri ilə qəlbimizdə və tariximizdə əbədi yaşayacaqlar.

Vəli İlyasov, “İki sahil”