28 may 2025 10:44
168

Sən azad, müstəqil, suveren Vətənimsən, Azərbaycan!..

Sən azadsan! Sən müstəqil, demokratik və suverensən! Sən mənə azad, müstəqil, demokratik və suveren bir ölkənin vətəndaşı olmağın qürurunu yaşadan müqəddəs varlıqsan,- Sən Vətənimsən!

Uzun ayrılıqdan, keçirdiyimiz dərin sarsıntılardan sonra bu gün hər bir guşəndə arzularımız boy göstərir. Uzun illər əlimizin çatmadığı, ünümüzün yetmədiyi əzəli yurd yerlərimizin eyni açıldıqca, bizim də könlümüzün qübarı yaz qarı kimi əriyib dağların yaxasında, dərələrin dərinliyində görünməz olur. Qarabağa qanadlanan yollarımıza quşqonmaz qayaların başı üzərinə qaldırdığı ay-ulduzlu bayrağımız bələdçilik edir.  

-Bura Vətəndir! Bir mahnıda deyildiyi kimi, - "...Ünüm yetəndir." Babalarımız Vətən torpaqlarının hər qarışına ünümüz yetməsi üçün müstəqillik arzumuzun "yol yoldaşı", "ruh qardaşı" üçrəngli bayrağı başları üzərinə qaldırdılar. Əmin oldular ki, bu bayraq yüksəlibsə, bir daha enməyəcək. 1920-ci ilin aprelində bolşevik Rusiyası 1918-ci ildə azadlığını qazanıb müstəqilliyinə qovuşan, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin varlığına son qoysa da, üçrəngli bayrağımızın ürəklərdə yaratdığı azadlıq arzusunu, müstəqillik sevdasını ürəklərdən əsla qopara bilmədi.

1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə qaldı. Müstəqilliyimiz yenidən itirilmək təhlükəsi qarşısında idi. Xalqımızı bu böyük bəladan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin bilik və təcrübəsi, əzmkarlığı, qətiyyəti xilas etdi. Xalqımız yəqin etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən dəfələrlə çətindir. 

Müstəqilliyimizin qorunması üçün aparılan mücadilələr neçə-neçə sınaqlardan keçdi. Ulu Öndər Heydər Əliyev qarşıda duran əsas vəzifələr sırasında ən müasir silahlarla təchiz edilmiş, yüksək döyüş ruhlu, vətənpərvər hərbçilərdən ibarət ordunun yaradılmasını ən mühüm, vacib məsələ bildi. Ərazi bütövlümüzün bərpası hərb meydanından keçəcəkdi. Həqiqət bu idi ki, hərb qəhrəmanlığın, döyüşkən ruhun, yenilməz hünərin meydanıdır. Bu meydanda qazanacağımız Qələbə, ən əvvəl, xalqımızın birliyinin, həmrəyliyinin təntənəsi olacaqdı. Bir həqiqət də vardı ki, ordunu düşmən üzərinə aparan komandanın sərkərdəlik məharəti qarşı tərəfin "keçilməz sədləri" mifini qısa zamanda məhv etmək qüdrətində olacaqdı.

O qətiyyətli addım səsi üçün darıxmışdıq. Böyükdən-kiçiyə hər birimizin qəlbində tükənməz inam hissi vardı ki, bu addım səsləri mütləq qalibiyyət səsinə qovuşacaq. Bizi Böyük Zəfərə aparan yola düzlənmək bircə əmrə- cənab Prezident, Silahlı Qüvvələrimizn Ali Baş Komandanı İlham Əliyevin əmrinə bənd idi. Sonralar bizi arzularımızın çin olan "möcüzəsinə" qovuşduranda Müzəffər Sərkərdənin özünün dediyi kimi, nəyi, necə, nə vaxt etmək lazım olduğunu yalnız özü bilirdi. Bu sirr Onu xalqımızın gözündə-könlündə daha da ucaltdı, sərkərdəlik məharətinin gerçək nümunəsini öz gözlərimizlə görüb, illər ötdükcə daha yaxşı dərk etməyə başladıq.   

Dillərdə dastan olan "Dəmir yumruq”- Azərbaycan xalqının və xalq-ordu birliyinin gücü düşməni hərb meydanında darmadağın etdi. Müstəqilliyimizə dikilən məkrli planlarını "tarixin zibilliyinə" atdı. Xankəndi və onun ətrafında yuva qurmuş seperatçı qüvvələri 24 saatdan da az bir müddətdə məhv edib, xalqımızı suverenliyinə qovuşdurdu. Xankəndidə yenidən dalğalanan üçrəngli Bayrağımız ürəkləri qanadlandırdı.

Xankəndidə keçirilən hərbi paradda Müzəffər Ali Baş Komandan İlham Əliyevin dayandığı tribuna önündən məğrur addımlarla keçən igidlərimiz xalqımızın qəlbini tükənməz sevinc, qürur hissi ilə doldurdu. Mən- ekran qarşısında əyləşib sonsuz həyəcan və fərəh hissi ilə bu tarixi, unudulmaz səhnəni izləyən bir məktəbli kimi müstəqil, azad, suveren, demokratk bir ölkənin vətəndaşı olmağın xoşbəxtliyini daha çox duyub anladım. Bir də... Bir də bütün varlığımla əmin oldum ki: "Müstəqilliyimiz əbədidir, dönməzdir!". 

Qumral Yusifli,
Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 11a sinif şagirdi