28 may 2025 01:57
155

Tolerantlığımıza kölgə salmaq istəyənlərin məqsədi nədir?

Artıq heç kim üçün sirr deyil ki, bu gün Azərbaycan dünyada dini dözümlülük və tolerantlıq məkanıdır. Bircə faktı qeyd edək ki, bu gün ölkəmizdə 2258 məscidlə yanaşı, 16 kilsə, 7 sinaqoq da fəaliyyət göstərir. Müxtəlif dinlərə məxsus insanlar bu məkanlarda dini ayinlərini sərbəst şəkildə icra edirlər. Müsəlman, xristian, yəhudi dinlərinin daşıyıcıları da bu barədə dəfələrlə fikirlərini bilidiriblər və qeyd ediblər ki, Azərbaycanda dini zəmində heç bir ayrı-seçkilik yoxdur. Bir sözlə, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Hətta ölkəmizdə bütün dini icmalara eyni qayğı göstərilir, onlara dövlət tərəfindən maddi yardımlar da ayrılır.  Elə 2025-ci ilin ilk günlərində Prezident İlham Əliyevin ölkəmizdəki dini qurumlara maliyyə yardımı məqsədilə imzaladığı Sərəncamı buna misal göstərmək olar. Şübhəsiz, hər il təkrarlanan bu yardımlar Azərbaycanda sivil birgəyaşayış normalarına həssas münasibətin mövcudluğuna dəlalət edir. Bununla həm də ölkəmizdə müxtəlif dini icmaların fəaliyyətinə və inkişafına şərait yaradılır. Bu mənada demək olar ki, bizim tolerantlığımız insan haqlarından, dini etiqada azadlığından dəm vuran dünyanın bir sıra ölkələrinə də nümunə ola bilər.

Amma bəzi beynəxalq qurumlar nədənsə bu adi həqiqətləri dərk etmək istəmirlər. Yəni, onlar ölkəmizdə dini azadlıqların pozulmasını iddia edirlər. Bu məsələdə ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyası (USCIRF) öndə gedir. Sözügedən qurum bu ilin iyun ayında bununla bağlı növbəti dinləmələr keçirmək niyyətindədir. Verilən məlumata görə, bu dəfə də hədəfdə Azərbaycanda “erməni dini-mədəni irsinin məhvi və dini azadlıqların pozulması” gündəmdə olacaq. Bu isə həmin qurumun ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirməsindən xəbər verir. Daha doğrusu, USCIRF növbəti anti-Azərbaycan hesabatı təqdim etmək niyyətindədir. Halbuki, bu qurumun rəsmiləri bilməmiş deyillər ki, tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur.

Yuxarıda sadaladığımız faktlar bir daha sübut edir ki, Azərbaycanda heç bir halda vətəndaşların dini azadlıq hüququ pozulmur. Bu mənada ölkəmizə qarşı irəli sürülən absurd iddia heç bir fakta əsaslandırılmadığından saxta və əsassızdır.   O ki qaldı, erməni dini-mədəni irsinin məhvi məsələsinə. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə istinadən qeyd edək ki, ermənilərin işğaldan azad olunan ərazilərdə mövcud olan alban kilsələrinin erməni kilsəsi adlandırılması düzgün deyil. Onun sözlərinə görə, həmin kilsələr 1883-cü ildə Rusiya imperiyası tərəfindən ermənilərə verilib, lakin heç vaxt onların olmayıb, onlar həmin kilsələri özününküləşdirməyə çalışıblar. Bununla bağlı Rus Pravoslav Kilsəsinə və Roma Papasına müraciətlər olunub. Beynəlxalq konfranslarda bu fakt dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Hazırda Qarabağda məscidlərlə yanaşı, alban kilsələri də təmir olunur. Bakıda yerləşən erməni kilsəsi də təmir edilib. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu eyni zamanda, Romada, Parisdə bir sıra dünya əhəmiyyətli dini abidələrin bərpasına töhfələrini verib.

Ümumiyyətlə, ermənipərəst mövqeyi ilə seçilən USCIRF Ermənistanın törətdiyi cinayətlərə həmişə göz yumur.  Xatırladaq ki, Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurdakı 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-si qismən dağıdılaraq yararsız halına salınıb. Üstəlik, bu qurum nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət qeydiyyatından keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir. Əgər ABŞ insan hüquqları və dini irs məsələsində səmimidirsə, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna yardım ifadə etməli, Ermənistanda dağıdılan Azərbaycanın dini və mədəni irsinin bərpasına dəstək verməlidir. Şübhəsiz, bu qurumun iddialarının arxasında onları bəsləyən erməni diasporu dayanır. Sual olunur: sülh çağırışları fonunda belə məntiqsiz iddialar kimlərə lazımdır? Şübhəsiz, rəsmi İrəvana və Cənubi Qafqazda Ermənistanın əli ilə möhkəmlənmək istəyən, təcavüzkar ölkəni silahlandırmaqda davam edən Fransa, Hindistan, Yunanıstan kimi havadarlarına.

USCIRF-in bu ermənipərəst mövqeyi müxtəlif ölkələri dövlət çevrilişlərinə, vətəndaş müharibələrinə məruz qoyan, həmişə ikili standartlardan çıxış edən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID), həmçinin "Amerikanın səsi" radiosunun, "Azadlıq radiosu”nun ənənəvi anti-Azərbaycan fəaliyyətlərini xatırladır. Görünür, USCIRF-in də fəaliyyətinə xitam verilməsinin vaxtı çatıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”