22 may 2025 22:22
557

Macarıstan-Azərbaycan: siyasi dialoqdan etibarlı tərəfdaşlığa

Prezident İlham Əliyevin mayın 21-də Macarıstana həyata keçirdiyi işgüzar səfəri çərçivəsində verdiyi bəyanat iki ölkə arasında möhkəmlənən strateji tərəfdaşlığın dərin mahiyyətini və gələcəyə yönəlmiş məqsədlərini bir daha ortaya qoydu. Bu bəyanatda qeyd olunan əsas məqamlar ikitərəfli münasibətlərin dinamikası, regionlararası sabitlik və enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan və Macarıstan arasında tarixi köklərə, oxşar geosiyasi mövqeyə və ümumi çağırışlara əsaslanan dostluq münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. İki ölkənin əhalisinin sayı və coğrafi ölçülərinin yaxın olması, açıq dənizlərə çıxış imkanlarının məhdudluğu və müharibə aparan dövlətlərlə həmsərhəd olmaları onların birgə fəaliyyətini stimullaşdırır.

Prezident İlham Əliyevin bəyanatında İkinci Qarabağ müharibəsinə xüsusi yer verilməsi, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsində qeyd olunan özünümüdafiə hüququna əsaslanaraq apardığı 44 günlük müharibənin legitimliyini bir daha təsdiqləyir. Ermənistanın 30 il davam edən işğalına son qoyulması, suverenliyin tam bərpası və postmüharibə dövründə regionda davamlı sülh təşəbbüsləri Azərbaycanın məsuliyyətli və prinsipial mövqeyini ortaya qoyur.

Azərbaycan tərəfindən sülh müqaviləsinin təşəbbüsü və mətninin hazırlanması rəsmi Bakının regionda sülh və əməkdaşlıq istiqamətində əsas tərəfdaş olduğunu göstərir. Ermənistanın həmin mətni qəbul etməsi Azərbaycanın diplomatik təşəbbüslərinin nəticə verdiyini təsdiqləyir. Lakin dövlətimizin başçısının qeyd etdiyi kimi, sülhün tam bərqərar olunması üçün Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması və Minsk qrupunun hüquqi olaraq ləğv edilməsi zəruridir.

İki ölkə münasibətlərinin mühüm sütunlarından biri də enerji əməkdaşlığıdır. Macarıstan şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində iştirakı, həmçinin ötən il Azərbaycandan Macarıstana təbii qaz ixracının başlaması bu əlaqələrin praktik nəticələrini göstərir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik, onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Bununla yanaşı, Azərbaycanın yaşıl enerji strategiyası çərçivəsində 6 min meqavatlıq yeni generasiya güclərinin yaradılması qaz resurslarına qənaət etməyə və bu ehtiyatları daha çox Avropaya yönəltməyə imkan verəcək.

Macarıstanın Avropa İttifaqı daxilində müstəqil siyasət yürütməsi onun Azərbaycanla münasibətlərində də öz əksini tapır. Bu dost ölkənin milli maraqlara əsaslanan yanaşması, prinsipial və cəsarətli qərarlar vermək bacarığı regional və qlobal səviyyədə nüfuzlu aktora çevrilməsinə şərait yaradır. Bu xüsusda, Viktor Orbanın rəhbərliyi ilə həyata keçirilən siyasət Bakıda da təqdirlə qarşılanır.

Macarıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığı bu ölkənin türk dünyası ilə əlaqələrə verdiyi dəyərin göstəricisidir. Şuşada keçirilmiş birinci qeyri-rəsmi Zirvə görüşündən sonra estafetin Budapeştə keçməsi Macarıstanın təşkilat daxilində fəallığı və həmrəyliyinin real nümunəsidir. Bu yanaşma, eyni zamanda, Macarıstanın öz tarixi kimliyinə sadiqliyini də əks etdirir.

Nəticə olaraq Azərbaycan və Macarıstan arasında formalaşmış yüksək səviyyəli münasibətlər qarşılıqlı etimad və real siyasətə əsaslanır. Strateji tərəfdaşlıqdan enerji təhlükəsizliyinə, regional sabitlikdən mədəni əlaqələrə qədər müxtəlif sahələri əhatə edən bu əməkdaşlıq həm ikitərəfli, həm də regionlararası miqyasda davamlı inkişaf üçün möhkəm təməl yaradır. Hazırda qarşıda duran əsas vəzifə mövcud nailiyyətləri qorumaqla yanaşı, onları yeni sahələrdə dərinləşdirməkdir. Bu məqsədə doğru atılan addımlar isə Macarıstanla Azərbaycanı daha da yaxınlaşdırır və birgə gələcəyə aparır.

Meydanəli Yolçiyev,

YAP Daşkəsən rayon təşkilatının sədri