23 may 2025 09:04
96

Amerikanın böyük bankları stabilkoin yaratmağı planlaşdırır

Amerikanın böyük bankları dolların dəyərinə bağlı rəqəmsal valyuta olan birgə stabilkoin yaratmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Wall Street Journal” məlumat yayıb.

Danışıqlar ilkin mərhələdə olsa da, “JPMorgan Chase”, “Bank of America”, “Citigroup” və “Wells Fargo” kimi böyük banklar öz maraqlarını gizlətmirlər.

Güman edilir ki, stabilkoinin yaradılması onlara maliyyə əməliyyatlarını, o cümlədən beynəlxalq köçürmələri sürətləndirməyə imkan verəcək. Çünki bəzi əməliyyatların bank sistemində emal edilməsi bir neçə gün çəkə bilir.

Amerika kredit təşkilatları qorxur ki, öz stablecoinlərini yaratmadan, sürətlə inkişaf edən kriptovalyuta bazarında rəqabət qabiliyyəti olmayacaq. Yekun qərar hələ verilməyib.

Qəzet qeyd edib ki, bu, bank müştərilərinin belə valyutaya tələbatının qiymətləndirilməsindən, eləcə də bu sahədə qanunvericilik təşəbbüslərindən asılı olacaq.