20 may 2025 09:03
78

Alimlər avtomobil güzgüləri vasitəsilə günəş enerjisinin hasilatını 40 faiz ucuzlaşdırıblar

Avstraliyalı alimlər günəş enerjisinin dəyərini 40 faiz azaltmağa imkan verən yüngül plastik güzgülər hazırlayıblar.

“İki sahil” “New Atlas” nəşrinə istinadla xəbər verir ki, avtomobillər üçün nəzərdə tutulmuş texnologiya indi kənd təsərrüfatı və sənayedə torpağın emalı, taxılın qurudulması, suyun duzsuzlaşdırılması və digər proseslərdə xərclərin azaldılmasına, eləcə də karbon izi səviyyəsinin aşağı salınmasına kömək edəcək.

Cənubi Avstraliya Universitetində (UniSA) hazırlanmış yeni güzgülər adi şüşə güzgülərdən 50 faiz yüngüldür, onları qatlamaq mümkündür və xüsusi alüminium-silisium örtüyü sayəsində adi güzgülərdəki kimi yüksək əksetdirmə qabiliyyətinə malikdir. İşığı elektrik enerjisinə çevirən günəş panellərindən fərqli olaraq, qurğular Günəşin işığını deyil, onun istiliyini tutur. Daha sonra əksetdiricilər istilik qəbuledicisini qızdırır və bu qurğu günəş şüalarını birbaşa istilik enerjisinə çevirir.

Pilot layihə çərçivəsində hər biri 16 belə güzgüdən ibarət olan iki qurğu sınaqdan keçiriləcək. Testlər Charles Sturt Universitetinin şərabçılıqda innovativ texnologiyalar üzrə ixtisaslaşan “Vineyard of the Future” (Gələcəyin üzüm bağı) ərazisində aparılacaq. Texnologiyanın müəllifi Kolin Hol (Colin Hall) bildirib ki, bu həll karbon izi olmadan istilik istehsalı üçün real imkan yaradır.

Layihənin rəhbəri doktor Marta Ceyn qeyd edib ki, sənayedə istilik enerjisi dünya üzrə ümumi enerji istehlakının 25 faizini və CO₂ emissiyalarının 20 faizini təşkil etdiyindən, bu cür innovasiyalar ekoloji yüklənməni ciddi şəkildə azaltmaqla yanaşı, iqtisadi baxımdan da səmərəli ola bilər.

Daha əvvəl bənzər layihə Çində həyata keçirilmişdi. Belə ki, burada iki qüllə və konsentrik dairələr üzrə yerləşdirilmiş yüzlərlə hərəkətli güzgüdən ibarət sistem qurulmuşdu. Bu da istilik enerjisinin hasilatının səmərəliliyini 24 faiz artırmağa imkan vermişdi.