15 oktyabr 2026 00:36
128

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Yunanıstanın Saloniki limanında gömrük əməkdaşları tərəfindən həyata keçirilən növbəti təsadüfi yoxlama zamanı böyük bir silah qaçaqmalçılığının qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə “ERT-news” telekanalı məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları içərisində 3 mindən çox lüləli silah olan 24 qutu aşkar edərək müsadirə ediblər.

Qaçaqmalçılıqla Mübarizə Agentliyinin (AADE) diqqətini çəkən şübhəli konteyner səyyar rentgen sistemindən istifadə edilməklə yoxlanılıb. Sənədlərdə Çin limanından gələn bu yükün guya “günəş eynəkləri və muncuqlardan” ibarət olduğu və son təyinat məntəqəsinin Bolqarıstanda fəaliyyət göstərən bir şirkət olduğu qeyd edilib. Faktla bağlı araşdırmalar davam edir.