18 may 2025 20:37
106

Zelenski: Müqəddəs Taxt-Tacın nüfuzu bu müharibənin sona çatmasında mühüm rol oynaya bilər

Papa XIV Leo taxta çıxdıqdan sonra Ukrayna nümayəndə heyətini qəbul edib. O, Vatikanın ədalətli sülhə nail olmaq üçün Ukrayna və Rusiya arasında birbaşa danışıqlar platformasına çevrilməyə hazır olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanatında məlumat verib.

"İnaqurasiya mərasimindən sonra biz Papa XIV Leo ilə görüşdük. Dünyada milyonlarla insan üçün Papa sülhün ümid simvoludur. Müqəddəs Taxt-Tacın həm nüfuzu, həm də səsi bu müharibənin sona çatmasında mühüm rol oynaya bilər. Vatikana Ukrayna və Rusiya arasında birbaşa danışıqlar platformasına çevrilməyə hazır olduğuna görə təşəkkür edirəm", - deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Ukrayna real nəticələr naminə istənilən formatda dialoqa hazırdır. "Ukraynaya verdiyiniz dəstəyə və ədalətli, davamlı sülhün müdafiəsində aydın səsinizə görə təşəkkür edirəm", - deyə Ukraynanın dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, mayın 18-də Papa XIV Leo rəsmi olaraq Müqəddəs Taxt-Taca yüksəlib.

Vatikanda keçirilən mərasimə 250 mindən çox insan qatılıb. Mərasimdə 100-dən çox ölkə və beynəlxalq təşkilatın nümayəndələri də iştirak ediblər.