05 may 2025 14:08
121

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ÜST arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş olub.

“İki sahil” xəbər verir ki,  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nazir Anar Əliyev görüşdə ölkəmizdə tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində son illər aparılan islahatlar barədə məlumat verib. Əlilliyin qiymətləndirilməsi sahəsində 2022-ci ilin iyul ayından mütərəqqi dünya təcrübəsi əsasında tətbiq olunan yeni meyarların önəmi qeyd edilib.

Reabilitasiya vasitələri ilə təminat sisteminin gücləndirilməsi sahəsində ÜST ilə əməkdaşlıq şəraitində atılan mühüm addımlar diqqətə çatdırılıb. Bildirilib ki, dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısına son illər yeni əlavə və dəyişikliklər edilib və siyahı yeni bir sıra reabilitasiya vasitələri növləri də daxil edilməklə əhəmiyyətli dərəcədə genişləndirilib.

Ölkəmizdə bərpa-müalicə müəssisələri şəbəkəsinin genişləndirilməsi və infrastrukturunun müasir tələblərə uyğun qurulması sahəsində əldə olunan uğurlardan bəhs edilib. Əlillik və reabilitasiya sahəsində tətbiq olunan rəqəmsal həllərin, əlilliyi olan şəxslərə dair Fərdi Reabilitasiya və Abilitasiya Proqramının tətbiqi üzrə informasiya sisteminin, əlilliyi olan şəxslərin reyestrinin yaradılaraq istifadəyə verildiyi diqqətə çatdırılıb.

Həmin sahələrdə islahatlar prosesində ÜST ilə davamlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Səhiyyə təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri səmərəli əməkdaşlıq əlaqələrinin uğurla davam etməsindən məmnunluğunu ifadə edib.

Görüşdə nazirlik ilə ÜST arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.