01 may 2025 23:41
113

Bakı-Tehran əlaqələri regionda yeni imkanlar açacaq - MÜSAHİBƏ

Azərbaycan Respublikası İran İslam Respublikası ilə hər zaman mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına daim önəm verib. Milli Məclisin deputatı Pərvanə Vəliyeva İki sahil.TV-yə müsahibəsində bildirib ki, tarixən bu prosesə bəzi radikal qüvvələr kölgə salmağa cəhd etsələr də, Azərbaycan heç zaman spekulyasiya və manipulyasiyaların iştirakçısı olmayıb. Diplomatik münasibətlərdə səylərimiz ildən-ilə daha da genişlənib.

- Pərvanə xanım, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkianla Bakıda keçirilən görüşdən sonra mətbuata verdiyi bəyanat, ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Bununla bağlı nə deyərdiniz?

-Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirib ki, bu gün dövlətlərarası münasibətlərimiz möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Prezident İlham Əliyevin Azərbaycan-İran münasibətlərinin strateji səviyyəyə çatdığını vurğulaması, bölgəmizdə yeni bir geosiyasi mərhələnin başlandığını göstərir. Bu strateji tərəfdaşlıq, regionda sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. İlk növbədə Azərbaycan və İran arasında iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi də  regionun inkişafına töhfə verəcək. Bundan əlavə bu əməkdaşlıq,  yeni tərəfdaşlıqların yaranmasına zəmin yaradacaq, bölgədə güc balansının daha ədalətli və sabit bir şəkildə formalaşmasına kömək edəcək.

- Prezidentlərin bəyanatlarından hiss olunur ki, bölgə ölkələrinin daxili işlərinə qarışmamaq əsas prinsip kimi qəbul olunub. Sizcə, bu prinsip regional sabitliyə real zəmanətdirmi?

- Prezident İlham Əliyevin və İran Prezidenti Məsud Pəzeşkianın son bəyanatlarında vurğulanan əsas prinsip-region ölkələrinin daxili işlərinə qarışmamaq-Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bu prinsipin tətbiqi, regional əməkdaşlığın gücləndirilməsi və xarici müdaxilələrin qarşısının alınması baxımından əhəmiyyətlidir. Bu yanaşma, region ölkələrinin öz aralarında dialoq və əməkdaşlıq yolu ilə problemləri həll etməsinin vacibliyini göstərir. Bu prinsiplərin tətbiqi, regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına real zəmanət ola bilər. Əks halda, xarici müdaxilələr və maraqlar regionda sabitliyi poza bilər.

- Azərbaycanın İranla təhlükəsizlik əməkdaşlığını necə qiymətləndirirsiniz? Bu əməkdaşlıq Ermənistanla gərgin fonda hansı balanslaşdırıcı rol oynaya bilər?

- Azərbaycanın İranla təhlükəsizlik sahəsində əməkdaşlığı son illərdə nəzərəçarpacaq dərəcədə güclənmiş və regional sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir. 2024-cü ilin noyabrında keçirilən “Araz-2024” adlı birgə hərbi təlimlərdə Azərbaycan Ordusunun Quru Qoşunlarının xüsusi təyinatlıları və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları iştirak ediblər. Bu təlimlərdə pilotsuz uçuş aparatları(PUA), radio-elektron müharibə və kəşfiyyat əməliyyatları həyata keçirilib, təxmini düşmən mövqeləri dəqiqliklə məhv edilib. Bu əməkdaşlıq, Ermənistanla gərginlik fonunda balanslaşdırıcı rol oynaya bilər. Ermənistanın İranla sərhəddə birgə hərbi təlimlər keçirməsi və İranın Ermənistanla sıx əlaqələri nəzərə alındıqda, Azərbaycan-İran təhlükəsizlik əməkdaşlığı regionda güc balansının qorunmasına və sabitliyin təmin olunmasına xidmət edir. Bununla yanaşı, Azərbaycan və İran arasında hərbi-texniki əməkdaşlıq üzrə birgə komissiyanın fəaliyyəti təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir.

- Şimal-Cənub nəqliyyat dəhlizi görüşün əsas mövzularından biri oldu. Azərbaycanın bu dəhlizdəki rolu və strateji mövqeyi barədə fikrinizi bilmək istərdik. İranla bu əməkdaşlıq hansı iqtisadi dividendlər vəd edir?

- Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın strateji mövqeyini daha da gücləndirən və ölkəmizi Avrasiya məkanında əsas tranzit mərkəzlərindən birinə çevirən mühüm layihədir. Bu dəhliz vasitəsilə Hindistan, İran, Azərbaycan və Rusiya arasında multimodal nəqliyyat əlaqələri qurularaq, Asiya ilə Avropa arasında yükdaşımaların müddəti və xərcləri əhəmiyyətli dərəcədə azaldılır. Azərbaycan bu dəhlizdə əsas rol oynayır. Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri, o cümlədən Bakı Beynəlxalq Ticarət Limanının yükləmə qabiliyyətinin artırılması, Ələt-Astara avtomobil yolunun yenidən qurulması və Astara çayı üzərində yeni körpülərin tikintisi bu istiqamətdə atılan mühüm addımlardır. İranla əməkdaşlıq çərçivəsində, Astara-Rəşt dəmir yolu layihəsinin həyata keçirilməsi dəhlizin effektivliyini daha da artıracaq. Bu layihə, Rusiya və Hindistan arasında yükdaşımaların sürətlənməsinə və Azərbaycanın tranzit gəlirlərinin artmasına səbəb olacaq.

Hesab edirəm ki, bu dəhliz vasitəsilə ölkəmiz, Asiya və Avropa arasında mühüm körpü rolunu oynayacaq..

- Azərbaycanın Tehranla isti münasibətləri fonunda İrəvanın reaksiyası necə ola bilər? İran Ermənistanla da yaxın münasibət saxlayır. Bakı-Tehran yaxınlaşması regionda hansı yeni xəritəni cızır?

- Azərbaycanın İranla münasibətlərinin istiləşməsi fonunda Ermənistanın reaksiyası ehtiyatlı və strateji olacaq. Tehranla Bakı arasında artan əməkdaşlıq, xüsusilə təhlükəsizlik və nəqliyyat sahələrindəki yaxınlaşma İrəvanda narahatlıq doğura bilər. Ermənistan İranla olan mövcud əlaqələrini qorumağa çalışacaq, çünki bu münasibətlər onun iqtisadi və enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.

Bakı ilə Tehran arasında yaxınlaşma, bölgədə yeni geosiyasi reallıqların meydana gəlməsinə zəmin yarada bilər. Bu tərəfdaşlıq Azərbaycanı Şimal-Cənub nəqliyyat dəhlizində əsas strateji mərkəzə çevirərkən, İranın Avrasiya bazarlarına çıxış imkanlarını da genişləndirir. Belə bir dəyişən regional konfiqurasiya isə iştirakçı ölkələrdən daha düşünülmüş və strateji yanaşma tələb edir.

- Prezidentlər qarşılıqlı mədəniyyət günlərinin yenidən keçirilməsi barədə razılığa gəliblər. Belə humanitar təşəbbüslər ölkələr arasında siyasi münasibətlərin inkişafına necə təsir edər?

- Bəli, qarşılıqlı mədəniyyət günlərinin təşkili kimi humanitar təşəbbüslər dövlətlər arasında siyasi inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir. Bu cür tədbirlər xalqlar arasında qarşılıqlı etimadın və anlaşmanın gücləndirilməsinə xidmət edir. Mədəniyyət vasitəsilə insanlar bir-birini daha yaxından tanıyır, tarixi, ənənələri və dəyərləri paylaşırlar ki, bu da siyasi dialoq üçün daha sağlam zəmin yaradır.

Xüsusilə Azərbaycan və İran kimi ortaq dini, tarixi və mədəni bağlara malik ölkələr üçün belə təşəbbüslər, siyasi münasibətlərin möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Bu tədbirlər iki xalq arasında emosional körpü rolunu oynamaqla yanaşı, dövlətlər arasında strateji anlaşmanı da təşviq edir.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”