Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib
Azərbaycanın gələcək inkişafı ilə bağlı bir çox proqramlar və strategiyalar düşünülüb. Belə mühüm proqramlardan biri də modern sənayeləşmədir. Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Artıq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Ötən illərdə görülən işlərə nəzər yetirsək, aydın görmək olar ki, Azərbaycan bu sahədə əhəmiyyətli nailiyyətlər əldə edib. Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib.
Qeyd edək ki, 2011-ci ildə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılmışdır. Balaxanı Sənaye Parkının idarəedici təşkilatı “Təmiz Şəhər” ASC-dir. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır. 2015-ci ildə Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılmışdır. Qaradağ Sənaye Parkının bir rezidenti var, bu da “Bakı Gəmiqayırma Zavodu” MMC-dir. Həmçinin, 2015-ci ildə Mingəçevir Sənaye Parkı yaradılmışdır. Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmış, ümumilikdə 20 min ton iplik istehsalı gücünə malik “Mingəçevir Tekstil” MMC-nin pambıq mahlıcından iplik istehsalı üzrə 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin 27 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. Ölkəmizdə əsasən əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə 30 hektar ərazidə Pirallahı Sənaye Parkı yaradılmışdır. Hazırda Pirallahı Sənaye Parkında 7 müəssisə rezident kimi qeydiyyatdan keçmişdir ki, bunlardan artıq 2-si fəaliyyətə başlamışdır.
İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılmışdır. Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq Sənaye Parkında sosial zonanın təşkili yekunlaşmış və parka ayrılmış 190 hektar ərazi minalardan təmizlənmiş, elektrik enerjisi və su təchizatı sistemi qurulmuşdur. Həmçinin rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılmış, əraziyə asfalt yol çəkilmiş, abadlıq işləri aparılmışdır.
Həmçinin, işğaldan azad edilmiş ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi və əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə 2021-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmışdır. Sənaye Parkı azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri üzrə logistika mərkəzi funksiyasını və Zəngəzur dəhlizi üzrə nəqliyyat potensialından səmərəli istifadə olunması üçün logistik baza rolunu yerinə yetirəcəkdir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da işlər mərhələli şəkildə həyata keçirilir.
Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Prezident İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. Bu gün iki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. İndiyədək Parkın rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.
Tikinti kimyəvilərinin istehsalı zavodu ilə bağlı bildirildi ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb. Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Məhsul istehsalında istifadə edilən əsas xammal ölkədaxili resurslar hesabına təmin olunur. Yeni zavodun fəaliyyətə başlaması məhsul çeşidinin artırılması ilə yanaşı, daha əvvəl istehsal olunmayan məhsulların istehsalını təmin edərək idxalı əvəzləyəcək. Bununla yanaşı, məhsulların Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur. Burada əsasən sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq. Zavodda hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur. Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 6 milyon manat güzəştli kredit verilib. Müəssisə rezidentlərə verilən güzəştlərdən də yararlanıb.
Sevinc Azadi, “İki sahil”