Frank Şvabe deputat deyil, siyasi qeybətcildir
Beynəlxalq təşkilatlarda yuva salmış həyasız siyasi simasızlar vaxtaşırı Azərbaycan barədə uydurmalarla dolu çıxışları ilə Ermənistana yarınırlar. Bu yaltaqlığın səbəblərindən biri İrəvan konyakı və ermənilərdən aldıqları pul və bəxşişlərdir. Yoxsa bunlara nə düşüb ki, bütöv bir ölkə ilə düşmənçilikdən çəkinmirlər? Deməli, böhtançılardan biri olan Şvabe ona görə də Ermənistana “ödənişli vəkil xidməti” göstərir. O, artıq ölkəmiz barədə bir neçə dəfə qərəzli çıxışları ilə yadda qalıb.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan üzvü Frank Şvabe bu günlərdə növbəti dəfə ölkəmiz əleyhinə absurd ittihamlar irəli sürüb. O, “Azadlıq Radiosu”na müsahibəsində Azərbaycanda insan haqları ilə bağlı əsassız fikirlər səsləndirib. O, yenə də dövlət rəhbərliyinə qarşı əsassız ittihamlar irəli sürüb. İddia edib ki, guya Azərbaycan AŞPA-da təmsilçiliyə ciddi əhəmiyyət verir, amma bunun əksini söyləyir. Alman deputat Azərbaycanın öhdəliyinin yerinə yetirilməyəcəyi təqdirdə, nümayəndə heyətinin mandatının bərpasının mümkünsüz olacağını söyləyib.
Şvabe iddia edib ki, guya AŞPA Azərbaycanla münasibətlərdə “açıq qapı” qoymağa çalışıb, amma rəsmi Bakı buna reaksiya verməyib. Almaniyalı deputat 25 dəqiqəlik müsahibə boyu dəfələrlə vurğulayıb ki, guya Azərbaycanı, xalqı sevir. O, Ermənistandan rüşvət almadığını da təkzib etməyə çalışıb. Amma ermənipərəst mövqeyinin qaynağını izah etməyib. Rusiyadan sonra AŞPA-nın başqa ölkələrlə müqayisədə Azərbaycana münasibətdə daha sərt qərar verilə biləcəyini də deyib. Almaniyalı deputat Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını icra etməyəcəyi haqqında bəyanatına siyasi don geyindərməyə çalışıb, hələ də məhkəməyə hakim namizəd vermədiyini deyib. Yaxşı olar ki, bunun səbəbini Azərbaycana qarşı öz vicdansız və ədalətsiz fikirlərində, qərəzli yanaşmalarında və qərarlarında axtaraydı. Ancaq Şvabeyə belə sərf etmir. Onun qarnının ağrısı bu deyil. O, Azərbaycanın otuz il işğal altında qalan ərazilərini azad etməsini, müstəqil siyasət yeritməsini, sürətli inkişafını, dünyada artan nüfuzunu həzm edə bilmir. Haqdan-ədalətdən danışan bu saxta siyasətçi həmin illərdə Ermənistanı işğalçı kimi tənqid edibmi, günahsız insanları vəhşicəsinə soyqırımlara məruz qoyanda, varidatını talayıb aparanda, müqəddəs ziyarətgahları və qəbiristanlıqları darmadağın edəndə ona “dur” deyibmi, üzəvari də olsa etiraz səsini qaldırıbmı? Xeyr, cınqırını da çıxarmayıb. Onda Şvabe kar və kor idimi? Ancaq elə deyil. Bəlkə də arxada əlini terrorçuların kürəyinə çəkərək onların görünməmiş vandallıqlarını xoşhallıqla təqdir edib.
Şvabe müsahibəsində həm də Azərbaycan Milli Məclisində real müxalifət partiyalarının olmadığını iddia edib. Deyib ki, AŞPA Azərbaycan parlamentində real müxalifətin olmasını istəyir. Almaniyalı deputat real müxalifət dedikdə, kimləri nəzərdə tutduğunu açıqlamayıb. Deməli, avrodeputatın əlində heç bir əsas yoxdur, necə deyərlər, “qaranlıqda kösöv bulayır”.
Ancaq bizim Şvabeni sərt tənqid etməyə kifayət qədər sübut və dəlilimiz var. O, ölkəmizin daxili işlərinə qarışır, təşkilatın dövlətimizin qarşısında götürdüyü öhdəlikləri kobudcasına pozur, hətta Azərbaycanı AŞPA-dan çıxarılacağı ilə hədələyir. Adını “beynəlxalq” qoymuş bu qondarma təşkilat, yəni o günə qalıb ki, özünə-sözünə nəzarət edə bilməyən Frank Şvabe onun adından hökm verir?
Əgər AŞPA rəhbərliyi şərəfini qoruyub saxlamaq istəyirsə, o zaman zəhərli ilan kimi qoltuğuna girmiş şovinist Şvabe və onun kimilərin əməllərini təftiş edib sırasından qovmalıdır. Çünki ora siyasi xuliqanların, bölücülərin yeri deyil.
Azərbaycanın AŞPA-dan çıxarılmasını tələb edən Şvabenin hərəkətlərinə qarşı çıxan Böyük Britaniyalı deputat İon Liddel Granger çıxış edərək təşkilatın qərarını pisləmişdi. O, göstərmişdi ki, dövlətləri təmsil edən nümayəndə heyətləri ilə belə davranış yolverilməzdir. İon Liddel-Granger həmkarlarını belə məsələlərdə ehtiyatlı olmağa çağırıb.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob, türkofob qüvvələr ondan daim Azərbaycana qarşı pozucu vasitə kimi istifadə ediblər. Bu təşkilata üzvlük indiyədək Azərbaycana demək olar ki, heç nə verməyib, daim qərəzli, qeyri-obyektiv mövqe görüb. Avropa Parlamenti islamofob və türkofob təfəkkürlü nümayəndələrin düşərgəsinə çevrildiyi ortadadır. Onlar fürsət tapan kimi öz qara əməllərini yeridirlər. Həmin düşərgənin “şeypur çalan”larından biri olan Frank Şvabe türklərə olan qəzəbini və barışmaz düşmənçiliyini gizlədə bilmir, özü də hiss etmədən açıb tökür. AŞPA-nın üzqarası olan almaniyalı deputat orada mövcud olduqca təmsil etdiyi beynəlxalq təşkilatı nüfuzdan salır, bir dəstə avroxuliqanın şər-böhtan yuvasına çevirir. Ancaq hansı oyunlardan çıxsalar da, yel qayadan heç nə aparmayacaq. Sadəcə, xalqlardan maska altında gizlətdikləri eybəcər sifətləri faş olacaq.
Vəli İlyasov, “İki sahil”