30 aprel 2025 21:55
161

Qubada çayın üzərindəki yararsız körpü kənd sakinlərini rayonla təcrid olunmuş vəziyyətə salıb - VİDEO/FOTO

Hətta iş o yerə çatıb ki, xəstə uzaq məsafəni xərəkdə daşınaraq təcili tibbi yardım avtomobilinə çatdırılır.

Quba rayonunun Rustov İnzibati Ərazi Dairəsinin Kardaş yaşayış məntəqəsində illərdir mövcud olan körpü problemi hələ də öz həllini tapmır. Sakinlər çayın üzərindən keçmək üçün kənd sakinləri tərəfindən kustar üsulla hazırlanmış taxta körpüdən istifadə etməyə məcburdurlar. Bu isə çayın digər tərəfindən yaşayış məntəqəsinə keçid həm təhlükəli vəziyyət yaradır, həm də gündəlik həyatlarını çətinləşdirir.

Sakinlər bildirir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, məsələ ilə bağlı heç bir tədbir görülməyib. 
Çayın üzərində sabit körpünün olmaması səbəbindən kəndə yalnız iri yük avtomobilləri ilə Çağacıq çayından keçmək də mümkün deyil.
Son günlərdə çayda suyun səviyyəsinin artması ilə vəziyyət daha da gərginləşib. Artıq, avtomobillərin kəndə girişi tamamilə mümkün deyil. Halı pisləşən sakinə görə, Səhiyyə nazirliyinin 103 qaynar xəttinə zəng olunaraq, müraciət olunub. Çağırışa gələn təcili tibbi yardım avtomobili də kəndə daxil ola bilməyib. Xəstə sakin uzun məsafəni yaxınlarının köməyi ilə xərəklə çayın digər tərəfinə aparılıb. 

Məktəblilərin də qonşu kənd olan Pirvahid kəndindəki məktəbə getməsi mümkün deyil. Artıq onlar 10 gündən çoxdur ki, məktəbə gedə bilmirlər.

Məsələ ilə bağlı Rustov bələdiyyəsinin sədri Aydın Kazımov müsahibəsində "Əraziyə baxış keçirilmiş, həmin ərazidə avtomobil körpüsü qoyulması üçün tərəfimizdən və Fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilmiş. Maliyyə imkanlarımız olduğu təqdirdə həmin əraziyə  körpünün qoyulması nəzərdə tutulmuşdur" - deyə, bildirmişdir. 

Sakinlərə səbr etmək və yenə də səbr etmək qalır! 

Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün.