30 aprel 2025 22:18
108

Əyləncəli verilişlərdə Azərbaycan ailə modeli yanlış təqdim edilir - Rafiq Mahmudov

Televiziya kanallarında xüsusilə özəl yayımlanan əyləncəli verilişlərdə Azərbaycan ailə modelinin yanlış təqdim edilməsi, ailədaxili münasibətlərin, həssas məsələlərin işıqlandırılması, ailə institutunu nüfuzdan salan informasiyaların yayımlanması davranış pozuntularının yaranmasına, şəxsi həyata qanunsuz müdaxilələrin artmasına, hüquq pozuntularının norma kimi təbliğinə, çətin vəziyyətdə olan ailələrin, xüsusilə qadınların, mənfi obrazda təqdim edilməsinə, ailə-qohum münasibətlərində olan tərəflərin qarşı-qarşıya qoyulmasına və ailə dəyərlərinin təhrif olunmasına yol açır, insanların psixo-emosional vəziyyətinə neqativ təsir göstərir. Təəssüflər olsun ki, bir çox özəl kanallar reytinq qazanmaq məqsədi ilə məişət zorakılığı ilə bağlı və digər cinayət hadisələrinə dair məlumatları təfərrüatı ilə yaymaqda da maraqlıdırlar.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudov bildirdi.

Rafiq Mahmudov qeyd etdi ki, halbuki “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 6-cı maddəsinə əsasən media subyektlərindən daxil olmuş müraciətlər də məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün səbəbdir. Media subyektləri isə aşkar etdikləri məişət zorakılığı ilə bağlı faktları aidiyyəti dövlət orqanlarına yönləndirmək əvəzinə bilavasitə efirdə həmin halların araşdırılması ilə məşğul olurlar. Bu cür verilişlərdə mütəmadi olaraq süni şəkildə şoular yaradılır, bir sıra mövzuların müzakirəsi günlərlə davam etdirilir, gərgin şərait yaradılaraq insanların şərəf və ləyaqəti alçaldılır, şəxslərin Konstitusiya ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmır, məişət səviyyəsində söhbətlər aparılır, insanların düşüncəsində milli ailə modeli və onun mövcud vəziyyəti ilə bağlı yalnış stereotip və təsəvvürlər formalaşdırılır. Mediada tez-tez problemli uşaqlarla bağlı fərdi məlumatların yayılması, onların simalarının açıq şəkildə efirdə ictimaiyyətə göstərilməsi, özündən asılı olmayan səbəblərə görə gələcəkdə təhsil aldığı müəssisələrdə qısnamalara məruz qalma ehtimalını artırır və bütün bunların efirdə qeyri-peşəkar aparıcılar tərəfindən həyata keçirilməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun prinsiplərinin pozulmasına gətirib çıxarır.

Qurum nümayəndəsi vurğuladı ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də dəfələrlə bəzi televiziya kanallarında yayımlanan verilişlərin ailələrin və gənclərin, ümumilikdə cəmiyyətin maraqlarına uyğun gəlmədiyi və milli-mənəvi dəyərlərimizə ciddi zərbə vurduğu qeyd edilmiş, bu cür verilişlərin yayımının dayandırılmasının vacib olduğu vurğulanmışdır. Dövlət Komitəsinin sifarişi ilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2400 respondent və 27 ekspert-respondentin iştirakı ilə keçirilmiş sorğunun nəticələrində də yerli televiziya kanallarında nümayiş etdirilən veriliş və proqramların bəzilərinin ailə dəyərlərinə ziyanlı təsiri, nikah, atalıq, analıq kimi sosial institutları nüfuzdan salmaqla cəmiyyətdə təhrif olunmuş təsəvvürlər yarada biləcəyi kimi amillər qeyd edilmişdir. Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən jurnalistlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, bu sahədə nöqsanların aradan qaldırılmasına dəstək olmaq üçün mütəmadi olaraq görüşlər, təlimlər və tədbirlər keçirdir. 

 Rafiq Mahmudov kütləvi informasiya vasitələrinin nümayəndələrinə  tövsiyə etdi ki, ictimai və hüquqi məsuliyyətdən, ailə, uşaq və gender məsələlərinə həssaslıqdan irəli gələrək efir məkanında televiziya verilişləri və yerli istehsal olunan seriallarda təqdim olunan qadın və kişi rolları tərəfindən verilən mesajlara xüsusilə diqqət yetirmək vacibdir: “Keyfiyyətli sosial xarakterli verilişlərin hazırlanması olduqca vacibdir və belə verilişlərə peşəkar sosial işçilər, psixoloqlar və ekspertlər cəlb olunmalıdır. Gələcəkdə sosial verilişlərdə ictimai əhəmiyyət kəsb edən mövzuların düzgün araşdırılması və müzakirəsi, problemlərin ictimailəşdirilməsi, peşəkar mütəxəssislərin iştirakı ilə şou yaratmadan belə verilişlərin yayımlanması cəmiyyət üçün faydalı ola bilər. Medianın fəaliyyəti cəmiyyətin fundamental milli dəyərləri ilə mübarizə ruhunda olmamalıdır. Gender stereotipləri ilə mübarizə ənənələrlə mübarizə deyil, daha humanist cəmiyyət qurmaq, eyni zamanda, müasir həyatın dinamikliyinə uyğun praqmatik yanaşma və həyat strategiyalarına yol açmaq vasitəsi kimi nəzərdən keçirilməlidir”.

            Yaqut Ağaşahqızı, “İki sahil”