01 may 2025 00:58
109

Pezeşkianın Bakı səfəri hansı məqamlarla yadda qaldı?

İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyub

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri mühüm geosiyasi məqamları ilə yadda qaldı. Xüsusi qeyd edilməlidir ki, bu,  İkinci Qarabağ müharibəsindən sonra İranın ali rəhbərliyinin Azərbaycana ilk səfəri idi. Səfər beynəlxalq aləmdə də maraqla izlənilirdi. Eyni zamanda, Məsud Pezeşkianın səfər çərçivəsində ölkəmizə bəslədiyi  səmimi duyğuların sərgilənməsi  və hətta rəsmi görüşlərdə  Azərbaycan dilində şerlər səsləndirməsi bir daha göstərirdi ki, qonşu və dost İran bizimlə yeni və daha isti münasibətlər qurmaq mərhələsindədir.

Xatırladaq ki, həm İkinci Qarabağ müharibəsində, həm də postmüharibə dövründə İranın keçmiş rəhbərliyi ermənipərəst mövqe sərgiləyir, hətta onları  silahla, yanacaq və ərzaqla təmin edirdi. Xüsusilə Hindistandan, Rusiyadan, Fransadan və digər ölkələrdən Ermənistana daşınan silahlar zamanı İran plastdarm rolunu oynayırdı. Bütün bunların əksinə olaraq İran Prezidenti Bakı səfərində mövqeyini açıq şəkildə ortaya qoyaraq Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığa üstünlük verdiyini bildirdi. Hətta səfər zamanı Azərbaycan və İran prezidentlərinin bir-birinə «əziz qardaşım» deyə müraciət etməsi iki ölkə lideri arasında qarşılıqlı hörmət və inam mühitinin formalaşdığını təsdiq edir. Təbii ki, bu, yalnız  diplomatik  jest deyildi, həm də  ötən illərdə iki ölkə arasında baş verən münaqişələrə, etimadsızlığa son qoymaq işarəsi idi.

Ümumiyyətlə, İran-Azərbaycan münasibətlərinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulması və Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi və iqtisadi reallıqlar nəzərə alınaraq uğurla davam etdirilməsi bu gün yaranan yaxın əməkdaşlıq şəraitinin əsaslarını təşkil edir. Qonşuluq, ortaq tarix və mədəniyyət, dəyərlər, hətta qohumluq və qardaşlıq amili bu münasibətləri daha da dərinləşdirir. Lakin bir çox hallarda iki ölkə arasındakı bu əməkdaşlığın inkişafına həm İran daxilindəki bəzi qüvvələrin, həm də onları dəstəkləyən  müəyyən xarici dairələrin müdaxilə cəhdləri var idi. Bütün bunlara rəğmən Azərbaycanın davamlı mövqeyi qonşu İranla dost münasibətlərini qoruyub saxlamaq olub.

Məlumdur ki, İranla sərhəd xətti də bölgənin təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir. Bu ölkənin 12 ölkə ilə quru sərhədləri arasında ən etibarlısı Azərbaycanın sərhədi hesab olunur.  Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında işğaldan azad edilmiş Xudafərini ziyarət edərkən körpünü «Dostluq körpüsü» adlandırması bu münasibətlərin rəmzi təsdiqi idi.

Ümumiyyətlə ötən illərdə ölkəmizin İrana qarşı yaxın qonşuluq və dostluq  münasibəti özünü təkcə sözdə deyil, həm də real işdə göstərib. Belə ki, bəzi böyük dövlətlərin İranla hərbi- siyasi qarşıdurması zamanı Azərbaycan bu ölkənin tərəfində olub. Xüsusilə Azərbaycandan İrana qarşı hərbi poliqon kimi istifadə etmək istəyən fövqəlgüclərə rəsmi Bakı rədd çavabı verib. Bu, Azərbaycanın güclü və şərtləri qəbul etməyən, eyni zamanda, qonşuluqda etibarlı ölkə olduğunungöstəricisidir.

Bundan başqa, ötən illərdə Azərbaycanın təşəbbüsü ilə formalaşan 3+3 əməkdaşlıq formatı (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) İranın regional inteqrasiyada fəal iştirakını da stimullaşdırır. Eyni zamanda, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatları da davam etdirilir. Bu təşəbbüslərin əsas müəllifi Azərbaycan Prezidenti  İlham Əliyev olub. 2016-cı ildə Bakıda və 2017-ci ildə Tehranda keçirilmiş Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşləri bu istiqamətdə ciddi addımlar hesab olunur.

Digər mühüm məqam ölkəmizin Avrasiya məkanında artan tranzit rolu imkanlarından İranın da səmərəli istifadəsidir. Belə ki,  Şimal-Cənub nəqliyyat  dəhlizi, Bakı-Qusar istiqamətində infrastruktur layihələri və xüsusilə Kəlalə-Ağbənd marşrutu bu baxımdan strateji əhəmiyyət daşıyır. Bu yol Araz çayı üzərindən keçərək «Araz dəhlizi» anlayışını gündəmə gətirib. Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutu Fars körfəzi ilə Qara dənizi birləşdirən alternativ yol kimi çıxış edir. Nəqliyyatla yanaşı, dəmiryolu infrastrukturunda da əməkdaşlıq genişlənməkdədir. Rəşt-Astara dəmiryolunun inşası ölkəmizin bu istiqamətdə yenilənməsi region ölkələri arasında iqtisadi və logistik bağlılığı gücləndirir.

Bu gün iki ölkə arasında energetika sahəsində əməkdaşlıq da ön plandadır. Azərbaycanın artan enerji potensialı, xüsusilə bərpaolunan enerji imkanları bu ölkəni enerji ixracatçısı kimi daha da gücləndirir. İran, Azərbaycan və Rusiya arasında enerji mübadiləsi üzrə regional enerji bazarının yaradılması bu istiqamətdə mühüm addım ola bilər. Həmçinin ticarət dövriyyəsi baxımından da İranla iqtisadi münasibətlərin potensialı hələ tam istifadə olunmayıb. Ölkəmizin Rusiya və Türkiyə ilə artan ticarət dövriyyəsi fonunda İranla dövriyyə həcmi hələ də yüksək hesab edilə bilməz. Ona görə də qarşıdakı illərdə bu istiqamətdə ciddi artımlar gözlənilir.

Bununla bərabər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da iki ölkə arasındakı münasibətlərin mühüm sütunlarından biridir. İslam Əməkdaşlıq Təşkilatında,  Şanxay Əməkdaşlıq Təşkilatında, D-8, AQEM və ECO kimi platformalarda Azərbaycan və İran arasında koordinasiya və əməkdaşlıq davam edir. Bu beynəlxalq təşkilatlarda hər iki ölkə bir-birinə beynəlxalq dəstəyini əsirgəmir.

Prezident Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bu günü və gələcəyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bütün bu önəmli məqamları  nəzərə alaraq, aprelin 28-də mətbuata verdiyi bəyanatda  səfərlə bağlı gözləntisini bəyan etdi: «Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq».  

İki ölkə rəhbərlərinin imzaladıqları Birgə Bəyanat dövlətlərarası münasibətlərin inkişafı ilə bağlı hər iki tərəfdə ali siyasi iradənin mövcud olduğunu bir daha göstərdi. Xüsusilə, hər iki ölkənin xarici işlər nazirlikləri arasında imzalanan 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı, habelə nəqliyyat sahəsində hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı Anlaşma Memorandumu siyasi və logistik əlaqələrin dərinləşdirilməsinə hesablanıb.

Ölkəmizin başçısının mətbuata bəyanatında səsləndirdiyi  «Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək» fikirləri bir daha göstərdi ki, iki ölkə arasında görülə biləcək işlərin əhatə dairəsi kifayət qədər genişdir və hər iki tərəf mövcud boşluqları aradan qaldırmaq üçün ən ali səviyyədə xoş niyyət göstərməyə hazırdırlar.

İran Prezidenti Bakıda xalqlarımız və ikitərəfli münasibətlərimiz üçün olduqca önəmli olan Qarabağ mövzusuna da səmimiyyət və həssaslıqla yanaşdı: « Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq». Olduqca dəyərli olan bu bəyanatdan sonra Prezident İlham Əliyev Azərbaycan-İran biznes-forumunda səsləndirdiyi çağırışla bir daha diqqətlərə çatdırdı ki, qarşılıqlı səmimiyyətin, etimad və siyasi iradənin göstəriləcəyi təqdirdə, gələcək əlaqələr ölkələrimizlə yanaşı, regionun və bütövlükdə dünyanın təhlükəsizliyi, qlobal əməkdaşlıq üçün olduqca faydalı ola blər: «Biz kəndləri, şəhərləri demək olar ki, sıfırdan qururuq. Çünki işğal dövründə Ermənistan bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Ona görə orada böyük iş imkanları yaradılır və istərdim ki, İrandan, bizim dost, qardaş ölkədən olan biznesmenlər bu istiqamətdə də işləsinlər... Eyni zamanda, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir». 

Xalqımızda İran Prezidentinin səfərinə böyük marağın olması həm də onunla bağlı idi ki, O, həm də bizim İrandakı on milyonlarla soydaşımızdan biridir. Eyni zamanda, soydaşımızın İran kimi böyük və qonşu bir dövlətə rəhbərlik etməsi insanda qürur hissi yaradır. Azərbaycan dilini öz doğma dili hesab edən və hətta bəzi hallarda rəsmi tədbirlərdə  bu dildən kifayət qədər geniş  istifadə etməsi bir daha göstərir ki, İranın siyasi hakimiyyətində orada yaşayan soydaşlarımıza, o cümlədən Azərbaycan dövlətinə isti münasibət bərqərar olub.  

Ümumiyyətlə, son günlər Azərbaycanın geosiyasi həyatındakı  coşğunluq bir daha göstərir ki, ölkəmizə olan beynəlxalq etimad davamlıdır. Xüsusilə Prezident İlham Əliyevin tarixi Çin səfəri və ardınca İran Prezidentinin Bakı səfəri Azərbaycana siyasi və iqtisadi dividendlər gətirəcək önəmli hadisələrdir.

Elçin Zaman, «İki sahil»