01 may 2025 00:27
106

Ermənistan Minsk qrupunun ləğv edilməsini niyə istəmir?

Ermənistanla Azərbaycan arasında münaqişə başa çatıb. Təəssüf ki, ATƏT-in Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı. Hayların əlində alətə çevrilən Minsk qrupu Ermənistan silahlı qüvvələri hər dəfə cəbhəboyu ərazilərdə təxribatlar törədəndə, dinc əhalini qətlə yetirəndə faydasız səfərlərlə, mənasız söz yığınından ibarət bəyanatlar verməklə öz işini bitmiş saydı. ATƏT-in bu fəaliyyətsizliyindən yararlanan Ermənistan işğalçılıq siyasətini davam etdirdi. 

Hətta bu qrup münaqişənin uzanmasında maraqlı tərəf kimi çıxış etməklə yanaşı, onun hərbi həllinin mümkünsüzlüyünü bildirirdi. Bu səbəbdən Azərbaycan beynəlxalq normalar çərçivəsində ərazi bütövlüyünü və suverenliyini hərbi, siyasi yollarla özü həll etdi. Erməni vəhşilərini zəbt etdikləri ərazilərimizdən təmizlədi, işğalçı Ermənistanın kapitulyasiyasını özündə əks etdirən  Bəyanatın  imzalanmasına nail oldu. Bununla da Minsk qrupunun bütün bu illər ərzində tamamilə lazımsız bir qurum olduğunu sübut etdi. Halbuki, Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuş Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Siyasətçilərin fikrincə, elə bu kimi səbəblərdən ATƏT-in Minsk qrupu ən uğursuz diplomatik strukturlardan biri  kimi tarixə düşüb.

Artıq xeyli vaxtdır ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni də razılaşdırılıb. Amma Cənubi Qafqazda sülh və sabitlik üçün Ermənistan konstitusiyasında dəyişilməsi vacib olan maddələr var. Bu məsələdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini də vurğulamaq lazımdır. Məlum olduğu kimi, rəsmi Bakının İrəvanla bütün bəndləri razılaşdırılmış sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərtdən biri budur. Azərbaycanın mövqeyi Qarabağ münaqişəsinin, ümumən işğalçılığa səbəb olmuş ərazi iddiası məntiqinin tamamilə gündəmdən düşməsinə hesablanıb. Amma təcavüzkar ölkə hələ də bu qurumdan möhkəm yapışmaqda davam edir. Yapışmasaydı, yəqin ki, Ermənistan Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birgə ATƏT-ə müraciət edərdi. Bununla da məsələyə birdəfəlik nöqtə qoyardı. Azərbaycan  dəfələrlə danışıqlarda bu məsələni qaldırsa da, hələ də müsbət nəticə əldə olunmayıb. Doğrudur, Paşinyan çıxışlarının birində belə bir qrupun fəaliyyətinə ehtiyac olmadığını bildirmişdi. Amma o bu istiqamətdə konkret adddımlar atmadı.

Ermənistan və onun havadarları, xüsusilə Fransa Minsk qrupunu canlandırmaqda, onun fəaliyyətini davam etdirməsində təkid edirlər. Şühbəsiz, bu, qeyri-mümkündür. Çünki o qrup ölüdür, cansızdır. Daha doğrusu, Rusiya, ABŞ və Fransanın həmsədr olduqları bu qrup artıq tarixin zibilliyindədir. Buna baxmayaraq, Minsk qrupu hələ də rəsmi şəkildə ləğv olunmayıb.

Ermənistan  Minsk qrupunun saxlanmasında niyə maraqlıdır? Şübhəsiz, təcavüzkar ölkə bu qurumun formal olaraq qalması ilə münaqişənin hələ tam həll olunmadığını göstərmək niyyətindədir. Ermənistan rəsmilərinin fikrincə, ATƏT-in Minsk qrupunun ləğvi Qarabağ ermənilərinin geri qayıdışı üçün platforma rolunu oynaya bilər. Digər tərəfdən Ermənistan Minsk qrupuna sülh prosesinə təzyiq mexanizmi kimi baxır. Belə olmasaydı Ermənistanın baş naziri Nikol Paşinyan "Minsk qrupunun buraxılması üçün birgə müraciət mətni sülh müqaviləsi ilə eyni vaxtda imzalana bilər" ifadəsini işlətməzdi. Ermənistan bu formatı saxlamaqla “bacı”sı Fransanın Cənubi Qafqaz bölgəsində marağını qorumağa xidmət edir. Bu mənada demək olar ki,  Minsk qrupunun ləğvi təkcə Ermənistanlıq deyil, bu həm də Fransa ilə birbaşa əlaqədardır. Şübhəsiz, bütün bunlar Ermənistanın revanşist niyyətindən, yəni gələcəkdə Azərbaycana qarşı beynəlxalq təzyiq vasitəsi kimi nəzərdə tutulmasından xəbər verir.  Halbuki bu qurumun ləğvi Cənubi Qafqazda əmin-amanlığın bərpasında yeni bir səhifə aça bilər. Nə yazıq ki, Ermənistan hələ də anlamır ki, Minsk qrupunun ləğvi Azərbaycandan daha çox onun özünə lazımdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”