30 aprel 2025 23:01
207

Azərbaycan-Çin əlaqələri strateji maraqlar əsasında yeni inkişaf mərhələsinə daxil olub

Prezident cənab İlham Əliyevin 25 aprel tarixində CGTN telekanalına verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin dərin, etibarlı və strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Dövlət başçımız Çin Xalq Respublikasının Sədri Si Cinpinlə olan yaxın və səmimi münasibətlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğuladı. 2023-cü ilin iyulunda Astanada imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin və Pekin səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. İmzalanan sənədlər münasibətlərin gələcək inkişafını təmin edəcək güclü hüquqi və siyasi baza yaradır. Azərbaycan və Çin bir-birinin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. Azərbaycan “Vahid Çin” prinsipinə sadiqdir və Tayvanda keçirilən qeyri-qanuni seçkilərə qarşı ilk mövqe bildirən ölkələrdən biri olmuşdur. Hər iki ölkə beynəlxalq münasibətlərdə sabitlik və ədalətin qorunmasını əsas prioritet hesab edir. Çin lideri Si Cinpinin beynəlxalq məsələlərdə sərgilədiyi prinsipial mövqe və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vaxtilə yaratdığı möhkəm təməl bu münasibətlərin bu günkü səviyyəyə çatmasına zəmin yaradıb. Azərbaycan "1 Kəmər və 1 Yol" təşəbbüsünə ilk qoşulan ölkələrdən biri olaraq Çini dəstəkləyir. Azərbaycanın geostrateji mövqeyi bu layihə çərçivəsində regionlararası nəqliyyat dəhlizlərinin formalaşmasına töhfə verir. Şərq-Qərb və Şimal-Cənub marşrutlarında ölkəmiz vacib logistik mərkəzə çevrilir. Səfər zamanı imzalanan əməkdaşlıq planı “Bir kəmər, bir yol” təşəbbüsünün gələcək inkişaf xəritəsini müəyyənləşdirir. Eyni zamanda, Azərbaycanın Xəzər dənizi üzərindən yükləri Qara dənizə çatdırmaqla nəqliyyat müddətini 10-12 günə endirməsi regional ticarətin səmərəliliyini artırır.

Azərbaycan və Çin iqtisadi inkişafda oxşar yanaşmalara malikdirlər. İqtisadiyyatını şaxələndirən, borc yükü az olan və güclü maliyyə ehtiyatları toplayan Azərbaycan, Çinlə iqtisadi-ticarət və investisiya sahələrində əlaqələri daha da genişləndirir. Rəqəmsal iqtisadiyyat və maneəsiz ticarət üzrə imzalanan sənədlər əməkdaşlığın yeni mərhələsinə keçidini təmin edir. Eyni zamanda, yaşıl enerji sahəsində Çin şirkətləri Azərbaycanda yeni investisiya imkanları əldə edir. Bu sahədə imzalanmış memorandumlar 2030-cu ilə qədər 6500 meqavat gücündə enerji istehsalını hədəfləyir. Vizadan azad rejimə dair saziş turizmin inkişafına şərait yaradır və Çinli turistlərin Azərbaycana axınını stimullaşdırır. Bakı ilə Pekin arasında birbaşa hava əlaqələri bu prosesi daha da asanlaşdıracaq. Süni intellekt, kosmik texnologiyalar və təhsil sahəsində də əməkdaşlıq genişlənir. Çin-Azərbaycan Universitetinin yaradılması və imzalanan texnoloji anlaşmalar bu sahədə yeni imkanlar açır. Azərbaycan çoxtərəfli əməkdaşlıq modelini dəstəkləyir Çinlə eyni mövqedən çıxış edir. Azərbaycan bu platformalarda ədalətli, bərabər hüquqlu və inklüziv beynəlxalq münasibətlərin qurulmasına töhfə verir.

Prezident cənab İlham Əliyevin CGTN-ə müsahibəsi göstərdi ki, Azərbaycan-Çin əlaqələri dostluq, qarşılıqlı hörmət və strateji maraqlar əsasında yeni inkişaf mərhələsinə daxil olub.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri