30 aprel 2025 22:37
107

Media subyektləri ailə münasibətləri ilə bağlı kontent yayımlayarkən bu tələbləri mütləq nəzərə almalıdır - Fazil Novruzov

Audiovizual Şuranın televiziya kanallarında yayımlanan kontentlə bağlı müdaxiləsi yalnız qanunvericilik tələblərinin pozulması halları ilə bağlı ola bilər. Qanunvericilikdə ailə problemlərinin işıqlandırılması ilə bağlı hər hansısa bir məhdudiyyət nəzərdə tutulmamışdır. Lakin televiziya proqramlarının məzmununda zorakılıq, qəddarlıq və cinayətin təbliği halları olduğu təqdirdə “Media  haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarından irəli gələn bəndlər çərçivəsində Şura tərəfindən pozuntunu törətmiş subyektə xəbərdarlıq, inzibati sanskiya və yayımın dayandırlması cəzaları tətbiq edilə bilər.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bildirdi.

Onun sözlərinə görə media subyektləri ailə münasibətləri ilə bağlı kontent yayımlayarkən “Media haqqında” Qanunun 14-cü maddəsinin (mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair  tələblər) və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna əsasən uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılmış və qadağan edilmiş informasiyalarla bağlı tələbləri mütləq şəkildə nəzərə alınmalıdır. Həmçinin bildiririk ki, pozuntu hallarının qarşısının alınması, aradan qaldırılması istiqamətində Şura media qurumlarının əməkdaşları üçün maarifləndirmə işləri aparır, dəyirmi masalar təşkil edir və mütəmadi tövsiyələr verir. 

            Yaqut Ağaşahqızı, “İki sahil”