Xidmət rəsmisi: Azərbaycanda yeni milli parkların yaradılması istiqamətində işlər aparılır

11 yanvar 2025 14:14
80

Azərbaycanda yeni milli parkların yaradılması istiqamətində işlər aparılır.

“İki sahil” xəbər verir ki, bunu “Report”a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev deyib.

Onun sözlərinə görə, son illərdə ölkə ərazisində xüsusi mühafizə olunan ərazilərin sahəsinin genişləndirilməsi və yenilərinin yaradılması istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Hazırda Azərbaycan ərazisində 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 təbiət yasaqlığı fəaliyyət göstərir ki, onların da ümumi sahəsi 893 min hektar olmaqla ölkə ərazisinin 10,3%-ni təşkil edir. Xüsusi mühafizə olunan ərazilər şəbəkəsi 2001-ci ilə qədər 478 min hektar təşkil edirdisə, hazırda bu rəqəm 2 dəfəyədək artırılıb:

"Əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən Bozdağ-Acınohur Milli Parkının, həmçinin İlisu Dövlət Təbiət Qoruğunun bazasında İlisu Milli Parkının yaradılması üzrə işlər davam edir. Milli parklarda infrastruktur layihələrinin həyata keçirilməsi, eyni zamanda, yeni turizm marşrutlarının yaradılması və milli park heyətinin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər davam edir".

R.Allahverdiyev deyib ki, milli parklar xüsusi mühafizə olunan təbiət əraziləri olaraq təbii arealın və ekosistemlərin mühafizəsi istiqamətində ixtisaslaşıb. Bəzi milli parklarda müəyyən reintroduksiya layihələrinin aparılması istiqamətində işlər aparılır:

"2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi həyata keçirilir. Layihə çərçivəsində bu günədək Şirvan Milli Parkından tutulmuş ümumilikdə 396 baş ceyranın respublikanın müxtəlif ərazilərinə (Ağgöl və Abşeron Milli Parkları, Korçay Dövlət Təbiət Qoruğu, Qax Dövlət Təbiət Yasaqlığı, Şamaxı yolu (Pirəkəşkül), Cəbrayıl və Samux rayonuna), eləcə də Gürcüstan Respublikasının Vaşlovani Milli Parkına reintroduksiyası həyata keçirilib".

O əlavə edib ki, 2012-ci ilin sonlarından etibarən zubrların (Bison bonasus) Azərbaycanın vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində intensiv işlər aparılır:

"Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, orada onların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. Reintroduksiya layihəsi çərçivəsində 2019-2023-cü illər ərzində ölkəmizə Fransa, Belçika və Almaniya zooparklarından 46 baş Avropa bizonu gətirilib və sayında artım müşahidə olunaraq 68 başa çatıb".

Xidmət rəsmisi əlavə edib ki, milli parklara yerli və xarici turistlərin marağı çox yüksəkdir:

"Milli parklarımızda hazırda 120 turizm marşrutu fəaliyyət göstərir. 2024-cü il ərzində milli parklara 224 min turist səfər edib. Bunların, əlbəttə ki, böyük əksəriyyəti yerli, bir qismi isə xarici turistlərdir. COP29 tədbirləri çərçivəsində milli parklarımıza xarici qonaqların səfərlərinin artmasını xüsusi qeyd etmək istərdim. Xüsusi mühafizə olunan təbiət əraziləri iqlim dəyişmələri ilə mübarizədə əsas adaptiv tədbirlərdən hesab olunur".

Xatırladaq ki, 11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. 1997-ci ildən isə bu tarix Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə hər il Ümumdünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur.